Muəllif:

İşığa möhtac Azərbaycan

Millətimizin yaşamaq enerjisi, ümid işığı, bu işığın dairəsi, deyəsən, «ildən-ilə daralıb sönməkdədir və bu sayağ ilə qalarsa, bir gün qəfil sönəcəyi aşkardır».
Üzeyir Hacıbəyli (1916)
Millətimizin işığı sönməyəcəkdir, çünki milyonlarla nəvələrə ümidimiz var, «… onlar özlərini aləmə saydıracaq böyük bir kütlə surətində vardırlar, onların işıqları da var olub artacaqdır».
Ömər Faiq Nemanzadə (1916)
Məmləkətdə gedən ictimai proseslərə biganə qalmaq olmur. Fırtınaqabağı sakitliyə bənzəyən qorxulu bir sükutda mürgüləyən məmləkətimizi sanki mənəvi-əxlaqi duman bürüyüb. Bəzən göz-gözü görmür, yaxşı ki, ara-sıra əsən küləklər qatı dumanı qovaraq sönük mənzərəni bizə tamamən göstərir. Bəlli olur ki, ətrafımızda ağ qaraya qarışıb, naxır və axur yerində olsa da, kimin əlinin kimin cibindən çıxması bilinmir, siyasilər arasında toplumu qətiyyən maraqlandırmayan söz davası gedir. Qəzetlərdə, TV ekranlarında, internet saytlarında nifrət havası yaradan ittiham, söyüş və təhqirlərin sayı artıb. Yağışdan sonra artan zəhərli göbələklər kimi çoxalmış əxlaqsız adamların suladığı meydan bir az da genişlənib. Bəlli ki, əxlaqın meydanı daralıb, mənəvi mühit kiçilib. Sanki millət mənəvi böhran içindədir, onun yaddaşında, ruhunda, qəlbində, hissiyyatında közərən bütün işıqlı nöqtələr tədricən öləziyib yox olmaqdadır. Və bütün bunlara «əşşi, hamısı cəhənnəm olsun, nə işimə qalıb ki…» demək də mümkünsüzdü.
Bütün bu proseslər yaşadığımız cəmiyyəti bürümüş kütləvi laqeydlik fonunda baş verir, sanki adamlar hipnoz olub, qonşuluqdakı yanğının onun evinin kandarını qarsdığını hiss etmir. Hər tərəfdə bir süstlük, susqunluq və pərişanlıq havası var, elə bil 20-25 il əvvəl dəniz kimi çalxalanan bizlər yox, başqa bir toplum imiş. İctimai proseslərə göstərilən bu laqeydlik (bəlkə də qorxaqlıq) cəmiyyətin bütün təbəqələrinə nüfuz edib: uşaqdan böyüyə, avamdan təhsilliyə, varlıdan kasıba əksəriyyət qəflət yuxusunda uyuyan kimi görünür. Düçar olduğu laqeydlik naxoşluğunun əlacını tapmaqda xalqa gerçək kömək istəyənlərin səsi isə yeddi arşınlıq quyunun dibindən gəlir. Ötən əsrin əvvəllərində milli istiqlal savaşına başlamış və onu qalibiyyətlə sona çatdırmış azadlıq mücahidlərimiz bu durumu görsəydilər, mütləq belə deyərdilər: ruhsuz, həvəssiz və laqeyd cəmiyyət heç vaxt öz taleyinin sahibi ola bilməz.
Yaxşı ki, bu proseslər fonunda demokratik qüvvələrin Milli Şurasını yaratmaq təşəbbüsü ortaya çıxıb. Bu təşəbbüs cəmiyyətin canından bir elektrik cərəyanı kimi keçərək, yeni dalğa yaradıb. O səbəbdəndir ki, çoxları gərnəşərək ictimai proseslərə tərəf boylanır və nə baş verdiyini anlamağa çalışır. Mətbuatdan bilinən budur ki, Milli Şura Azərbaycanda avtoritarizmdən demokratiyaya keçidi qarşısına məqsəd qoymuş bir qurum olacaqdır. Ona görə də gerçək müxalif cəbhənin lokomotivinə çevriləcək Şurada toplumun müxtəlif təbəqələrinin cəmlənməsi vacibdir ki, cəmiyyəti dolğun təmsil edə bilsin.
Müxalif cəbhənin birləşəcəyi bu qurumun formalaşması ilə bağlı mənim diqqətimi iki məqam cəlb edir: birincisi Şuraya dəvət olunanların müəmmalı davranışı, ikincisi isə dəvət olunmayanların açıq hay-həşiri. Birinci məqamda özünü naza qoyan, imtina üçün çeşidli səbəblər axtaran bəzi tanınmışlar və xırda partiya rəhbərləri rentgen qarşısında dayandıqlarını sanki hiss etmir, kimdən və nədənsə asılı olduqlarını pərdələməyə çalışırlar. İkinci məqam isə əməlli-başlı siyasi məzhəkəçilikdir. Ağalarından sifariş almış bu məzhəkəçilər babat intellektləri və olmayan nüfuzları ilə cəmiyyəti çaşdırmağa çalışırlar. Məhz ikinci «cəbhənin» təmsilçiləri və onların mediadakı mənəvi qardaşları Azərbaycanda ictimai əxlaqı pozmağa, mənəviyyatı tapdalamağa, adamları ruhdan salmağa, ümidsizlik, inamsızlıq yaymağa, beləliklə də məmləkətin işığını azaltmağa çalışanlardır.
Milli Şura ideyasını gözdən salmağa çalışanlar davranışlarının səbəbini bu quruma dəvət olunmamaları ilə izah edirlər. Əcəba, bunu anlamaq çox çətindirmi ki, saray cəlladının əbası altında gizlənib humanizmdən dəm vurmaq olmaz. Gecə oğurluğa gedib, gündüz dürüstlükdən danışmaq da əxlaqsızlıqdır. Yeri gəlmişkən, siyasətin bir əxlaqsızlıq olduğu barədə feodalların uydurduğu nağıllardan da çəkinmək gərəkdir. Çünki əxlaqsızlıq təkcə siyasətin yox, adamların da, cəmiyyətin də, bütövlükdə məmləkətin də işığını azaldır.
[email protected]

Aynanın yeni köşə rubrikasından.

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 162