İsmayıllı hadisələri: «Qığılcımdan alov törəyib» və…
Ya nvarın 23-ü axşam saatlarında İsmayıllıda baş verən toqquşmalar yanvarın 24-dən 25-nə keçən gecə saat 1-ə qədər davam edib. Yerli əhalinin verdiyi məlumata görə, yanvarın 23-də gecə saat 20:30 radələrində şəhərdə yerləşən «Çıraq» motelində dostları ilə yemək-içməkdən çıxan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun da olduğu «Shevrole Aveo» markalı avtomobil yol kənarında duran və taksı xidməti göstərən Vaz-2107 markalı avtomobili vurub. Bundan sonra maşından düşən nazir oğlu və dostları vurduqları avtomobili təpikləməyə və ismayıllıları ağır ifadələrlə təhqir etməyə başlayıblar.
Bu isə ərazidə toplaşan insanların etirazına səbəb olub, qarşıdurma başlayıb. Nəticədə yerli sakinlər «Çıraq» motelinə, nazirin oğlunun «Hummer» markalı maşınına, ardınca «Shevrole Aveo», «Shevrole Niva» markalı maşınlara od vurublar. Daha sonra qəzəbli sakinlər icra başçısı Nizami Ələkbərovun malikanəsinə hücum ediblər. Amma malikanəni tamamilə yandıra bilməyiblər, onun həyətindəki birmərtəbəli evi yandırıblar. Hadisələrdən dərhal sonra, gecə saat 3 radələrində hadisə yerinə çatarkən motelin və icra başçısının malikanəsinin yardımçı tikililərinin və avtomobillərin yandığının şahidi olduq.
23 yanvar gecəsi baş verən hadisələr zamanı yerli polislər qəzəbli insanların qarşısında tab gətirə bilməyiblər, polislərdən yaralanan da olub. Yalnız səhər saat 7 radələrində şəhərə Çevik Polis Alayının və Daxili Qoşunların qüvvələri daxil edilib. Gün ərzində və axşam İsmayıllı küçələrində polislə sakinlər arasında toqquşma olub. Polis yalnız yanvarın 24-dən 25-nə keçən gecə şəhərdə zorakılıqla müşahidə olunan aksiyanın qarşısını ala bilib. Hadisələrlə bağlı Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu açıqlama yayıb. Bəyanatda hadisənin baş vermə səbəbləri göstərilir:
«2013-ci il yanvarın 23-də saat 21.30 radələrində İsmayıllı şəhərində «Çıraq» motelinin və 4 ədəd müxtəlif markalı avtomobilin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş vermişdir. Buna səbəb moteldə işləyən Bakı şəhər sakini Emil Şəmsəddinovun şəhərin Nizami küçəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi və onu elektrik dirəyinə çırparaq qəza törətməsi, eyni zamanda, sərnişini, Bakı şəhər sakini Elməddin Məmmədovla birlikdə yaxınlıqdakı VAZ-2107 markalı avtomaşının sahibi, rayon sakini Ramil Bəkirovu döyərək xəsarət yetirmələri olmuşdur. Əhalinin sıx olduğu yerdə baş vermiş hadisə yerinə xeyli sayda adam toplaşmış və onlara etirazlarını bildirmişlər. Şəmsəddinovun yerli sakinləri nalayiq söyüşlərlə təhqir etməsi isə baş vermiş münaqişənin daha da böyüməsinə, nəticədə vətəndaşların moteli və motelin həyətindəki üç müxtəlif markalı avtomobili yandırmalarına səbəb olmuşdur.
Bundan sonra destruktiv qüvvələrin təhriki ilə insident iştirakçıları yürüş edərək İcra Hakimiyyəti başçısı Nizami Ələkbərovun oğlu Elxana məxsus evi də yandırmağa cəhd göstərmişlər. Rayon polis şöbəsi əməkdaşlarının gördüyü qətiyyətli tədbirlər nəticəsində baş vermiş hadisənin daha da genişlənməsinin qarşısı alınsa da, həyətdə olan bir ədəd avtomobil yandırılmışdır.
İnsidentin qarşısı alınarkən üçü polis əməkdaşı olmaqla dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Kütləvi münaqişənin baş verməsinin səbəbkarları Emil Şəmsəddinov və Elməddin Məmmədov tutulmuşlar.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin rəhbərliyindən və digər məsul əməkdaşlarından ibarət olan heyət hadisə yerinə gəlmişdir.
