İsmayıllıda rezin güllələrdən istifadə edilib
Bu gün saat 16.30-da İsmayıllıda vəziyyətin gərgin olaraq qaldığı xəbər verilirdi. Turan-a istinadən, Daxili Qoşunlar və çevik polis alayı icra hakimiyyətinin binasına gedən bütün küçələri etirazçılardan təmizləyiblər. Turan-ın müxbirinin hadisə yerindən verdiyi məlumata görə, sonuncu dəfə etirazçıların dağıdılması zamanı (saat 15 radələrində) daha 10 nəfər döyülüb və saxlanılıb. Üzərinə daş atılan daha bir neçə polis xəsarət alıb. Mitinq iştirakçılarının əksəriyyəti (min nəfərə yaxın) dağıdılıb. Polis bütün ictimai obyektlərin (mağaza, kafe, çayxana və s.) bağlanmasını tələb edib. İnsanlara mərkəzi küçələrə çıxmağı qadağan edirlər.
Bu arada, qonşu rayonlarda – Ağsu, Qəbələ və Göyçayda vəziyyətin gərginləşdiyi haqda məlumatlar daxil olur. Qeyri-rəsmi məlumatlara görə, bir qrup insan bu rayonların icra hakimiyyəti binalarının qarşısında toplaşaraq, hakimiyyətin hərəkətlərindən narazılıqlarını bildirirlər. Lakin rəsmi orqanlar bu məlumatları təsdiq etmir.
Eyni zamanda, DİN və Baş Prokurorluq İsmayıllıda bu gün baş verənləri şərh etmir. Belə ki, Turan agentliyi kütləvi iğtişaş faktı üzrə cinayət işi açılıb-açılmadığı, neçə nəfərin saxlandığı, neçə nəfərin xəsarət aldığı, rayona Daxili Qoşunların nə qədər qüvvəsinin yeridildiyi, yolların niyə bağlandığı, fövqəladə vəziyyət tədbiq edilib-edilmədiyi haqqında suallara cavab ala bilməyib.
Hər iki güc qurumunun mətbuat xidmətləri bütün bu və digər suallara cavab verə bilmir və ya cavab vermək istəmir.
Başqa bir xəbərə görə, saat 14.45-də Daxili Qoşunlar mitinq iştirakçılarına atəş açıblar. Yerli sakinlərin sözlərinə görə, qoşunlar rezin güllələrdən istifadə edib. Buna cavab olaraq etirazçılar içərisində alışqan maddələr olan şüşələrdən və daşlardan istifadə edir. Hər iki tərəfdən xəsarət alanlar var. Hazırda qarşıdurmalar icra hakimiyyətinin binasından bir neçə km məsafədə olan rayon bazarına keçib. Daxili qoşunlar jurnalistlərin fəaliyyətini, habelə şəhərə gələnlərin girişini məhdudlaşdırdıqları da xəbərlərə əlavə olunur.
Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə dünəndən başlayaraq İsmayıllıda baş verən hadisələrə münasibətini bildirib. “Hadisənin günahkarları artıq saxlanılıb, lazımi istintaq əməliyyatı aparılır və şübhəsiz ki, təqsirkarlar öz layiqli cəzalarını alacaqlar», — deyə Əli Həsənov vurğulayıb.
Onun sözlərinə görə, bəzi maraqlı siyasi qüvvələr və onlara məxsus informasiya vasitələri həmin olayı qızışdırmaq və idarəolunmaz məcraya yönəltməyə cəhd edirlər. Həsənov rayon əhalisini belə təxribatlara qoşulmamağa və təxribatçılara qarşı ciddi iradə nümayiş etdirməyə çağırıb.
“Heç kim hesab etməsin ki, belə hadisələrdən istifadə etməklə, hakimiyyət orqanlarını öz qanunu funksiyalarını yerinə yetirməkdən, ictimai asayişi və vətəndaşların təhlükəsizliyini təmin etməkdən çəkindirə biləcək”, — deyə Əli Həsənov bildirib.
Öz növbəsində İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərov jurnalistlərə İsmayıllı rayonunda baş vermiş hadisələrin onunla bağlı olmadığını bildirib. İcra başçısı hadisənin iştirakçısı olan və sonradan saxlanılan Emil Şəmsəddinovun onun qohumu olması barədə deyilənləri də təkzib edib. “Mənim elə qohumum yoxdur”, deyə o bildirib. Ələkbərov hadisə baş verən “Çıraq” otelinin də onunla heç bir bağlılığının olmadığını açıqlayıb: “Mənim evimə də hücum olub, yandırmağa cəhd ediblər. Bu da müəyyən qüvvələrin məsələni siyasiləşdirmək cəhdləri idi”, deyə icra başçısı qeyd edib.
