Muəllif:

İş icraçısının məhkəməsi başladı

Tikintidə baş verən faciəli hadisədə təqsirli bilinən iş icraçısı Rövşən Hüseynlinin cinayət işi üzrə məhkəmə başladı. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan etdi. Prokuror bildirdi ki, Xəzər rayonu Şüvəlan qəsəbəsi Hacı Mövlan bağlar yaşayış sahəsində Cəlilabad rayon sakini Rasim Əliyev bağ evinin tikilməsi üçün Rövşən Hüseynli ilə müqavilə bağlayıb.
Rövşən Hüseynli rəhbərlik etdiyi fəhlə briqadası ilə həmin ünvanda bağ evinin inşasına başlayıb. Bu ilin avqustun 20-də tikilməkdə olan bağ evinin beton örtüyü uçub. Orada işləyən Sabirabad rayon sakini Emin Hüseynov, Türkiyə vətəndaşları Mustafa Taşkıran və Sevgen Calkan uçqunun altında qalıb. Hadisə zamanı Emin Hüseynov ölüb, Mustafa Taşkıran və Sevgen Calkan isə xəstəxanaya yerləşdiriliblər.
Rövşən Hüseynli elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi. O, hadisə baş verməzdən əvvəl tikinti aparılan yerə gəldiyini qeyd etdi: “Həmin vaxt beton tökülürdü, fəhlələr də işləyirdi. 2-3 dəqiqə keçmədi ki, beton tökülən yerdə uçqun oldu. Həmin vaxt 6-7 nəfər fəhlə işləyirdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, bağ evinin tikintisi üçün layihəni hazırlayıb və həm də tikintiyə ümumi rəhbərlik edib. O, qeyd etdi ki, fəhlələrə iş zamanı ehtiyatlı olmağı tapşırıb: “Fəhlələrlə əmək müqaviləmiz yox idi. Çünki fəhlələr tez-tez dəyişirdi. Hər fəhlə tikintidə 4-5 gündən artıq işləməyib. Onları hər dəfə əmək mühafizəsi qaydaları ilə tanış etmişik. Fəhlələrə tikintidə mühafizə olunan geyimlərdə vermişdik. Istəyən geyinirdi, istəməyən geyinmirdi”.
Onun bildirdiyinə görə, Mustafa Taşkıranı tikinti aparılması üçün dəvət edib. O, bildirdi ki, tikintidə işləyən fəhlələri də Mustafa Taşkıran gətirib: “Tikintidə qəliblərin qoyulmasına baxdım və Mustafa Taşkırana dedim ki, beton tökülən yerdə olan armaturlar nazikdir. Mustafa problemlərin yaranmayacağını bildirdi. Mustafa otellərin tikilməsi ilə məşğul olduğunu, belə armaturlardan otellərin tikintisində də istifadə etdiyini dedi”.
Rövşən Hüseynli bildirdi ki, bundan əvvəl heç vaxt tikinti işi ilə məşğul olmayıb. Memar olduğunu xatırladan təqsirləndirilən şəxsin sözlərinə görə, bu işə Rasim Əliyevin istəyi ilə qoşulub. O, zərərçəkmişlərə maddi yardım da göstərildiyini bildirdi. Zərərçəkmiş Mustafa Taşkıran bildirdi ki, heç kimdən şikayətçi deyil. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədi. Mustafa Taşkıranın sözlərinə görə, tikintidə nəzarətçi olub: “Tikinti inşa olunan zaman Azərbaycanda olmamışam. Ramazan bayramı ilə bağlı Türkiyəyə getmişdim. Türkiyədən qayıtdıqdan sonra inşa olunan bağ evinə getdim. Orada beton tökülürdü. Beton tökülən tikilinin altında dayanmışdım. Həmin vaxt uçqun oldu, üstümə beton töküldü. Möcüzə nəticəsində sağ qalmışam. Mənim yanımda olan fəhlə öldü. Bu hadisə ehtiyatsızlıqdan baş verib”.
Mustafa Taşkıran bildirdi ki, Azərbaycanda 18 ildir tikinti sektorunda çalışır. Onun sözlərinə görə, bundan da ağır işlər görüblər. O, ilk dəfədir belə faciə ilə rastlaşdığını bildirdi. Məhkəmə iclası dekabrın 10-da davam etdiriləcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 220