İsa Qəmbər Milli Şuraya «qırmızı xətləri» xatırladıb
Müsavat Partiyası başqanı İsa Qəmbər çərşənbə axşamı partiya qərargahında jurnalistlər üçün brifinqində günün siyasi hadisələrinə toxunarkən Milli Şuranın yaradılması “ciddi hadisə” adlandırılıb. Eyni zamanda, ölkənin gələcək hakimiyyətinə iddialı, alternativ siyasi güc mərkəzi olan Milli Şuranın ölkənin daxili və xarici siyasətinə aid bütün məsələlərə aydın və birmənalı cavab verməli olduğunu nəzərə çatdırıb. Müsavat Partiyasının avrointeqrasiya tərəfdarı olduğu deyilib. MŞ yaradılarkən bu məsələnin diqqət mərkəzində olduğu söylənilib. Amma qurumun təsis olunmasına az qalmılş bu məsələ Bəyannamədən çıxarılıb. Müsavat lideri bu müddəanı zəruri saydığını deyərək, qurum təsis edildiyi gün bu məsələyə xüsusi qayıdıldığını və sənəddə kompromis şəkildə əksini tapdığını deyib. “Müsavat Partiyasının Milli Şura ilə qırmızı xətlərə qədər əməkdaşlıq düsturu qüvvədədir”, — deyə Müsavat lideri mövqeyini açıqlayıb. Müsavat Partiyasının ölkənin həyatına görə məsuliyyət daşıdığı, siyasi, ideoloji prinsipləri olduğu nəzərə çatdırılıb.
Demokratik qüvvələrin prezident seçkilərində vahid namizədlə iştirakı məsələsinə Müsavat Partiyasının tərəfdar olduğu vurğulanıb. Vahid strategiya, vahid hədəf, vahid platforma olacağı halda vahid namizəd olması məntiqli sayılıb.
Amma bunun avtomatik həll edilmədiyi, ciddi müzakirələrdən keçdiyi xatırladılıb.
MŞ-nın namizədi 2 il müddətinə prezident seçilir. İki il müddətində bütün sahələr üzrə islahatlar aparılır, prezidentli respublikadan parlamentli respublikaya keçid təmin edilir. Burada məsələ var ki, parlament səviyyəsində, məsələ var ki, xalq referendumu səviyyəsində həllin tapır. Bütün bu və ya digər məsələlər barədə yekun razılıq olduqdan sonra Müsavat Partiyasının hansısa vahid namizədi dəstəkləməsi mümkün sayılır. MŞ-nın sədri Rüstəm İbrahimbəyov iyunun sonunda ölkəyə qayıtdıqdan sonra bu məsələnin müzakirə obyekti olacağı deyilib. Ciddi danışıq, müzakirə, qərar olmadan Müsavat Partiyasının son sözünü deməyəcəyi açıqlanıb.
Müsavat Partiyasının prezidentliyə namizədi olaraq İ.Qəmbər seçkilərə hazırlıqların davam etdirdiyini bildirib. Milli Şura çərçivəsində tam anlaşma olduqdan sonra mövqedə dəyişiklik ola biləcəyi nəzərə çatdırılıb. Milli Şuranın təsis olunması ilə işin başa çatmadığı, əksinə, bundan sonra başlandığı vurğulanıb. Milli Şura üzvlərinin, ətrafının, ölkədə dəyişklik istəyən hər bir vətəndaşın fədakarlıq göstərməsinin lazım gəldiyi, bunun nəticəsində dinc xalq hərəkatının formalaşmasının zəruriliyi qeyd edilib.
Müsavat lideri YAP-ın V qurultayı və dövlət başçısı İlham Əliyevin fikirlərinə də mövqe ifadə edib. Bu qurultayda İ.Əliyevin özünü bir prezidentliyə namizəd kimi göstərmədiyi, çıxışında namizəd olaraq perspektivdə nələr edəcəyinə toxunmadığı deyilib. İ.Qəmbərin fikrincə, bu qurultayda YAP sadəcə öz namizədini müəyyən edib. İ.Əliyev isə namizəd olmaq istəyini ifadə etməyib.
İ.Qəmbər hakimiyyətin mövqeyinin zəif olduğunu, daxildə və xaricdə dayağı olmadığını söyləyib. Avropanın “hüquqi dili” olan Venesiya komissiyasının İ.Əliyevin namizədliyinin 3-cü dəfə irəli sürülməsinin hüquqa zidd olması bəyanatı səsləndirməsinə diqqət çəkib.
Hakimiyyətin ziddiyyətli davranışı qeyd edilib. Buna nümunə kimi ARDNŞ-in ermənilərə qaz satması bəyanatı göstərilib. İ.Qəmbər Azərbaycan QHT-lərini erməni QHT-lərlə əlaqələrə görə az qala “xalq düşməni” çıxaran iqtidarın ermənilərlə ticarət qurmaq istəməsini tənqid edib.