Nizami Ələkbərov həmçinin rayonu tərk etdiyi barədə məlumatı da təkzib edərək, hadisə baş verən andan rayonda olduğunu və oranı tərk etmədiyini deyib.
Demokratik qüvvələr iqtidarı İsmayıllıda repressiyalara son qoymağa çağırdı
Bu hadisələrə müxalifətin münasibətinə gəldikdə, Azərbaycanın demokaratik qüvvələri İsmayıllı rayonunda baş verən hadisələrlə bağlı cümə axşamı Müsavat Partiyasının ofisində dinləmələr keçirib. İsmayıllı rayonunda xalq üsyanına səbəb kimi məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya göstərilib. Müsavat baqşanı İsa Qəmbər vəziyyətin bütün ölkədə eyni olduğu üçün bu hadisələrin istənilən rayonda baş verməsini mümkün sayıb. 2013-cü il demokratiya üçün dönüş ili kimi dəyərləndirilib.
Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ölkənin inqilaba sürüklənməsini mənfi hal sayıb. Bunun dövlət, millət və müxalifətin özü üçün qorxulu olduğunu iddia edib. Eyni zamanda indiki hadisələrdə iqtidar daxili hansısa qüvvənin maraqlı olduğu vurğulanıb. S.Cəlaloğlu müxalifət qüvvələrinə iqtidarla dialoq çağırışı edib. Bir sıra partiya rəhbərləri dialoqun əleyhinə olmadıqlarını deyiblər. Amma iqtidarın dialoqa hazır olmadığını, dialoq imitasiyası ilə məşğul olduğunu nəzərə çatdırıblar. Gənclər isə daha radikal olaraq yaşıdlarını İsmayıllı sakinlərilə həmrəyliyə və onlara dəstək olmağa səsləyiblər.
Tədbirin yekunu olaraq iqtidara İsmayıllıda həbs olunanları azd etmək, repressiyalara son qoymaq çağırışı edilib. Əks halda ölkə vətəndaşlarına ümumrespublika aksiyasına çıxmaq çağırışı ediləcəyi qeyd edilib.
Bunun ardınca İctimai Palata iqtidarı əhali ilə danışıqlara çağırıb. İctimai Palatanın Koordinasiya Şurası İsmayıllı hadisələri ilə bağlı bəyanat yayaraq, yanvarın 23-də axşam saatlarından etibarən rayonda başlayan hadisələri “yerli hakimiyyət və məmur oliqarx özbaşınalığına qarşı kütləvi xalq etirazı” adlandırb. Hadisəni danışıqlar yolu ilə nizamlamaq, əhalinin tələblərini dinləmək əvəzinə rayona zirehli texnika, avtomatla silahlanmış qoşun yeridildiyi qeyd olunur. İnsanlara qarşı zərərli qazlardan, xüsusi vasitələrdən istifadə edildiyi, kütləvi həbslər haqda məlumatlar daxil olduğu nəzərə çatdırlır.
Müəlliflər hadisələr başlandığı andan xalqın haqlı tələbləri və dinc aksiyası ilə həmrəy olduğunu ifadə edir. Sənəddə dinc əhaliyə zor tətbiqi qətiyyətlə pislənilir, qoşun və silahlı qüvvələrin dərhal rayondan çıxarılması, həbs edilən və saxlanılan şəxslərin azad edilməsini tələb olunur.
Müəlliflər hadisədən ciddi nəticələr çıxarılmasını, əhalinin tələblərini yerinə yetirmək üçün əməli tədbirlər görülməsini zəruri sayır. Rəsmi Bakını dərhal əhalinin nümayəndələri ilə danışıqlara başlamağa çağırır. Bütün ölkə ictimaiyyətini İsmayıllı əhalisinin haqlı tələblərinə dəstək verməyə, həmrəylik göstərməyə dəvət edir.
İctimai Palata bəyan edir ki, ən qısa müddətdə repressiya və təqiblər dayandırılmadığı halda ümumrespublika miqyasında ictimai etiraz çağırışı ilə xalqa müraciət etmək məsələsinin müzakirə ediləcəyini nəzərə çatdırır.