İsmayıllı hadisələri: 2 nəfərə əlavə ittiham irəli sürüldü
Yanvarın 23-də İsmayıllıda baş vermiş hadisələrlə bağlı həbs olunan şəxslərdən 2 nəfər əlavə maddə ilə ittiham elan olunub. Yayılan məlumata görə, Səftər Ağamalıyev və Anar Həsənova qarşı istintaq orqanı tərəfindən CM 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan edib.
Bəlli olduğu kimi, yanvarın 23-də “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinov və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” otelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişəyə görə Emil Şəmdinov və Elməddin Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilib. Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, prokurorluq və polis orqanları əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
Hadisə ilə əlaqədar yanğın və dağıntıların törədilməsində fəallıq göstərmiş rayon sakinləri Vasif İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov, Cəfər Cəfərov və əvvəllər məhkum olunmuş Elşən Qurbanov, eyni zamanda, yandırılan “Çıraq” otelindən iki televizor, bir divan və bir kreslonu soyğunçuluq yolu ilə açıq taladıqlarına görə Səxavət Səmədov və Xəyal Şaranov CM-nin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs-qətimkan tədbiri seçilib.