Muəllif:

«İstanbulun Sebilciyan hava limanına xoş gəldiniz»

İstanbul
Tarixin və tarixdəki qəhrəmanların üstünə düşüblər. Görkəmli şəxsiyyətləri xalqın milli sərvəti sayılan insanlar bir qrup qaragüruhçu tərəfindən gözdən salınaraq qaralanmaqdadırlar. Ölkənin keçmişini şübhə altına alacaqlar utanmasalar. Osmanlı və Cumhuriyyət tarixini sorğu-sualsız qəbul etmənin tərəfdarı deyiləm. Amma bəzən elə rəvayətlər, elə uydurmalar eşidirsən ki, yerində donub qalırsan.
«Hezarfen Ahmed Çelebi Qalata qülləsindən uçmayıb və belə bir alim də olmayıb. Ulubatlı Hasan deyə tarixdə bir qəhrəman yoxdur. Fatih Sultan Mehmet xristianlığı qəbul eləmişdi və buna görə də İstanbulu fəthi zamanı xristian əhalini qılıncdan keçirməyib və s.» — bunlar yüzlərlə yalan-palanın, uydurmanın ancaq cüzi hissəsidirlər…
Ayşe Hüradlı bir yazar məqaləsində Sabiha Gökçenin əslində Hatun Sebilciyan adlı bir erməni qızı olduğunu yazıb. Sabiha Gökçen (1913-2001) türk rəsmi mənbələrinə görə, dünyanın ilk qadın savaş pilotu (bunun üzərində aşağıda ayrıca duracağam), Türkiyənin ilk qadın pilotudur. O, Böyük Atatürkün 8 mənəvi qızından biri, Cümhüriyyətin simvoludur. Ata-anasını kiçik yaşında itirən Sabiha 12 yaşında ikən Atatürk tərəfindən Bursadakı uşaq evindən Ankaraya gətirilir. Orta təhsili İstanbuldakı amerikan kollejlərində aldıqdan sonra Mülki Aviasiya məktəbini bitirir və ölkənin ilk qadın pilotu olur.
1937-ci ildə Dersimdəki (əsasən alevi kürdlərin yaşadığı indiki Tunceli) kürd üsyanını yatırmaq üçün dövlət bölgəyə ordu birləşmələri göndərir. Sabiha Gökçen də bir motorlu təyyarəsi ilə türk əsgərinə havadan dəstək verir. Onun üsyançıların üzərinə kimyəvi bomba atdığı haqda müxtəlif iddialar var. Bu iddialar onun 15.06.1937 tarixində Tan qəzetinə verdiyi müsahibəsindəki bu sözlərlə təsdiqlənir — «Çarpışma meydanında canlı hedef üzerine bomba atmakin sana acımak hissi vermiyor. İnsan yalnız vazifesini görmek için aramayı, vurmayı düşünüyor»…
24 yaşlı gənc bir qızcığaz, bir əsgər, bir pilot Vətən borcunu yerinə yetirir. Baş qaldırmış üsyançılara, separatçılara qarşı çarpışır. Bu gün onu məmləkətini qoruduğu üçün ittiham edirlər, amma «vur» əmri verən İsmet İnönü, Celal Bayar, marşal Fevzi Çakmak və başqalarına cəsarət edib söz deyə bilmirlər.
Paul Tibbetsi xatırlayırsızmı? Anasının adını daşıyan «Enola Gay» təyyarəsi ilə Xirosima və Naqasakiyə atom bombasını o atmışdı. Bu bədbəxt pilotu lənətləyən çox az yazıya rast gələrsiniz. Əsil lənətlənən isə Tibbetsi oraya göndərən zihniyyət və dünyanı öz aralarında bölmək istəyənlərin vəhşi iştahlarıdır.
Erix Hartmann, Haynts Bar, Yozef Priller. Alman Lüftvaffesinin əfsanəvi assları. E.Hartmann savaş tarixinə bu günə qədər dünyada ən çox hərbi təyyarə vurmuş (352 hərbi uçaq) pilot kimi, H.Bar və J. Priller isə II Dünya Müharibəsində London və Parisi bombalayan «hava cəngavərləri» kimi düşüblər. Amma bu gün tarix onları deyil, Hitler Almaniyasını lənətləyir….
Mustafa Kemalın mənəvi qızını gah «erməni», gah da «qatil» edənlər cəsarəti Hrant Dinktən — İstanbulda ermənicə çıxan «Aqos» qəzetinin 2007-ci ildə öldürülən baş redaktorundan alıblar. Dink heç bir tarixi sənədə istinad etmədən 2004-də yazdığı «Sabiha — Xatunun sirri» başlıqlı məqaləsində Sabihanın Hatun Sebilciyan adlı bir erməni qızı olduğunu iddia etmişdi.
Bir də deyirlər ki, S.Gökçen dünyanın ilk qadın savaş pilotu deyil. İndi də ilk qadın müharibə pilotunun Yevgeniya Şaxovskaya adlı rus təyyarəçisi, bəziləri isə Amelia Erhart olduğunu yazırlar. Kiçik bir araşdırma apardım və dünyanın ilk savaş pilotunun nə Şaxovskaya, nə də Erhart olduğu ortaya çıxdı.
Yevgeniya Şaxovskaya (1889-1920) ilk rus savaş pilotu adını alsa da, Almaniyaya casusluq iddiası ilə II Nikolay tərəfindən edama məhkum etdirilir və bununla da I Dünya müharibəsində iştirak etmir. Daha sonra edamı ömürlük həbslə əvəzlənir, bolşeviklərin gəlməsi ilə də onların tərəfinə keçərək hərbi karyerasını sonlandırır.
Amelia Erhart (1897-1937) Atlantik okeanı keçən ilk qadın pilotdur. Cəsurluğu ilə bərabər yazdığı kitablarla da amerikalıların könlündə taxt qurmuşdur. Amma o da heç bir savaşa qatılmamışdır.
Amerikanın nüfuzlu Aviasiya Akademiyası isə Sabiha Gökçen haqqında belə yazır — «Aktiv olaraq savaşta iştirak edən ilk qadın pilot» (http://www.au.af.mil/au/goe/eagle_bios/1996/gokcen_1996.asp). Bu linki bir çox adresə göndərdim. Mail-ə yazdığım müşayiət cümləsində elə ağır sözlər yazdım ki, bura yazammaram.
Əsilsiz iddialar tarixi saxtalaşdıran ermənipərəst yazarlara qüvvə verir (Radikal, 05.05.13). Verir ki, İstanbuldakı Sabiha Gökçen hava limanının adını dəyişib «Xatun Sebilciyan» qoymaq istəyirlər. Belə getsə, qoyacaqlar da. Və bir gün bu dilbər şəhərə uçub gəldiyinizdə bu anonsla qarşılayacaqlar sizi — «İstanbulun Xatun Sebilciyan aeroportuna xoş gəlibsiniz»…
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (1 оценок, среднее: 2,00 из 10)
Oxunma sayı: 252