Muəllif:

İranla ticarət dövriyyəmiz kəskin azalıb

90-ci illərdə Azərbaycanın ticarət tərəfdaşları arasında İran ilk yerlərdən birini tutduğu halda, son onillikdə İran tədricən bu mövqeyi itirməyə başlayb. Əgər 2007-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 540 milyon ABŞ dolları təşkil edirdisə, 2011-ci ildə bu rəqəm 305 milyon dollar səviyyəsinə enib. 2011-ci ilin sonunda Azərbaycanın ümumi ticarət dövriyyəsi 36 milyard dollara çatdırıldığı halda, İranın burada payı cəmi 0,8 faizə bərabər olub. Həmin il İran Azərbaycanın ticarət tərəfdaşları arasında 19-cu pillədə olsa da, 2012-ci ildə 23-cü yerlə kifayətlənib. İran tərəfinin statistik məlumatlarına əsasən, hazırda Azərbaycan Respublikası da bu ölkənin ticarət tərəfdaşları sırasında birinci onluğa daxil deyil.

Belə bir diqqəti çəkən açıqlama ilə AR Prezidenti yaında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov ABŞ-ın nüfuzlu beyin mərkəzi olan Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) «İran-Azərbaycan münasibətləri və Qafqazda strateji rəqabət» mövzusundakı konfransda çıxış edib (Trend).

Məmmədov qeyd edib ki, əksinə, son illərdə İran və Ermənistan arasında ticarət dövriyyəsi kəskin şəkildə artıb: «Belə ki, 2011-ci ildə bu dövriyyənin həcmi 335 milyon dollara bərabər olub, hazırda isə 500 milyon dollar təşkil edir. Hər iki dövlətin rəsmiləri həmin göstəriciləri bir milyard dollara çatdırmaq niyyətində olduqlarını bəyan ediblər. İran prezidenti Mahmud Əhmədinejatın sözlərinə istinadən, Ermənistanın xarici ticarət dövriyyəsinin 20 faizi İranın payına düşür. Ermənistan mənbələrinin məlumatına görə, bu ölkədə İranın 500 şirkəti qeydiyyata alınıb. Azərbaycanda isə cəmi 200 belə şirkət var».

SAM-ın direktorunun firkincə, Ermənistanla əlaqələrin genişləndirilməsində İranın maraqlı olması bir neçə səbəblə izah edilir: İranın Qara dəniz hövzəsinə çıxmaq səylərinin Ermənistan tərəfindən dəstəklənməsi; Fransa, ABŞ və digər ölkələrdəki erməni diasporunun informasiya və şəbəkə resurslarından İranın öz maraqları üçün istifadə etmək imkanlarının əldə olunması. Təsadüfi deyil ki, hər dəfə İrana hərbi zərbələr vurulması məsələsi gündəmə gələndə, erməni diasporları öz ölkələrinin hökumətlərinə bu dövlətin Ermənistan üçün iki xilasedici kəmərdən biri olduğunu xatırladırlar. Bu baxımdan, İranın xarici işlər naziri Salehinin Ermənistan prezidenti Serj Sarqsyanın ötən ay keçirilmiş andiçmə mərasimində iştirakı bu ölkələr arasında əməkdaşlığın təzahürü kimi dəyərləndirilməlidir.

SAM-ın direktoru çıxışı zamanı İranın bəzi rəsmi dairələrinin guya İrana hərbi zərbələrin endirilməsi zamanı Azərbaycan ərazisindən istifadə olunmasına dair təxribat xarakterli şayiələrə uyaraq, ölkəmizi təhdid mənbəyi kimi dəyərləndirdiklərini, lakin bunun heç bir əsasının olmadığını da əlavə edib.
SAM-ın 15 nəfərlik heyəti ABŞ-da rəsmi səfərdədir. Mayın 8-dək davam edəcək səfər zamanı ABŞ-ın 7 şəhərində nüfuzlu beyin mərkəzləri və universitetlərində 20 konfrans, görüş və mühazirə nəzərdə tutulub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172