Muəllif:

İşsizin mənzil problemi həllini tapa bilər

İşsiz vətəndaşların da mənzil problemi həllini tapa bilər. Bununla bağlı yeni qanun layihəsi hazırlanıb. MM Sosial Siyasət Komitəsinin hazırladığı layihədə gənc ailələrə perspektivlər vəd edir. Bu qanunu komitə yaz sessiyasında müzakirəyə çıxaracaq. Artıq bundan sonra nikaha girən 2 gəncdən heç biri işləməsə, onlara müəyyən köməklik göstərilməsi nəzərdə tutulur. Bu qanunun qəbul olunmasında məqsəd nikaha daxil olan cütlüyün həyatını yaxşılaşdırmaqdır. O cümlədən, gənc ailənin üzvlərindən birinin işlə təminatı məsələsi həll oluna bilər. Nikaha girənlər işləmirsə, onlara ipoteka kreditlərinin faizsiz verilməsi də təklif olunur. Bu, gənc ailənin evlə təmin olunmasına hesablanan bir addımdır. Belə bir qanunun qəbulu nikaha girən yeni ailələr üçün böyük stimul olacaq. Çünki, elə cütlüklər var ki, onların heç biri işləmir, işsizlikdən yaranan problemlər də özünü sonradan göstərir və ailənin dağılmasına gətirib çıxarır. Elə işsizlik səbəbindən nikahdan çəkinənlər də az deyil. Sosioloqlar da bildirir ki, əgər bu qanun qəbul olunarsa, gənclərin həyat şəraiti yaxşılaşar və uğurlu nikahların sayı artar.
Məsələyə münasibət bildirən iqtisadçı millət vəkili Vahid Əhmədovun sözlərinə görə, ölkənin üzləşdiyi ən ciddi sosial-iqtisadi problemlərin başında əhalinin mənzillə təminatı məsələsi dayanır:
«SSRİ dağıldıqdan sonra insanların növbəyə dayanaraq mənzil sahibi olması prosesi dayandı. İndinin özündə vətəndaşların işlədikləri müəssisələr tərəfindən mənzillə təmin olunması təcrübəsi Neft Şirkəti kimi bir sıra qurumlarda mümkündür. Demək olar ki, artıq dövlət, o cümlədən də ayrı-ayrı müəssisələr insanları mənzillə təmin etmək öhdəliyi daşımırlar».
Dövlət mənzil fonduna daxil olan yaşayış sahələri azalsa da, hələ də mövcudluğunu qorumaqdadır. Statistik məlumatlara görə, ölkə üzrə ümumi yaşayış sahələrinin 8-9 faizi dövlət mənzil fonduna daxildir. Əvvəllər vətəndaşların mənzillə təminatı da məhz bu fonda daxil olan yaşayış sahələri hesabına həyata keçirilirdi. Qanunvericiliyə əsasən, özəl tikinti şirkətləri tikdikləri mənzillərin 10 faizini dövlətə verməlidirlər. Təəssüf ki, müvafiq dövlət orqanları tikinti şirkətlərindən mənzil əvəzinə nağd pul almağa üstünlük verirlər, bu isə mənzilə ehtiyacı olanlara kömək etmir. Əgər tikinti şirkətlərindən, qanunun tələb etdiyi kimi, inşa etdikləri mənzillərin müəyyən qismi alınsa, əhalinin ehtiyacı olan hissəsinin mənzil sahəsi ilə təminat probleminə kömək olar.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 237