Fakt üzrə CM-nin müvafiq maddələri ilə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanmış, istintaq aparılır». Amma sənəddə nazir oğlunun adı çəkilmir.
Dünən də gün ərzində İsmayıllıda nisbi gərginlik davam edib. Yerli əhali ilə güc strukturları nümayəndələri arasında toqquşma baş verməsə də, lokal münaqişələr yaşanıb. Eyni zamanda, şəhər Çevik Polis Alayı və Daxili Qoşunların nəzarəti altındadır.
İsmayıllıdakı mənbədən daxil olan məlumata görə, yanvarın 23-24-də şəhərdə baş verən hadisələrlə bağlı çoxsaylı gənc evlərindən və iş yerlərindən həbs edilərək aparılıb. İsmayıllıda jurnalistlərlə əməkdaşlıq edən bir neçə nəfər, habelə jurnalistlərin istifadə etdikləri internet klublar «qara siyahıya» düşüb.
Mənbənin verdiyi məlumata görə, ismayıllıların tələbləri qüvvədə qalır: «Rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov istefa verməli və həbs olunanlar azad edilməlidir. Əhalinin tələbinin yerinə yetirilməyəcəyi təqdirdə yaxın günlərdə etiraz aksiyası davam edəcək».
Eyni zamanda, dünən də bəzi kütləvi informasiya vasitələrində İsmayıllıda baş verən toqquşmalar zamanı kiminsə dünyasını dəyişməsi barədə məlumat yayıldı. Amma yerli mənbə bu məlumatı təkzib etdi. Buna baxmayaraq o, çoxsaylı insanın xəsarət aldığını və ya qazdan zəhərləndiyini bildirdi. Amma insanlar həbs ediləcəklərindən ehtiyat edərək xəstəxanaya müraciət etmirlər.
Dünən İsmayıllıda olan müstəqil jurnalist Cəmil Məmmədlinin isə verdiyi məlumata görə, xəstəxanaya cəmi 13 nəfər müraciət edib. Amma onların da hamısı xəstəxanadan buraxılıb.
Belə ki, yanvarın 24-ü axşam polislə yerli sakinlərin qarşıdurması zamanı bir neçə jurnalist, eyni zamanda bu cümlələrin müəllifi (İdrak Abbasov) də zəhərlənib. Mən dünən Mir-Qasımov adına Mərkəzi Klinik Xəstəxanaya müraciət etdim. Həkimlər mənə yardım edərək, xəstəxana şəraitində müalicə olunmağımı təklif ediblər. Lakin mən xəstəxana şəraitində müalicə almaqdan imtina etməyi lazım bildim.
Bizdə olan bilgilərə görə, hadisələrlə bağlı saxlanmış olan xeyli sayda vətəndaş hələ də həbsdədir. Mənbəmizin məlumatına görə, həbs edilənlərin sayı ən azı 100 nəfərdir. Amma «Azadlıq» radiosuna müsahibəsində rayon İH başçısının 1-ci müavini Rəfael Əhmədov 32 nəfərin saxlandığını deyib.
Dünən İsmayıllı ilə bağlı günün əsas hadisəsi isə İsmayıllı rayon İcra Hakimiyyətində rayon sakinləri ilə görüş oldu. Jurnalist C.Məmmədlinin verdiyi məlumata görə, görüşdə icra başçısı özü, habelə YAP icra katibi Əli Əhmədov, onun müavini Mübariz Qurbanlı, DİN ictimai təhlükəsizlik idarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov da iştirak edib.
«Azadlıq» radiosunun məlumatına görə, general C.Məmmədov mövcud vəziyyətdən danışaraq bir neçə nəfərin cinayət məsuliyyətinə cəlb olunduğunu və barələrində həbs qətimkan tədbiri seçildiyini bildirib:
«Prosesdə iştirak edən müəyyən adamlar da məsuliyyətə cəlb edilib. Hadisə zamanı ayrı-ayrı vətəndaşlar, o cümlədən polislər xəsarət alıb. Üç polis — ilk gün, yanvarın 24-də də bir polis işçisi xəsarət alıb. Faktla əlaqədar DİN və prokurorluğun nümayəndələri rayona ezam olunublar və araşdırmalar davam etdirilir. Bütün hadisələrin qarşısı alınıb və alınacaq. Hər şey hüquqi müstəvidə davam etdiriləcək. Ayrı-ayrı sakinlər bizə öz minnətdarlığını bildirir və biz də onlara minnətdarlığımızı bildiririk. Mən gənclərə müraciət, xahiş edib onları bu məsələlərdən çəkindirirdim. Kanalizasiya lyuklarını çıxarıb şahmat şəklində yola düzüblər ki, polis maşınları keçə bilməsin. Bir neçə yerdə yanğın törədiblər. Dünən və bu gün insanları istiqamətləndirməyə çalışanlar olub. Biz onlara qarşı tədbir görəcəyik».
