Muəllif:

İslam Bağırov: “Türk mədəniyyətini önə çəkərək, zamanla ayaqlaşdığımızı göstərmək niyyətindəyik”

İlk dəfə olaraq bütün Türk dünyasını birləşdirən Türkvizyon yarışması artıq finala yaxınlaşır.TÜRKSOY-un təşkilatçılığı ilə reallaşan bu yarışmanın finalı dekabrın 18-21-də Türkiyədə keçiriləcək. Artıq təmçilçilərimiz iki gündür yola düşüblər. Türk Müzik Birliyinin (TMB) baş direktoru  və Türkvizyon  təşkilat komitəsinin sədri İslam Bağırov  sənət yarışının özəlliklərindən danışıb: 

– Türkvizyon hansı zərurətdən yarandı?

– Türk Müzik Birliyi (TMB) kanalında  türk dünyasının mahnıları yayımlanır. Bu, türk xalqlarının ortaq telekanalıdır. Elə bu faktdan qaynaqlanaraq  biz türk dünyası sənətçilərini ortaq bir nöqtədə birləşdirmək  məqsədilə  müsabiqə keçirmək qərarına gəldik. 2011-ci ildən TÜRKSOY türk dünyasının bir şəhərini türk dünyasının mədəniyyət paytaxtı elan edir. Bu ada ilk dəfə Astana layiq görüldü. Astanada müsabiqə səssiz-küysüz keçirildi. Orada müxtəlif türk ölkələrindən gəlmiş sənətçilərlə qarşılaşırdıq. Hamının arzusu Türkvizyon  yarışması idi. Eskişehir TÜRKSOY tərəfindən türk dünyasının mədəniyyət paytaxtı elan edildikdən sonra müsabiqə haqqında fikrimiz qətiləşdi.  Eskişehir türk dünyasının ortaq nöqtəsi, mədəniyyətlərimizi birləşdirən bir mərkəz olduğu üçün yarışmanı orada keçirmək qərarına gəldik.  2012-ci ilin sentyabrında Eskişehirde TMB-nin ofisini açdıq və yarışma üzərində çalışmağa başladıq. 8 ay bu yarışma üzərində iş apardıq. Avqustun 19-da Türkvizyon keçirilməsi haqqında müqavilə imzaladıq. Üzərimizə götürdüyümüz öhdəlik türk dünyası mədəniyyətinin  dünya mədəniyyətində bəlli bir yerə sahib olmasını hər kəsə çatdırmaq və zamanında at belində tarix yazan baba və nənələrin bugünkü nəvələrinin yeni bir tarix yazdığını  sübut etməkdir.  Biz Türk mədəniyyətini önə çəkərək zamanla ayaqlaşdığımızı göstərmək niyyətindəyik.  Türkvizyonun  məqsədi silahları  yox, mədəniyyətləri danışdırmaq, insanları qovuşdurmaqdır.  

– Əgər hər hansı ölkə təmsilçisi birincilik qazanarsa, Eurovisionda olduğu kimi, növbəti Türkvizyon yarışması həmin ölkədə keçiriləcək?

– Mədəniyyətimizin hər zaman bir ortaq nöqtəsi olmalıdır. Ona görə də Türkvizyon mahnı müsabiqəsi  hər il TÜRKSOY-un təyin etdiyi mədəniyyət paytaxtlarında keçiriləcək. Gələn il bu şəhər Tatarıstanın paytaxtı Kazan olacaq. Türkvizyonu elan etdikdən sonra ölkələr özləri onların şəhərlərinin mədəniyyət paytaxtı olmasına təşəbbüs göstərir.

– Artıq 4 ildir ki, Türkiyənin Dənizli şəhərində Türkcəvizyon adlı  mahnı festivalı keçirilir. Türkvizyonla Türkcəvizyonu  qarışdıranlar da var…  

– Bunlar arasında həm ad, həm də format baxımından fərqlər var. İlk növbədə Türkcəvizyon yarışma deyil,  festivaldır. Biz isə məhz müsabiqə keçirdiyimiz üçün maraqla qarşılandıq. Arzumuz  türk dünyasının gözəl səslərini bütün dünyaya tanıtdırmaqdır. Türkcəvizyonda ancaq Türkiyə türkcəsində mahnılar ifa edilir. Türkvizyonda isə hər bir ölkə öz dilində – qaqauz qaqauzca, özbək özbəkcə, azərbaycanlının isə Azərbaycan türkcəsində mahnı ifa etmək ixtiyarı var. Biz təkcə türkdilli yox, həm də türkkökənliyik. Türk dünyasının hər bir ölkəsində insanlar qürur duyacaq ki, onların dili nə qədər böyükdür. Makedoniya, Bosniya-Herseqovinada türk toplumları var və onların  iştirakçıları türk dillərinin birində oxuyur. 

– Türkvizyonda mahnılar hansı janrda olmalıdır?

– Türkvizyon pop-musiqi yarışmasıdır. Çünki türk dünyası ölkələrində bir çox folklor və etnik musiqi yarışmaları keçirilir. Pop-musiqi yarışması ilə biz  söyləmək istəyirik ki, türk dünyası inkişaf edib və dünyada tanınan ölkələr sırasındadır. Biz həm də pop-musiqisinin dinləmə auditoriyasını genişləndirmək istəyirik. Sentaybrın 20-də Eskişehirdə Türkvizyon mahnı yarışmasının tanıtımını keçirdikdən sonra  Kosovo, Bolqarıstan, Almaniya, Tvar, Kabardin-Balkar, Dağıstandan  iştirak etmək istədiklərini bildirdilər. Bu fəxr ediləcək bir haldır. Qeyd edim ki, müsabiqə artıq finala yaxınlaşır. Dekabrın 18-21-də final olacaq və qalib müəyyənləşəcək.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 606