Muəllif:

İşləyənlərin ödənişləri artacaq

Əmək haqqlarının artımını həsrətlə gözləyənlərin ürəyincə olmayan xəbərimiz var. Məvaciblər bu il də artırılacaq, amma bundan nə qədər xeyrimiz olacağı haqda geniş danışmaga dəyər.
Məsələ ondadır ki, gələn ildən sosial sığorta haqlarının işəgötürən və işçiyə düşən hissələri bərabərləşəcək. Hazırda sosial sığorta haqlarının dərəcəsi 25 faizdir. Bunun 22 faizi işəgötürən, 3 faizi isə işçi tərəfindən ödənilir. Amma tətbiq olunacaq yeni sistemdə sahibkar və işçi hərəsi 12.5 faiz sosial sığorta haqqı ödəyəcək.
Yeni sistemə keçid tədricən gerçəkləşəcək. Əmək haqları artdıqca, tədricən 3 faizi 5 faiz etmək, 5 faizi 8 faiz etmək planlaşdırılır. Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi bildirir ki, sonda 12.5 faizə çatdırmaq lazımdır.
Məlumat üçün: Avropa ölkələrinin əksəriyyətində sığorta ödəmələrinin yarısını işçi, yarısını isə işəgötürən ödəyir. MDB ölkələrində də bu sistemin tətbiqinə başlanılıb. Məsələn, Qazaxıstanda 11 faizini işəgötürən, 10 faizini işçi ödəyir, Qırğızıstanda 26 faizin 8 faizini işçi ödəyir və s.
Deməli biz də tədricən bu sistemə yaxınlaşmalıyıq. Azərbaycanda pensiya təminatı sistemində islahat konsepsiyası qəbul edildikdən sonra sistem Avropa ölkələrinin təcrübəsinə uyğun olacaq.
Tətbiq olunması planlaşdırılan yeni sistem vergi yükünün işə götürənin üzərindən işçinin üzərinə transfer edilməsi deməkdir.
Bu islahatın müsbət tərəfi ondadır ki, yeni sistem sahibkarlara stimul verəcək. Nəticədə sahibkar əmək müqaviləsi bağlanmasında maraqlı olacaq. Çünki bu gün əmək müqavilələrinin bağlanmaması və bağlanan əmək müqaviləsində əmək haqlarının aşağı göstərilməsinin əsas səbəbi ondan ibarətdir ki, sahibkar tərəfindən ödənilən sosial ayırma yüksəkdir. Buna görə də sahibkar əmək müqaviləsinin bağlanmasında və bağlandıqda belə maaşın olduğu kimi, yüksək göstərilməsində maraqlı deyil. Sahibkar hər 100 manata görə işçi üçün 22 manat sosial sığorta haqqı ödəyir ki, bu da kifayət qədər yüksək məbləğdir.
2012-ci ildə ölkə başçısının əmək müqavilələrinin bağlanmasına nəzarətin gücləndirilməsi ilə bağlı göstərişindən sonra il ərzində 230 min əmək müqaviləsi bağlandı. Bu, 2012-ci ildə 230 min iş yerinin rəsmiləşdirilməsi deməkdir. Bu təcrübə göstərdi ki, sahibkar və işçilər arasında sosial ayırma yükünü bərabərləşdirmədən də nəzarəti gücləndirməklə bağlanan əmək müqavilələrinin sayının artmasına nail olmaq mümkündür. Bütün hallarda yeni tətbiq olunacaq sistem sahibkarlar üçün stimul yaradacaq.
İqtisadçı Vüqar Bayramovun qənaətincə, bu, işçilərin ödənişlərinin artması deməkdir: “Nəzərə alaq ki, yaşayış minimumundan, yəni 125 manatdan yüksək maaş alan hər bir işçi öz əmək haqqından 14 faiz gəlir vergisi ödəyir. Yenidən bu gəlir vergisinin üzərinə hər 100 manat üçün 12,5 faiz sosial sığorta haqqının gəlməsi işçinin maaşından kifayət qədər pulun çıxmasına səbəb olur. Bir sözlə, işçinin 26,5 faizi ödəmələrə gedəcək. Bu da o deməkdir ki, vətəndaş aldığı hər 100 manata 26 manat 50 qəpik ödəmə edəcək. Kifayət qədər böyük olan bu məbləğ ona gətirib çıxaracaq ki, işçinin hər qazandığı yüz manatdan ödəmələr çıxıldıqdan sonra 73 manat 50 qəpiyi özünə qalacaq”.
İqtisadçı daha yüksək maaş alanların əməkhaqqından daha çox çıxılacağını dedi: “Əgər işçi 2500 manatdan çox maaş alırsa, bu zaman 14 faiz deyil, 25 faiz gəlir vergisi, üstəgəl 12,5 faiz sosial sığorta haqqı ödəyəcək. Bu da o deməkdir ki, yüksək əmək haqqı alan işçilər hər qazandığı min manatın 375 manatını vergi şəklində ödəyəcəklər. Bu hiss ediləcək qədər böyük rəqəmdir”.
V.Bayramovun sözlərinə görə, işçinin vergi və sosial yükü artdıqca o, əmək müqaviləsində əmək haqqının yüksək göstərilməməsində maraqlı olacaq. Bəzən hətta işçilər əmək müqaviləsinin bağlanmamasında maraqlı olacaqlar ki, ümumiyyətlə, vergi ödəməsinlər”.

İqtisadçı Samir Əliyev də hesab edir ki, sosial sığorta haqlarının bölünməsi son nəticədə əhalinin gəlirinə mənfi təsir göstərəcək: “Əgər sosial sığorta haqqı işçi ilə sahibkar arasında bölünəcəksə, öncə əhalinin maaşı artmalıdır ki, sosial ödənişləri kompensasiya edə bilsin. İndiki maaşla sosial sığorta haqqını əhaliyə yükləməklə xüsusən büdcədən maliyyələşən işçilərin, müəllimlərin, həkimlərin və bu kateqoriyadan olan digər təbəqənin vəziyyəti daha da ağırlaşacaq. Özəl sektorda çalışan işçilər üçün də çətin olacaq. Çünki sahibkarlar maaşı artırmaqda maraqlı olmayacaqlar”.
S.Əliyevin sözlərinə görə, bu gün sosial sığorta haqqının 25 faiz olması dünya təcrübəsi ilə müqayisədə çoxdur: “Bir çox ölkələrdə sosial sığorta haqqının məbləği azdır, amma əvəzində gəlir vergisi çoxdur. Məsələn, inkişaf etmiş ölkələrdə gəlir vergisi 20-30 faizə çatır. Azərbaycanda isə geniş yayılmış gəlir vergisi 14 faizdir. Bu gün sosial sığorta haqları 15 faiz civarında olmalıdır. Bu zaman işçilər sosial sığorta haqlarının yarısını rahatlıqla ödəyə bilərlər. Amma təəssüflər olsun ki, sosial ödəmələrin 25 faizdən bir az da olsa aşağı düşməsi bu gün üçün mümkün deyil. İndiki səviyyədə belə DSMF böyük zərərlə işləyir, təqaüdlərin verilməsində böyük problemlə qarşılaşır. Kəsir hələ ki, dövlət büdcəsindən ayırmalarla təmin edilir. Faiz dərəcəsinin aşağı salınması DSMF-nin, salınmaması isə sosial sığorta haqları sahibkar və işçi arasında bölünəcəyi təqdirdə əhalinin vəziyyətini daha da ağırlaşdıracaq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 202