Milli Məclisdə İsmayıllını təmsil edən deputat Novruz Aslanov isə öz çıxışında rayonun artmaqda olan turizm potensialından söz açıb. Onun fikrincə, məişət zəminində baş verən hadisəni kimlərsə başqa istiqamətə yönəltməyə cəhd göstəriblər: «Bizim bir-birimizə düşmənçilik etməyə haqqımız yoxdur və biz bu hadisələrdən çəkinməliyik».
«Bir-iki gündür insanlarımız gərginlik yaşayır. Bakıdan, bölgələrdən insanlarımız gərginliklə izləyirlər. İnsanlarımız istəyir ki, gərginlik tezliklə yatsın». Bunu isə Əli Əhmədov çıxışında bildirib.
Əhmədov ismayıllılara bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları sakitlik, əmin-amanlıq yaratmaq üçün rayondadır və bu heç də xalqa qarşı zor üçün atılan addım deyil:
«Bu qarşıdurmadan daha çox siz — ismayıllılar narahatsınız. Biz qəbul etməliyik ki, qarşıdurma, hansısa oteli yandırmaq olmaz. Hansısa narahatlıq varsa, bu, o problemi həll etmir. Mən demək istəmirəm problem yoxdur. Yəqin, nə isə problem var. Bu məsələdən öz məqsədləri üçün istifadə etmək istəyənlər var. Hadisənin baş verməsindən sonra ayrı-ayrı yerlərdən gələn adamlar olub. İnanmırıq ki, onlar bu qarşıdurmanın qarşısını almaq üçün gəliblər. Biz istəyirik bu qarşıdurmanın qarşısını siz özünüz alasınız, rayonun ağsaqqalları alsın. Mən istəmirəm siz öz problemlərinizi atmaca sözlərlə rəhbərliyə çatdırasınız. Bu rayonda yaşanan problemlərin ağrısını siz çəkəcəksiniz. Siz maraqlı olmalısınız ki, burada problemlər olmasın. Həqiqət bundan ibarətdir ki, Azərbaycan son illər çox dəyişib. İsmayıllı çox dəyişib. Hökumətimiz, prezidentimiz əlindən nə gəlibsə edib. Biz qəzəblə bu problemləri həll edə bilmərik. Biz bir-birimizin haqqını tanımalıyıq. Gənclərin nəyisə yandırması düzgün deyil. Qanun olan yerdə kimlərisə özbaşına cəzalandırmaq təhlükəlidir. Dövlət varsa, hər kəsin haqqını, hüququnu qorumaq üçün yaranıb. Hərə öz haqqını qorumaq yolunu tutsa, bundan bütün insanlar əziyyət çəkə bilər. Rayon rəhbərlərinin borcudur ki, gənclərin qayğısına qalsın. Hökumət əhalinin qayğılarını çəkməlidir, amma şıltaqlığını yox. Baxıram, zalda gərginlik görürəm. Bu, bir neçə gün baş verən gərginliklə bağlıdır və hamınız bu gərginliyin aradan qaldırılmasını istəyirsinizsə, bunun üçün addım atmalısınız. Yerli hakimiyyət nümayəndələrinin borcu sizi dinləməkdir. Qarşıdurma üsulu problemlərin həlli yolu deyil. Bu, bir neçə nəfərə sərf edən məsələdir. Biz istəyərdik ki, 15 il əvvəl fəal olan adamlar indi öz fəallığını ortalığa qoysun. Ola bilər, kimlərsə vaxtilə vəzifədə olub, sonra vəzifədən çıxıb, amma rayonun mənafeyi naminə hamı birləşməlidir. Elə olmasın ki, problem getdikcə böyüsün, İsmayıllı camaatından istifadə etsinlər. Səhər o maraqlı qüvvələr niyyətlərinə çatandan sonra sizlər o adamlara lazım olmayacaqsınız».
Jurnalist C.Məmmədlinin verdiyi məlumata görə, icra başçısı Nizami Ələkbərov ümumi şəkildə çıxış edib və o, jurnalistlərin sualına cavabında istefa verməyəcəyini, onun prezident tərəfindən təyin olunduğunu və haqqında da yalnız prezidentin qərar verəcəyini deyib.