«İslahatlar təkrarlanmaq üçün deyil, tərəqqinin əldə olunması məqsədini daşıyır»
«Ordunun Aynası» əlavəsinin növbəti müsahibi Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Xəzər İbrahimdir.
— Xəzər bəy, Azərbaycanın NATO ilə münasibətlərinin hazırkı durumunda üzə çıxan problemlər nədən ibarətdir?
— Azərbaycan-NATO münasibətləri davamlı dinamikası ilə inkişaf etməkdədir və hazırda ikitərəfli tərəfdaşlıq çərçivəsində hər hansı bir problemlər mövcud deyil. Azərbaycan NATO ilə qarşılıqlı səmərəli münasibətlərə malikdir və bu tərəfdaşlıq Azərbaycan xarici siyasətinin mühüm elementlərindən birini təşkil edir.
— Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP — FTƏP) 4-cü mərhələsinin razılaşdırılması nə zamana planlaşdırılıb? Bu istiqamətdə hər hansı gecikmə varmı?
— Hər iki tərəfin razılığı və təsdiqi əsasında tərtib olunan FTƏP sənədi iki illik müddəti əhatə edir. Azərbaycanın 2004-cü ildə qoşulduğu FTƏP ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə və eləcə də qarşılıqlı maraq doğuran məsələ ilə bağlı əməkdaşlıq tədbirlərini razılaşdırmağa imkan verir. Ölkəmiz 2005-2007-ci illəri əhatə edən I dövr və 2008-2010-cu illəri əhatə edən II dövr FTƏP-i başa çatdırmış, hazırda 2012-2013-cü illəri əhatə edən III dövr sənədi həyata keçirməkdədir. Cari FTƏP sənədinin müddəti bu ilin sonunda başa çatacaq və 20142015-cü illəri əhatə edəcək növbəti IV dövr FTƏP sənədinin təsdiqi 2014-cü ilin əvvəlində nəzərdə tutulub.
— 4-cü mərhələdə hansı islahatların aparılması gözlənilir? Bu islahatlar əvvəlki mərhələlərdə əksini tapanların təkrarıdırmı?
— FTƏP NATO ilə tərəfdaşlıq çərçivəsində ölkəmizin maraq və prioritetlərindən irəli gələn əməkdaşlıq məqsədlərinin həyata keçirilməsi mexanizmlərini ehtiva edir. FTƏP-in ümumi məqsədi ölkənin müxtəlif sahələri, xüsusilə müdafiə və təhlükəsizlik sektorunda islahatların aparılması və NATO standartlarına yaxınlaşdırılması yolu ilə ikitərəfli tərəfdaşlığı daha da gücləndirməkdir. 2005-ci ildən bu istiqamətdə bir çox irəliləyiş və nailiyyətlər əldə olunub. İslahatlar təkrarlanmaq üçün deyil, tərəqqinin əldə olunması məqsədini daşıyır.
— İPAP-ın 3-cü mərhələsində Azərbaycan Silahlı Qüvvələrində konkret hansı islahatlar həyata keçirildi? Nələr həyata keçirilmədi? Müdafiə Nazirliyində bəzi vəzifələrin, idarələrin mülkiləşdirilməsi istiqamətində hansı planlar var? Bunlarla bağlı İPAP-da nələr var? Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar NATO tərəfini qane edirmi? Hansı problemlər daha çox diqqət mərkəzindədir?
— Azərbaycanın müdafiə siyasətinin məqsədləri, əsasları və prinsipləri Milli Təhlükəsizlik Konsepsiyasında (2007), habelə həmin konsepsiyanın hərbi təhlükəsizliklə bağlı müddəalarının reallaşdırılmasını və onların inkişafını istiqamətləndirən Hərbi Doktrinada (2010) əks olunur.
Müdafiə və təhlükəsizlik sahəsində islahatlarda əsas məqsəd NATO-nun ekspertiza xarakterli yardımı və NATO standartlarının tətbiqi ilə mülki-demokratik nəzarət altında, effektiv və ölkənin ehtiyaclarına uyğun ölçüdə müdafiə və təhlükəsizlik sektorunu inkişaf etdirməkdir. Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda aparılan islahatlar nəticəsində ölkəmiz meydana çıxan təhlükəsizlik təhdidlərinə adekvat cavab vermək əzmindədir.
