İsmayıllı bədii gimnastika çempionatına ev sahibliyi edəcək
Bədii gimnastika üzrə 20-ci Azərbaycan çempionatı noyabrın 19-da İsmayıllıda keçiriləcək.
Gimnastika Federasiyasından bildirilir ki, yarışlarda həm yuxarı yaş qrupundan, həm də 1998-2000 təvəllüdlü 17 gimnast iştirak edəcək. Gimnastlar mütləq çoxnövçülük və ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.
Son beş ildə müntəzəm olaraq Azərbaycan çempionu London olimpiadasından sonra böyük idmanı tərk edən Aliyə Qarayeva olub. İndi isə yeni titul və qızıl medala əsas iddiaçılar ötən il analoji yarışların gümüş mükafatçıları olmuş Marina Durunda və Lalə Yusifova hesab edilirlər.
Çempionatda Respublika İdman Məktəbi Kompleksinin və «Bakı Fleyms» klubunun gimnastları ilə yanaşı, «Neftçi, Bakı Gimnastika Məktəbi, «Spartak» və «Sərhədçi»nin təmsilçiləri də çıxış edəcəklər.
Çempionata maraq onun yenidən iki il əvvəl olduğu kimi paytaxtdan kənarda keçirilməsi ilə daha da artıb. Bu dəfə yeni çempionların adları İsmayıllı Olimpiya İdman Kompleksində elan olunacaq.
Milli Federasiyanın vəzifələrindən biri təkcə Bakıda deyil, Azərbaycanın ayrı-ayrı rayonlarında da idmanın bu növünün inkişaf etdirilməsidir. Son illər ərzində paytaxtın hüdudlarından kənarda bir neçə bölmə açılıb ki, onlar da inkişaf edir və nəticə verirlər.
Çempionata ən yaxşı gimnastların, eləcə də İsmayıllı təmsilçilərinin ifasında qala-konsertlə yekun vurulacaq.