İsmayıllı hadisələrinin məhkəməsi yenidən başqa vaxta keçirilib
Çərşənbə axşamı Şəki Ağır Cinayətlər üzrə Məhkəmədə İsmayıllıda iğtişaşların təşkilində və iştirakda ittiham olunan REAL hərəkatının lideri İlqar Məmmədovun, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun və 16 müttəhimin işi üzrə növbəti iclas keçirilib. Üç müttəhimin vəkili olmadığından hakim iclasda fasilə elan edib. Nahar fasiləsinə qədər vəkillər gəlməyiblər və iclas saat 14:30-a keçirilib.
Qeyd edək ki, vəkillər dövlət tərəfindən təyin edilib. Müttəhim İ.Məmmədov Turan-ın müxbirinə bildirib ki, proses qəsdən yubadılır ki, bu da əlavə cəzadır. Digər müttəhimlər də Gəncə təcridxanasında saxlanma şəraitinin pis olmasından şikayətləniblər. Əsasən 9 nəfər üçün nəzərdə tutulan kamerada 15 nəfər saxlanılır və onlar növbə ilə yatmalı olur. Bundan əlavə, kameralarda nəmişlikdir. Həbsdə olanlara 10 gündə bir dəfə çimməyə imkan yaradılır ki, bundan ötrü də gərək pul verəsən.
Xatırladaq ki, yanvarın 23-24-də İsmayıllı şəhərində “Çıraq” otelinin menecerinin xuliqanlığı və icra hakimiyyəti rəhbərinin qohumunun iştirakı ilə törədilmiş YNH, sonradan icra başçısının yerli əhalini təhqir etməsi ilə əlaqədar kütləvi iğtişaşlar baş verib. Bir qrup sakin oteli və onun həyətindəki xarici markalı maşınları yandırıb.
Növbəti gün yerli sakinlər rayon icra başçısının istefası tələbi ilə etiraz aksiyasına başlayıblar. Sonradan aksiya böyüyərək, təhlükəsizlik qüvvələri ilə qarşıdurmalara çevrilib. İ.Məmmədov və T.Yaqublu yanvarın 24-də, iğtişaşlar yatmaq üzrə ikən vəziyyətlə tanış olmaq üçün İsmayıllıya gəlib.
Sonradan onlar həbs ediliblər və 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2-ci (güc tətbiq etməklə polisə müqavimət göstərmə) maddələrlə ittiham olunublar.
Beynəlxalq ictimaiyyət İ.Məmmədovu və T.Yaqublunu vicdan məhbusu kimi tanıyıb və dəfələrlə onların dərhal azad edilməsini tələb edib. Hakimiyyət bütün bu çağırışlara məhəl qoymayıb (Turan).