İş adamı yersiz yoxlama və müdaxilədən qorunacaq?
Yoxlayıcı məmurlar ordusunu yedirən iş adamları bu xəbəri oxuyub yəqin ki güləcəklər. Adamın heç inanmağı gəlmir. İş adamını yersiz yoxlama və müdaxilədən qorumaq üçün yeni qanun müzakirəyə çıxarılıb… Nağıl söhbətdir, ona görə ki, 20 ildir bu sahədə mənasız söhbətlər gedir, neçə-neçə sərəncamlar çıxıb, lakin qüdrətli məmurlar ordusu bütün bu cəhdləri heçə çıxarmağa müvəffəq olub. Heç şübhəsiz bu dəfə də elə olacaq. Çünki bir tərəfdən bu barədə danışır, digər tərəfdən yeni-yeni yoxlayıcı və müdaxilə səlahiyyəti verilmiş strukturlar yaradır, onlara büdcə hesabına qəşəng-qəşəng ofis binaları tikilməsinə büdcədən yaxşı-yaxşı pullar ayırırıq.
İndi də xəbər yayıldı ki, sahibkarları yersiz yoxlamalar və müdaxilələrdən qorumaq, yoxlayıcı orqanlar tərəfindən həyata keçirilən planlı və plandankənar yoxlamaların sahibkarların normal fəaliyyətinə mane olmaması üçün yeni qanun qəbul olunacaq.
Trend-in məlumatına görə, bununla bağlı cümə axşamı MM İqtidadi Siyasət və Hüquq Siyasəti və Dövlət Quruculuğu komitələrinin birgə keçirilən iclasında «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanun layihəsi müzakirəyə çıxarılır.
Qanun layihəsində sahibkarların risk qrupları üzrə bölgüsü (yüksək, orta və aşağı riskli) aparılır və məhz bu bölğünün nəticəsindən asılı olaraq yoxlamaların aparılması tezliyi müəyyən edilir.
Qanun layihəsinə əsasən, yüksək risk qrupuna aid sahibkarlara ildə bir dəfədən çox olmayaraq, orta risk qrupuna iki ildə bir dəfədən çox olmayaraq, kiçik risk qrupuna aid sahibkarlara isə üç ildə bir dəfədən çox olmayaraq, plan üzrə yoxlamanın müddəti orta və kiçik sahibkarlara münasibətdə 5 gün olmaqla, iri sahibkarlara münasibətdə isə 10 gündən artıq olmamaqla aparılır. Plandankənar yoxlama isə müvafiq olaraq iri sahibkarlara münasibətdə 5 gündən, orta və kiçik sahibkarlara münasibətdə 3 gündən artıq olmamalıdır. Yoxlamaların elektron uçotu aparılmalıdır.
Plandankənar (növbədənkənar) yoxlamalar yeni qanun layihəsinə görə yoxlayıcı orqanın istəyi ilə yox, məhz konkret qanunun tələb etdiyi hallarda keçirilə biləcək. Belə ki, bu cür yoxlamalar yalnız sonuncu yoxlama nəticəsində aşkar edilmiş pozuntuların aradan qaldırılmasına dair qərar yerinə yetirilmədikdə, sahibkarın fəaliyyətinin məhdudlaşdırılması barədə qərarın icra vəziyyətinin yoxlanılmasına ehtiyac yarandıqda və konkret faktlara əsaslanan rəsmi müraciətlər olduqda, habelə sahibkar plandankənar yoxlamanın keçirilməsi barədə yoxlayıcı orqana müraciət etdikdə həyata keçirilə bilər.
Yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ hüquqi aktın aydın olmayan və ya bir-birinə zidd olan müddəaları sahibkarın xeyrinə şərh edilməsi tələbi qanun layihəsinin özəlliklərindən biridir. Qanun layihəsində sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına yalnız ən son zərurət tədbiri kimi baxılır.
Bundan başqa, qanun layihəsində yoxlayıcı orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi üşün konkret mexanizmlər göstərilir və yoxlayıcı orqanların məsulliyyəti məsələləri də öz əksini tapır. Belə ki, qanun layihəsində göstərilir ki, istənilən sahibkar yoxlamanın nəticələrindən narazı qaldıqda yuxarı orqanlara və ya məhkəməyə müraciət edə bilər. Yoxlamalar keçirilərkən, yoxlayıcı orqanların qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində sahibkara vurulmuş zərərə görə müvafiq yoxlayıcı orqan mülki, intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyır.
Həmin o yoxlayıcı srtrukturların bu təşəbbüsü də heçə çıxaracağını görə biləcəyik.