İstanbulda Uluslararası Müdafiə Sənayesi Sərgisi başladı
İstanbulun TÜYAP Beynəlxalq Sərgi Mərkəzində XI UluslararasıBeynəlxalq Müdafiə Sənayesi Sərgisinin açılışı olub. Törəndə çıxış edən müdafiə naziri İsmət Yılmaz bölgədə və dünyada daha güclü olmaq üçün son illərdə Türkiyənin öz silah sənayesini inkişaf etdirmək və silah idxalına ayrılan vəsaiti xalqın rifahına sərf etmək yolunda irəlilədiyini bildirib (APA).
Açılış mərasimində çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək isə deyib: “Atatürkdən bizə yadigar qalan “yurdda barış, cahanda barış” prinsipinə əməl etmək bizim əsas qayəmiz olmalıdır. Biz bu torpaqları özümüzə daimi yaşayış üçün seçəndən bəri ən sülhsevər dönəmi 90 illik cümhuriyyət dövründə yaşamışıq. Anadoluda məşhur bir söz var: əgər ədalətli sülh istəyirsənsə, savaşa hazır olmalısan. Ona görə, silah sənayemizin inkişafı və dünya ilə rəqabəti baxımından bu sərginin əhəmiyyəti çox böyükdür”.
Sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi özünün geniş stendi ilə iştirak edir. Stenddə nazirliyin son dönəmlərdə istehsal etdiyi müasir silah-sursat növləri nümayiş etdirilir. XI Uluslararası Müdafiə Sənayesi Sərgisinin açılış mərasimində müdafiə naziri, general-polkovnik Səfər Əbiyev, müdafiə sənayesi naziri Yavər Camalov və Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev də iştirak ediblər. 51 ölkədən iştirakçı dövlət və firmaların olduğu sərgi mayın 10-na qədər davam edəcək.
Türkiyə Milli Müdafiə Nazirliyinin himayəsi ilə Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondu (TSKGV) tərəfindən təşkil olunan IDEF-2013-də 49 ölkədən 800-dən artıq firma öz məhsul və xidmətlərini nümayiş etdirir. 66 ölkədən rəsmi heyət sərgidə ziyarətçi qismində iştirak edir.
Sərgidə Türkiyə müdafiə sənayesi özünün son yeniliklərini təqdim edir. Türkiyənin əsas aparıcı aviasiya və kosmos qurumu olan TAİ şirkəti IDEF-2013-də Türkiyənin ilk Milli təlim təyyarəsi olan «Hürkuş»u, Otokar şirkəti hərəkət və atış testlərini başa vurmuş «Altay» tankı ilə yanaşı ilk «Tulpar» adlı piyadaların tırtıllı döyüş maşınını, «Ural» adlı zirehli personal daşıyıcını, «Cobra» zirehli maşınlar ailəsinin yeni nəsli olan COBRA II maşınını, Makina və Kimya Sənayesi Qurumu (MKE) Modern Piyada Tüfəngini ilk dəfə bu sərgidə nümayiş etdirəcək.
Sərgidə Türkiyədən əlavə Almaniya, ABŞ, Avstraliya, Avstriya, Azərbaycan, Birləşmiş Ərəb Əmrlikləri, Belçika, Bosniya və Herseqovina, Braziliya, Bolqarıstan, Çexiya, Çin, İndoneziya, Fransa, Cənub Afrika Respublikası, Hollandiya, İngiltərə, İspaniya, İsveç, İsveçrə, İtaliya, Kanada, Qazaxıstan, Koreya, Litva, Pakistan, Polşa, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Serbiya, Sloveniya, Ukrayna, İordaniya və Yunanıstandan şirkətlər iştirak edir. Onların arasında dünya hərbi sənayesinin Raytheon, Lockheed Martin, Boeing, BAE Systems, MBDA, Denel, EADS, Flir Systems, ASELSAN, FNSS, HAVELSAN, MKEK, Mercedes Benz, KMW, MTU, Navantia, Pakistan Aeronautical Complex, ROKETSAN, SAAB, TAİ, THALES, KADDB və s. kimi tanınmış firmaları yer alır. IDEF -2013 sərgisində ilk dəfə olaraq Qazaxıstanın Kazspesexport şirkəti də ayrıca stenddə öz məhsullarını nümayiş etdirir.
IDEF–2013 sərgisində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) ayrıca stendlə təmsil olunur və 130 adda müdafiə təyinatlı məmulat, o cümlədən, 14.5 mm çaplı «İstiqlal», 12.7 mm çaplı «Mübariz» antimaterial snayper tüfənglərini, UP-7.62 universal pulemyotu, 40 mm çaplı RPG-7V2 «Qaya» adlı əl qumbaraatanı, 60 və 82 mm çaplı minaatanlar, atıcı silahları və atıcı silahlar üçün müxtəlif çaplı sursatlar, optik sistemlər, aviasiya bombaları, müxtəlif patron kartricləri, elektron çap lövhələri, şəffaf avtomat daraqları, əleyhqaz, AZ-2M və AZ-BP tipli pilotsuz uçuş aparatlarını nümayiş etdirir.
MSN sərgidə həmçinin Azərbaycan hərbi sənayesinin tarixində ilk dəfə olaraq yerli istehsal olan 4×4 təkər formulu «Gürzə» adlı maşın üzəri silahlandırılmış şəkildə nümayiş etdirir. Xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulan «Gürzə»nin silahlanmasına iki ədəd 7.62 mm, bir ədəd 12.7 mm çaplı pulemyot daxildir. Bundan başqa, Azərbaycan mühəndisləri tərəfindən hazırlanmış 7.62×51 mm-lik “Yalquzaq” snayper tüfəngi və 7,62×54 mm-lik HP-7.62 hücum pulemyotu da sərgiyə çıxarılan yeni məhsullar arasında yer alır.