İstəyirik AB ilə xüsusi münasibətlərimiz olsun
Azərbaycanın AB-nin Şərq Tərəfdaşlığı sammitində iştirakı haqqında qərar ən yüksək səviyyədə qəbul olunacaq. Bu barədə jurnalistlərə bazar ertəsi xarici işlər nazirinin müavini Araz Əzimov Azərbaycanın noyabrın sonlarında Vilnüsdə Şərq Tərəfdaşlığı sammitində iştirak edib-etməyəcəyi haqqında suala cavabda bildirib. Onun sözlərindən belə anlaşılır ki, Azərbaycan çoxtərəfli tərəfdaşlıqdan daha çox AB ilə fərdi münasibətləri üstün tutur.
“Hesab edirik ki, bizim Avropa Birliyi ilə münasibətlərimiz hansısa ümumi regional yanaşmaya əsaslanmamalıdır, belə ki, Şərq Tərəfdaşlığı qeyri-formal coğrafi, siyasi və iqtisadi çərçivələrə malikdir. Bizim sadəcə olaraq dağılmış SSRİ ərazisində əmələ gəlmiş dövlətlər sırasına aid edilməyimiz o qədər də doğru deyildi.
Bu qrupda müxtəlif start mövqeləri, müxtəlif səyləri, imkanları və resursları olan ölkələr var. Buna görə bizi hansısa ümumi çərçivələrə daxil etmək o qədər də doğru deyildi”, deyə Əzimov bildirib.
Onun sözlərinə görə, rəsmi Bakı AB-dən “xüsusi” münasibət gözləyirdi.
Belə bir münasibətə nümunə kimi Əzimov enerji sahəsində strateji əməkdaşlıq memorandumunu göstərib.
Onun sözlərinə görə, bu təcrübəni “daha geniş sahələrə, o cümlədən iqtisadiyyata, tranzitə, nəqliyyat sahəsində əməkdaşlığa və mədəniyyət-informasiya məkanına” yaymaq olardı.
Azərbaycan 20 illik müstəqillik dövrü ərzində düşünülməmiş addımlar atmayıb və siyasi dəbə uyğunluq naminə hərəkət etməyib.
“Biz həmişə bu və ya digər addım nəticəsində əldə edəcəyimiz konkret səmərəyə əsaslanmışıq”, deyə Əzimov vurğulayıb.
Qeyd edək ki, bir çox vətəndaş cəmiyyəti fəalları hesab edirlər ki, Bakı AB ilə müstəsna olaraq energetika və təhlükəsizlik məsələləri üzrə münasibət quraraq, demokratiya və insan hüquqları məsələlərini istisna etmək istəyir (Turan).

