Muəllif:

İsa Qəmbər: Əllərindən bir iş gəlməyənlər birlik çağırışı edir

Siyasi gündəmə fon verməyi bacaran, mülahizələri hər zaman diqqət və müzakirələrə yol açan bir siyasi lider olaraq İsa Qəmbər gənclərlə görüşündə indiki situasiyaya dair diqqəti çəkən yeni fikirlər söyləmiş, ən çox danışılan vahid namizəd və ya müxalifətin birlik məsələsi mövzularında önəmli açıqlamalarda bulunmuşdur. Bu gün yenə də prezidentliyə namizəd olan İsa Qəmbər müxalifətin birlik məsələsinə münasibət bildirərkən xatırladıb ki, 2003-cü ildə vahid namizəd mövzusunda ondan çox əziyyət çəkən olmayıb.
APA-nın xəbərinə istinadən, İsa Qəmbər deyib ki, Müsavat Partiyası həqiqi müxalifətin birliyinə tərəfdardır. Onun sözlərinə görə, bəzi partiyalar tez-tez birlik məsələsini qaldırsalar da, əslində mövqeləri başqadır və heç bir fəaliyyət göstərmirlər. Başqan bu «çağırışçı» partiyaları 3 qismə bölür:
“Azərbaycanda olan partiyaların bir qismi hakimiyyətin, bir qismi Rusiyanın, digər qismi də İranın nəzarətindədir. Əllərindən başqa iş gəlmir, tez-tez birlik çağırışı edirlər. Bir sıra partiya liderlərinin müsahibələrinə baxın. 10 açıqlama, bəyanatdan 8-i Müsavata qarşı hücumdur. Son iki ildə hansısa bir addım atıblarmı? Hansısa mitinq təşkil ediblərmi? Hansısa mitinqdə kütləvi iştirak ediblərmi? Ciddi bir təşəbbüs irəli sürüblərmi? Hələ bildiyim özəl informasiyaları kənara qoyuram və sırf mətbuatda olan informasiyaları deyirəm. Həmin partiyalarla hansı birlik əldə etmək olar? Bu birlik xalqa nə verəcək? Gücləri yox, mövqeləri yox, amma deyirlər ki, “gəlin, birgə vahid namizədi müəyyənləşdirək”. Bu, təbii ki hamısına aid deyil. İctimai Palataya daxil olanlarla biz müttəfiqik, digər partiyalarla da normal münasibətlərimiz var”.

İsa Qəmbər müxalifətin seçkilərdə vahid namizədlə iştirakına da münasibət bildirərək qeyd edib ki, 2003-cü il prezident seçkiləri ərəfəsində vahid namizəd ideyası ilə bağlı təkliflə çıxış etsə də, razılıq əldə olunmayıb və yenidən bu istiqamətdə çalışmaq fikri yoxdur:
“Mən heç yerdə özümü vahid namizəd elan etməmişəm. Partiya məni namizəd elan edib, namizədəm və vahid namizədlik iddiam da yoxdur. Kim istəyirsə, xeyrini görsün. Yığışsınlar, müəyyənləşdirsinlər, niyə etmirlər? Bir neçəsinə demişəm. İki gündən bir deyirlər ki, gəlin yığışaq vahid namizədi müəyyənləşdirək. Deyirəm ki, sizinlə birlikdə vahid namizədi müəyyənləşdirməyə marağım yoxdur. Sadəcə olaraq, məsələdə başqa məqam var. Müsavat Partiyası olaraq, biz həmişə birlik tərəfdarı olmuşuq. 2003-cü ildə vahid namizəd mövzusunda məndən çox əziyyət çəkən olmayıb. Bütün siyasilərlə görüşüb, söhbətlər etmişik. Faktiki olaraq heç kim razılaşmadı. Mənim o vaxt bu məsələyə sərf etdiyim enerjiyə heyfim gəlir və yenidən mənası olmayan, hətta ziyan verəcək işə qoşulmaq istəmirik”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125