Muəllif:

İsa Qəmbərin «qızıl imkan»ı

Müsavat başqanı İsa Qəmbərin 2013-cü il prezident seçkilərində namizədliyinin irəli sürülməsi ölkə siyasi mühitində ciddi rezonans yaradıb. İndi ən çox müzakirə edilən bu mövzudur. Ötən ilin sonlarına qədər İctimai Palatada «vahid namizəd» formulu ətrafında aparılan qəzəbli diskussiyalar bu düşərgənin protest elektoratında xoş illüziyalar doğururdu. «Bir bayraq altında» yığışmaq tələbi irəli sürən müxalifətin elektoratı qələbə formulunu bir namizəddə görürdü. İndi isə vəziyyət dəyişir… Bəs bundan sonrakı proseslərdə nə kimi dəyişiklik mümkündür?
Müsavat Partiyası öz namizədini irəli sürməklə seçki ilində siyasi arenada münasibətlərin yalnız onunla çözülə biləcəyi barədə iqtidara mesaj göndərdi. Yəni İsa Qəmbər faktik olaraq 2013-cü il seçkilərinin bütün siyasi məsuliyyətini öz üzərinə götürməklə «oyun»un məhz onunla aparılmasını tələb edir. Son illərdə xeyli daralmış müxalifət düşərgəsi nüfuzlu siyasi rəhbərlərini bir-birinin ardınca itirib. Artıq meydanda Etibar Məmmədov, Rəsul Quliyev, Lalə Şövkət, Əbülfəz Elçibəy yoxdur. İndi bütün müxalifət düşərgəsinin uğuru, məsuliyyəti iki partiyanın — AXCP və Müsavatın üzərinə yüklənib.
Odur ki, İsa Qəmbər üçün artıq 10 il əvvəl olduğu kimi seçki ərəfəsində nüfuzlu siyasi liderlərlə günlərlə davam edən müzakirələr aparmağa hacət qalmayıb. Meydan indi boşdur: Müsavat başqanı da bu «qızıl imkan»ı əldən vermək istəmir. Çünki seçkilərdən əvvəl və sonrakı proseslərdə favorit kimi əsas lider obrazında çıxış etmək şansı yaranıb.
Maraqlı situasiyadır: AXCP və onun lideri Əli Kərimli bu situasiyada nə cür davranacaq? «Təzə xanə»dən başlayacaq? Axı seçkilərdə öz namizədi ilə iştirak qərarını verən Müsavat faktik olaraq AXCP sədrinə şans qoymadı. İndi onlara ya İsa Qəmbəri dəstəkləmək lazım gələcək, ya da «təzə xanə»dən oynamaq…
AXCP üçün İctimai Palatanın dağılması ən arzuolunmaz haldır. Görünür, Əli Kərimli İsa Qəmbəri təbrik etməklə daha çox seçki marafonunun İP-yə mümkün zərbəsinin qarşısını almağı düşünüb. İndi İctimai Palata münasibətlərin öyrənilməsi üçün «menzurka»ya çevrilib. Müsavat Partiyasının bu qərarı İctimai Palata daxilində necə əks-səda verəcək? Bu hələ məlum deyil. İctimai cəhətdən fəal olan ayrı-ayrı fərdlərin toplaşdığı İP-nin seçki marafonunda hansı rolu oynayacağı isə qarşıdakı aylarda bilinəcək.
Beynəlxalq təşkilatların Azərbaycanda keçiriləcək seçkilərlə bağlı mövqeyi isə daha çox geopolitik maraqlardan asılı vəziyyətdədir. Qərbin «demokratik seçkilər» çağırışı indi daha çox hazırkı iqtidarı «islahatlara çağırış» fonunda səslənir. İndiki halda bir şey dəqiqdir: Həm müxalifət, həm də iqtidar 2013 seçkilərinə özlərinin bütün resurslarını cəlb etməklə hazırlaşır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 188