Azərbaycan NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyasının (ƏİK) Qiymətləndirmə və Rəy proqramının treninq, qiymətləndirmə və rəy alətlərindən istifadə etməyə davam edir. Azərbaycanın piyada bölüyü ƏİK prosesi çərçivəsində 2008-ci ildə 1-ci səviyyəli NATO qiymətləndirməsindən 2009-cu ildə isə 2-ci səviyyəli özünü-qiymətləndirmə təlimindən müvəffəqiyyətlə keçmişdir. Azərbaycan 2010-cu ildə piyada taborunu ƏİK Qiymətləndirmə və Rəy prosesinə elan etmişdir. 2011-ci ildə taborun 1-ci səviyyəli özünü qiymətləndirmə təlimini, 2012-ci ildə 1-ci səviyyəli NATO qiymətləndirmə təlimi müvəffəqiyyətlə keçirilmişdir. 2013-cü il payızında ikinci səviyyəli özünü qiymətləndirmə də uğurla başa çatmışdır. 2-ci səviyyəli NATO qiymətləndirməsinin isə 2014-cü ildə keçirilməsi planlaşdırılır. Uzunmüddətli olaraq, 2015-ci ilin sonunadək Azərbaycan, döyüşə dəstək və döyüşə xidmət dəstəyi daxil olmaqla bütöv bir taborun əməliyyatlarda açılması və özünü saxlamaq imkanında olması məqsədi ilə, müvafiq briqadanın təlim və təchizatını başa çatdırmağı planlaşdırmışdır.
Silahlı Qüvvələrdə təhsil və təlimin inkişafına xüsusi diqqət yetirilir. Müdafiə Nazirliyi təhsil və təlim üzrə yaxşı nailiyyətlər əldə etmişdir və bu sahədə müxtəlif istiqamətləri özündə birləşdirən müfəssəl plana malikdir. Hərbi Məktəblər, Hərbi Akademiya, Təlim və Tədris Mərkəzində Türkiyə təcrübəsinə və NATO standartlarına əsaslanan tədris planlarından istifadə olunur. 2002-ci ildən etibarən Hərbi Məktəbləri bitirən bütün zabitlər, bu tədris planlarına uyğun olaraq təhsil almışlar. Hərbi təhsil müəssisələrində NATO standartlarının tətbiqinin daha da gücləndirilməsi məqsədilə 2008-2013 illər ərzində Azərbaycanın NATO ilə birgə Təhsil və Tədris üzrə Fəaliyyət Planının işlənilməsi təmin olunmuşdur və onun yerinə yetirilməsi davam etdirilir.
— 2013-cü il üçün Azərbaycan NATO münasibətlərində hansı hadisələr yadda qaldı və 2014-cü ilə planlar nədən ibarətdir? Nəzərə alsaq ki, 2014-cü ildə NATO ilə SNT çərçivəsində tərəşdaşlığın 20 illiyi qeyd olunacaq, bu istiqamətdə hansı planlar var?
— 2013-cü il ərzində Azərbaycan Respublikası ilə NATO arasında müntəzəm siyasi məsləhətləşmələr davam etdirilmişdir: Baş Katibin müavinləri, müxtəlif məsələlər üzrə xüsusi nümayəndələri və çoxsaylı ekspertləri ölkəmizə səfər edib konkret əməkdaslıq planlarını müzakirə etmişlər. Siyasi məsləhətləşmələr məzmunca geniş mahiyyət daşıyaraq, formaca müxtəlif format və səviyyələrdə aparılmışdır. SNTnin 20 illiyi ilə bağlı 2014-cü ildə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planı tərtib edilmiş və bu istiqamətdə NATO ilə birgə fəaliyyətin aparılması planlaşdırılır.
— Azərbaycanın Əfqanıstanın sabitləşdirilməsindəki rolu nədən ibarətdir? 2014-cü ildən sonrakı planlar nə olacaq?
— 2003-cü ildən Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatında (ISAF) iştirak edir. Azərbaycanın töhfəsi siyasi, hərbi, logistik dəstək/hava və quru tranziti, habelə müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri kimi sahələrdən ibarətdir. Azərbaycan Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması üzrə NATO çərçivəsində və digər beynəlxalq siyasi proseslərdə, o cümlədən «Asiyanın ürəyi» prosesində yaxından iştirak edir.
Hazırda Azərbaycanın 94 nəfərlik birliyi ISAF əməliyyatının tərkibində xidmət edir və 2014-cü ilin sonunadək Əfqanıstanda qalacaqdır. Azərbaycanın hava məkanı ilə yanaşı, quru ərazisi də ISAF qüvvələrinin və yüklərinin Əfqanıstana və geriyə tranziti üçün istifadə olunur. Bakı-Tiflis-Qars dəmir yolunun tikintisindən və Ələtdə beynəlxalq dəniz limanının açılmasından sonra multimodal daşımalar üçün geniş imkanlar açılacaq. Uzunmüddətli perspektivdə, Azərbaycan ərazindən tranzit NATO-nun Əfqanıstandakı yeni missiyasının təchizatı, habelə Əfqanıstanın davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək.
