İvanişvili hesab edir ki, ailəsinin telekanalı olmamalıdır
Baş nazir Bidzina İvanişvilinin həyat yoldaşına məxsus “9-cu kanal” bağlanıb. İvanişvili bildirib ki, o, sözügedən televiziya şirkətinin fəaliyyət göstərməsini daha istəmir. Baş nazir qeyd edib ki, qarşıdan gələn prezident seçkilərinin daha korrekt keçməsini istəyir.
İvanişvili onu da bildirib ki, o, kanalın yürütdüyü siyasətə qarışmayıb. Bununla yanaşı o hesab edir ki, ailəsinin telekanalı olmamalıdır.
Baş nazir qeyd edib ki, “9-cu kanal”ı çoxdan bazar qiymətindən aşağı satmaq istəsə də, alıcı olmayıb. O bildirib ki, jurnalistlər öz yerlərində qalsalar, sentyabrın 1-dək hər bir şəxs teleşirkəti bütün texniki avadanlığı və binası ilə birlikdə dəyərindən 3 dəfə ucuz ala bilər. Əks halda sentyabrın 1-dən televiziya kanalı və “İnfo 9” informasiya agentliyi bağlanacaq.
İvanişvili kanalın bütün əməkdaşlarına “Gürcü arzusu” koalisiyasına oktyabrın 1-də keçirilən parlament seçkilərində qələbə qazanmaq üçün kömək etdiklərinə görə təşəkkür edib. Baş nazir qeyd edib ki, o, bütün əməkdaşlara 2 aylıq maaşı ödəyəcək.