İş adamının həbsi ilə bağlı ağlasığmaz açıqlamalar səsləndirildi
Goranboy və Gəncədə tikinti işləri ilə məşğul olan iş adamı Müqayis Verdiyevin həbsi ilə bağlı mətbuat konfransı keçirilib. Verdiyevin vəkili, Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov hüquqlarını müdafiə etdiyi şəxsin həbsinin səbəbləri barədə danışaraq bildirib ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev ilə M. Verdiyev arasında rayonda abadlıq işlərinin aparılması ilə bağlı şifahi razılaşma olub.
Vəkil deyib ki, razılaşmaya görə, M. Verdiyevə görəcəyi işin müqabilində N.Quliyev tərəfindən 256 min manat ödənilməli idi: “Lakin iş adamı gördüyü işləri başa çatdırsa da, ona yalnız 100 min manat verilib, qalan 156 min manat isə ödənilməyib. İş adamı pulun qalan hissəsini tələb etsə də, heç bir nəticəsi olmayıb. Əvəzində, Nizaməddin Quliyev vəsaiti ödəməmək üçün müavini Baxış Abdullayev vasitəsilə Müqayis Verdiyevə qarşı ittiham irəli sürüb və onu həbs etdirib. İttihamlardan biri Müqayis Verdiyevin fəhlələri iğtişaşa cəlb etməsi, digəri isə fəhlələrin 25 min manat vəsaiti mənimsəməklə bağlıdır. Nəticədə mart ayında Müqayis Verdiyev barəsində külli miqdarda vəsaiti mənimsəmə maddəsi ilə həbs qətimkan tədbiri seçilib və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır”.
M. Verdiyev barədə irəli sürülən ittihamların əsassız olduğunu iddia edən vəkilin sözlərinə görə, icra başçısı ondan da Vəkillər Kollegiyasına şikayət edib: “İcra başçısı iddia edir ki, mən mətbuata müsahibələrimdə onun ünvanına təhqiramiz ifadələr səsləndirmişəm. Halbuki, mən bütün müsahibələrimdə Müqayis Verdiyevə istinad etmişəm”.
Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Baxış Abdullayev isə APA-ya açıqlamasında bildirib ki, Müqayis Verdiyevin oğlu Anar Verdiyev və Adəm Məmmədov onun haqqında mətbuata şər-böhtan xarakterli məlumatlar verdikləri üçün onları məhkəməyə verib: “Müqayis Verdiyevin məsələsinə gəldikdə, bununla bağlı Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən istintaq aparılır”.