İslam Həmrəyliyi Oyunlarında 18 medal — yaxşı göstəricidir
Azərbaycan millisinin III İslam Həmrəyliyi Oyunlarında qazandığı medalların sayı 18-ə çatıb. Yığmamızın qazandığı son 4 mükafatdan ikisinin əyarı qızıl, biri gümüş, digəri bürünc olub.
Atletimiz Hayle İbrahimov 5000 m məsafəyə qaçışda finiş xəttinə 1-ci çataraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun uğurunu 3 təkanla tullanan Yekaterina Sarıyeva da təkrarlayıb.
Bakı-2015-də iştirak məqsədi ilə yaradılan kamandan oxatma komandamız da İndoneziyada özünü doğruldub. Roman Venqerov, Aleksey Korpin və Zaur Qəhrəmanovdan ibarət millimiz ölkəmizin aktivinə gümüş medal yazdırıb.
5000 m məsafəyə qaçışda Layeş Abdullayeva isə bürünc medalla kifayətlənib.
Onlardan öncə komandamıza digər mükafatları Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), karate komandamız, Boris Kirillov (hamısı çempion), Niyazi Əliyev (67 kq), Şahin Atamov (+84 kq), Əfqan Bayramov (77 kq), Silviya Angelova (48 kq), İntiqam Zairov (94 kq, hamısı gümüş medal), Dmitri Marşin, Zülfüqar Süleymanov (62 kq) və Namiq Cəlilov (85 kq, hər üçü bürünc medal) qazandırıb. Yevgeni Lazuka isə 1 gümüş və 1 bürünc medala yiyələnib.