İstəyirik Avropaya girək,
Görədil
«- Gəlin, çalışaq, biz də avropalılar kimi yaşayaq: əyyaşlığın daşını ataq, oğurluqdan əl çəkək, rüşvət verməyək, bir-birimizin ayağından çəkməyək…
— Eləyək e, amma onda milli özünəməxsusluğumuzu itirmərikmi?»
(rus lətifəsi)
Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu bildirir ki, Azərbaycan ərazisinin on altıda bir hissəsi Avropanın hüdudlarına düşür. Abşeronda qitələrin sərhəddi Fatmayi ilə Mehdiabadın arasından keçir və Şüvəlanın çox hissəsi Avropaya daxil olur. «Köhnə qitə» təxminən Zirədə tamamlanır. Bakının mərkəzi isə Asiyada qalır.
Elçin Şıxlını səmimi qəlbdən təbrik eləyirəm: Şüvəlanda yaşayır. Elə özümü də. On ildən çoxdur ki, xəbərim olmadan Avropaya, Fatmayıdan da o tərəfə köçmüşəm. Srağagün Coğrafiya İnstitutunun açıqlamasını oxuyandan sonra bu on ildə ilk dəfə idi Mehdiabadı ötüb Fatmayıya daxil olanda böyük qürur hissi keçirirdim. Amma çox çəkmədi. Yağışdan sonra su basmış asfaltda çalaları saya-saya, yolboyu zibilxanaların üfunətini ciyərlərimə çəkə-çəkə işığı sönmüş evimə çatandan sonra (tərs kimi, qonşu da yenə peyin çevirirdi) başa düşdüm ki, Elmlər Akademiyası mənə yanlış məlumat verib. Abşeronda Avropa elə bir Bakının mərkəzidir, bir də aeroport yolu.
Bizim avropalı, ya asiyalı olmağımız çoxdanın mübahisə mövzusudur. Yataq yerini İnternetdə salmış orta məktəb şagirdlərindən prezidentlərə qədər bu mübahisədə elliklə iştirak edirik, coğrafi koordinatlarla, milli-mənəvi keyfiyyətlərimiz arasında uzlaşma yaratmağa çalışırıq. Əbülfəz Əliyev deyirdi ki, «üzümüz Avropayadır». Heydər Əliyev bəyan edirdi ki, «Biz istəyirik Azərbaycan Avropanın tərkibində olsun». İlham Əliyevinsə neçə dəfə öz dilindən çıxıb ki, o da məhz atası istəyəni istəyir.
«Əli və Nino»dan bəri bütün bu mübahisə və mülahizələrin kökündə bir düşüncə dayanır: avropalı olmaq — tərəqqipərvər və demokratik, asiyalı olmaq — geridəqalmış və zorakı olmaq deməkdir. Heç kim fikirləşməsin ki, bunu bizlərin beyninə fransız ideoloqları, ya alman filosofları yeridiblər, ingilis kəşfiyyatından da şübhələnməyə dəyməz. Ətrafımıza baxıb gördüklərimiz və gördüklərimizdən çıxardığımız nəticə budur.
Biz bilirik ki, coğrafi mənada asiyalıyıq (Elmlər Akademiyasına hörmət əlaməti olaraq Fatmayıdan dəniz tərəfi çıxıram), inkişafda Avropadan geri qalmışıq, mənəvi keyfiyyətimizə görə zədəliyik: oğurluğa, zülmə, qorxaqlığa, haqsızlığa, yaltaqlığa, rüşvətə, saxtakarlığa adi şey kimi baxırıq, hələ bu naqisliklərimizi gəlir mənbəyinə çevirməyi də bacarırıq. Onu da bilirik ki, avropalılar hökm və hörmət-izzət sahibidirlər, bu mərtəbəyə tamam başqa dəyərlərə üstünlük verməklə gəlib çatıblar. İndi çalışırıq ki, coğrafi mənada adımızı dəyişsinlər, hökmümüzü qəbul etsinlər, bizə də hörmət-izzətnən yanaşsınlar, amma düşüncə tərzimizə və mənəvi keyfiyyətlərimizə toxunmasınlar.
Yəni, istəyirik Avropaya girək, amma Asiyadan da getməyək. Azərbaycanın öz təcrübəsi, öz demokratiya yolu var deyənlər məhz, bunu nəzərdə tuturlar. Nə qədər ki, neftimiz fontan vurur, qərblilər bizim bu haça-paça vəziyyətimizə dözümlə yanaşacaqlar, bəlkə də, bundan məmnundular.
Bizsə, cəhd göstərsək, Mehdiabaddan bu tərəfi də birdəfəlik Avropaya qata bilərik. Amma bunun üçün coğrafi koordinatları deyil, düşüncə və həyat tərzimizi təftiş etməliyik.
[email protected]