İşğal rayonlarının poçt indeksləri keçərlidir
«Azərpoçt» MMC-nin portalında Ermənistan tərəfindən işğal olunmuş rayonların kənd poçt şöbələrinin indeksləri də yerləşdirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bildirir ki, əvvəllər portalda yalnız işğal olunan rayonların mərkəzi poçt şöbələrinin indeksləri yerləşdirilib. İndi vəziyyət dəyişib. «Azərpoçt»un baş direktoru Qənbər Bəybalayev məsələ ilə bağlı bildirib ki, «artıq istənilən şəxs istənilən kəndin indeksi ilə tanış olub yerləşdiyi ərazidən asılı olaraq işğal olunmuş rayonun poçt şöbəsindən bütün dünyaya məktub göndərə bilər. Bu, özü bir təbliğatdır. Biz bu təbliğatın tərkib hissəsi olaraq işğal olunmuş rayonların kəndlərinin poçt şöbələrini yaradırıq. Bir qədər əvvəl Xocalı Rabitə Qovşağının Xankəndi poçt şöbəsi istifadəyə verilib ki, oradan istənilən sakin bütün xidmətlərdən bəhrələnə bilər. Bölgələrdə məcburi köçkünlərin yaşadığı qəsəbələrdə bu istiqamətdə iş aparılır», — deyə baş direktor əlavə edib.
«Azərpoçt» vətəndaşların xidmətlərdən geniş şəkildə istifadə etməsi üçün www.azerpost.az portalında bütün xidmətləri ən sadə və izahlı şəkildə təqdim edir.

