Muəllif:

İş adamının fəaliyyətinə qanunsuz müdaxilə edən məmur cəzalanacaq

İş adamlarının fəaliyyətinə qanunsuz müdaxilə edən məmurların inzibati və cinayət məsuliyyətinə cəlb olunması ilə layihə parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq. İnzibati Xətalar və Cinayət məcəllələrinə ediləcək əlavələr ötən sessiya yeni qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanundan irəli gələn şərtlərə əsasən müzakirə olunacaq.

Yeni qanunda üç risk qrupu müəyyənləşib. Yüksək risk qrupuna aid sahibkarların fəaliyyəti ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna aid sahibkarların fəaliyyəti iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupuna aid sahibkarların fəaliyyəti üç ildə bir dəfədən çox olmayaraq yoxlana bilər. Plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Həmçinin yoxlamaların elektron uçotu aparılmalıdır. Cinayət və İnzibati Xətalar məcəllələrinə ediləcək əlavələrə görə, yeni qanunda təsbit olunan risk qruplarına müvafiq olaraq təyin olunmuş vaxtdan kənar sahibkarları mexaniki və inzibati yanlışlıq üzündən yoxlayanlar inzibati məsuliyyətə cəlb olunacaq. Bura müvafiq olaraq müxtəlif dərəcəli inzibati cəza tədbirləri, maaşların müvafiq mislində cərimələr, eyni zamanda vəzifəsindən azad olma daxildir. Sahibkarın fəaliyyətini vəzifəsindən sui-istifadə edərək yoxlayanlar, sahibkarın fəaliyyətinə ciddi zərər vuranlar isə cinayət məsuliyyətinə cəlb olunacaqlar.

Bununla bağlı Cinayət Məcəlləsinə təklif olunan cəzalar arasında azadlıqdan məhrum etmə cəzası da var. Bura ictimai işlərlə yanaşı işin motivindən asılı olaraq 1, 3, 6 və ya 8 ilə qədər azadlıqdan məhrum etmə ilə bağlı təkliflər daxildir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134