2010-cu ildən başlayaraq illik əsasda Azərbaycan Diplomatik Akademiyası GSCP (İsveçrə) ilə birgə keçid kontekstində idarəçiliyin yaxşılaşdırılmasına töhfə qismində əfqan rəsmiləri üçün iki həftəlik təlim keçirir. ANAMA humanitar mina təmizləmə sahəsində Əfqanıstana yardım edir, bura əfqanların treninqi və onlara mentorluq edilməsi, ofis avadanlığının ianə edilməsi, yerli dillərdə mina maarifləndirməsinin artırılması üçün kitab və materialların hazırlanması və onların əfqan orqanlarına təhvili, minalara dair məlumatlandırma sahəsində müəllimlərin treninqi daxildir.
2014-cü ildən sonra NATO Əfqanıstanda yeni, fərqli missiya ilə mövcudluğunu davam etdirəcək. Yeni missiya qeyri-döyüş xarakterli olub, daha az kontingenti əhatə edəcək, Əfqan Təhlükəsizlik Qüvvələri və milli təhlükəsizlik təsisatları üçün Təlim, Məsləhət və Dəstək verilməsi məqsədini daşıyacaq.
NATO-nun Əfqanıstanda post-2014 missiyası üzrə Əməliyyat Konsepsiyası qəbul edilib, hazırda əməliyyatın planlanması üzrə iş davam etdirilir. Bura post-2014 missiyası üzrə Əməliyyat Planının hazırlanması, həmçinin qüvvələrin statusuna dair sazişin Əfqan hökuməti ilə razılaşdırılması daxildir.
Azərbaycan NATO-nun Əfqanıstanda post-2014 missiyası üzrə potensial əməliyyat tərəfdaşı kimi tanınan 10 dövlətdən biridir. Bu o deməkdir ki, Azərbaycan post-2014 missiyasına töhfə vermək öhdəliyi götürüb və missiyanın planlanması prosesində, qərar formalaşdırmada iştirak edir. Azərbaycanın yeni missiyaya töhfəsinin həcmi və xarakteri planlama tam baş çatdıqdan sonra müəyyən olunacaq.
Bundan əlavə, 2015-2024-cü illər transformasiya dekadası ərzində Əfqanıstanın davamlı inkişafına yardım kontekstində NATO Azərbaycanı aparıcı region dövlətlərindən biri kimi qiymətləndirir.
— Azərbaycan indiyə qədər Əfqanıstan milli ordusunun qurulması prosesinə nə qədər maliyyə ayırıb?
— Bildiyiniz kimi, bu Fonda dəstək NATO üçün əsas prioritetlərdəndir və Çikaqo sammiti, Xarici İşlər Nazirlərinin son iclası və digər yüksək səviyyəli görüşlərin sənədlərində öz əksini tapib. Əksər NATO və tərəfdaş ölkələr maliyyə dəstəyi verir. Bizim regiondan bunu yalniz Azərbaycan ve Gürcüstan edir. Azərbaycan 2012-ci ilin fevral ayında Əfqan Milli Ordusu üzrə Etimad Fonduna 1 mln. Avro məbləğində töhfə verib. Həmçinin Azərbaycan Respublikasının Prezidenti Çikaqo Sammiti zamanı Əfqan Milli Təhlükəsizlik Qüvvələrinin 2014-cü ildən sonra təminatı üçün Azərbaycanın 1 mln. Avro töhfə verəcəyini vəd edib. Hazırda 2014-cü ildən sonra Əfqan Milli Təhlükəsizlik Qüvvələrinin təminatı üçün maliyyə mexanizminin təsis olunması üzrə iş gedir. Maliyyə mexanizmi təsis olunduqdan sonra dövlətlərin vəd etdikləri töhfələrini ödəmələri mümkün olacaqdır.
— Dondurulmuş münaqişələrin nizamlanması istiqamətində NATO-nun rolunun artırılması perspektivini necə görürsünüz?
— NATO həlli uzadılmış münaqişələrin tənzimlənməsi ilə məşğul deyil və bu istiqamətdə təşkilatın tutduğu mövqeyində dəyişikliklərin baş verəcəyi az ehtimal olunur. NATO-nun Azərbaycan, Gürcüstan və Moldovanın ərazisində mövcud münaqişələrə dair mövqeyi Alyansın son Zirvə görüşünün Bəyannaməsində öz əksini tapmışdır. 2012-ci il 20 may tarixində Çikaqoda keçirilmiş Zirvə görüşündə NATO ölkələrinin dövlət və hökumət başçıları həlli uzadılmış münaqişələrlə bağlı bəyan etmişdilər ki, «Ermənistan, Azərbaycan, Gürcüstan və Moldova Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəyi ilə bağlı öhdəliyimizdə davamlıyıq və bu regional münaqişələrin göstərilən prinsiplər, beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktına əsasən sülh yolu ilə həllinə yönələn səyləri dəstəkləməkdə davam edəcəyik».