Muəllif:

İsa Sadıqovla bağlı mətbuat konfransı təşkil edilib

Bu gün hüquq-mühafizə orqanları əməkdaşlarının fəal iştirakı ilə İsa Sadıqovla bağlı heyrət və təəccüb doğuran mətbuat konfransı təşkil edilib və burada nə az, nə çox 21 il öncə baş vermiş və itki ilə müşayiət olunmuş (döyüşdə itkilərin olmasında təəccüblü nə var ki?)hərbi əməliyyat çözələnib. Şəhid ailələri Lələkənd və Ballıqaya əməliyyatlarına rəhbərlik etmiş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb ediblər…
Mətbuat konfransında Lələkənd və Ballıqaya döyüş əməliyyatı zamanı əməliyyata rəhbərlik etmiş şəxslərin (söhbət hazırda mühacirətdə olan İsa Sadıqovdan gedir) cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı həmin döyüşdə şəhid olmuş 29 döyüşçünün valideynləri də olublar.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Respublika Hərbi Prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov bildirib ki, həmin fakta görə 25 fevral 1993-cü il tarixində Qazax qarnizonu hərbi prokurorluğu tərəfindən 01.09.2000-ci il tarixədək qüvvədə olmuş CM 255-ci maddəsinin V bəndi ilə cinayət işi başlanılıb və istintaqı aparılıb. Müxtəlif dövrlərdə həmin cinayət işinin icraatı dayandırılsa da, zərərçəkmişlərin müraciətləri əsasında qərar 14 aprel 2012-ci il tarixində təzələnib və CM-nin 341.3-cü maddəsinə tövsif olunub.

Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədov bildirib ki, 707 saylı hərbi hissənin döyüş əməliyyatı zamanı 28 nəfər düşmən tərəfindən Lələkənd yaxınlığında, 3 nəfər Ballı Qaya istiqamətində mühasirəyə alınaraq qətlə yetirilib, çoxsaylı hərbçi isə müxtəlif bədən xəsarətləri alınıb. Bu cinayət işi 1993-cü ilin fevralında başlanıb. Lakin işin tam obyektiv aparılması təmin olunmayıb. Bunun da obyektiv və subyektiv səbəbləri olub: “Cinayət işi yenidən öyrənilərkən yenidən ekspertiza təyin olunub və ekspertiza Müdafiə Nazirliyinin döyüş hazırlığı idarəsinin mütəxəssislərinə həvalə olunub. Ekspertiza zamanı 707 saylı hərbi hissə komandanlığının səriştəsizlik göstərdiyi, mühasirədə olan şəxslərin çıxarılması üçün heç bir addım atılmadığı göstərilib. İş zamanı müəyyən olunub ki, sabiq hərbi hissə komandiri İsa Sadıqov tərəfindən özbaşına keçirilmiş əməliyyat korpus komandiri Dadaş Rzayev və müavini Hamlet Hüseynovla razılaşdırılmayıb. Cinayət işinin istintaqı zamanı məlum olub ki, İsa Sadıqov komandir vəzifəsində şəxsi maraqlarından çıxış edib, qulluq səlahiyyətini aşıb, özbaşına qərarlar qəbul edib. Tabeliyində olan birinci taborun birinci bölüyünü döyüş əməliyyatına cəlb edib. Baş leytenant Novruz İsmiyev şəxsi heyətin döyüşə hazır olmadığını söyləsə də, buna fikir verilməyib”.

Ü.Əhmədov bildirib ki, Bakı Hərbi Məhkəməsi tərəfindən İ.Sadıqov barəsində 12 iyun 2013-cü il tarixində həbs qərarı verilib: “Qazax rayon Polis Şöbəsi isə həmin qərar əsasında İ.Sadıqov barəsində iyunun 16-da beynəlxalq axtarış elan edib. İstintaq davam edir”.

Həmin dövrdə hərbi hissədə tabor komandiri olmuş, polkovnik-leytenant Novruz İsmiyev deyib ki, bu tapşırığı alındıqdan sonra hərbi hissə komandirinə hazırlıq üçün vaxt lazım olduğunu bildirib, lakin təklif qəbul edilməyib: “Tapşırığın, döyüşün məqsədini və niyyətini tam aydınlaşdırmadı. Məni tabor komandiri kimi döyüşü idarə etməkdən uzaqlaşdırdı”.

Bölük komandiri olmuş Valeh Sadiqli bildirib ki, onlara verilən tapşırıq 90% yerinə yetirilib: «Briqada komandiri kömək göndərməyə söz versə də, ehtiyac olan köməyi göndərmədi. Biz demək olar ki, kəndi almışdıq. Lakin kömək gəlmədi. Amma söz vermişdilər ki 11 tank, BMP və 200 nəfər şəxsi heyət köməyə gəlməli idi».

Daha sonra Lələkənd döyüşündə şəhid olmuş döyüşçülərin valideynləri çıxış ediblər. Şəhid atası Həsən Musayev bildirib ki, oğlunun şəhid olması barədə ona hərbi hissə komandanlığı tərəfindən heç bir məlumat verilməyib. Fevral ayınadək oğlunun meyitini axtardığını deyən H.Musayev üç görüşdən sonra fevralın 11-də şəhidlərin meyitlərinin onlara təhvil verildiyini söyləyib. Meyitlərin 26-sı Qazax Şəhidlər Xiyabanında dəfn olunub.

Tədbirdə 31 nəfər əsgərin şəhid olması faktına görə səbəbkarların tapılıb cəzalandırılması tələb olunub.
Bu hadisələrin baş verdiyi aylarda İsa Sadıqovun Qazaxda əhali arasında necə böyük hörmət sahibi olduğunu xatırlamalı oluruq. Onun bir vaxt həbs olunması da orada birmənalı qarşılanmadı. Və birdən, 21 il sonra yenidən geriyə qayıdış… Sual doğuran budur ki, bu məsələlərdə qaranlıq məqamlar olubsa, niyə indiyədək araşdırılmayıb, İsa Sadıqov bir vaxt mühakimə edilərkən bu iki məsələyə niyə toxunmayıblar? Niyə bu məsələ məhz indi qabardılır?
İsa Sadıqovun reaksiyasını gözləməli olacağıq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 252