İranın 25 faizi Urmiyanın duzuna bürünəcək
Su hövzələri üzrə ekspert, əslən güneyli Hüseyn İsalı «Amerikanın Səsi»nə müsahibədə Urmiya gölünün taleyi barədə danışıb. Ətraf mühit sahəsində ixtisaslaşan İsalının dediyinə görə, gölün quruması təbii fəlakət yox, insan əməlinin nəticəsində törədilən bir fəlakətdir. Bu fəlakətin fəsadları vaxt keçdikcə özünü həyatın bütün sahələrində büruzə verməyə başlayacaq.
Hüseyn İsalı bildirib ki, Urmiya gölünün qurumasının əsas səbəbi yararsız idarəçilikdən qaynaqlanır. Belə ki, göl hövzənin ən çuxur nöqtəsində yerləşdiyinə görə onun su tutumu ətrafdan axan çaylar vasitəsilə təchiz olunur. Lakin axar suların üzərinə qoyulan saysız-hesabsız su bəndləri Urmiya gölünə axan suların qarşısını alır.
Hüseyn İsalının sözlərinə görə, ötən 30 ildə Urmiya gölü ətrafındakı əkin sahələri 300,000 hektardan 680,000 hektara yüksəlib. Əkin sahələrinin ikiqat artması isə o deməkdir ki, bu sahələrin su tələbatı ikiqat artıb. Nəzarətsiz idarəçilik gölə axan suyun bu sahələrə istiqamətlənməsinə rəvac verib.
İsalı bildirib ki, Urmiya gölünün quruması nəhəng fəsadlarla müşayiət olunacaq. Suyun quruması 10 milyard ton duzun açıqda qalmasına şərait yaradacaq. Göl dağlıq ərazidə yerləşdiyindən, küləklər bu duz dənəciklərini 500 kilometr məsafəyədək nəql edə bilərlər. Tibbi baxımdan insanların tənəffüs sistemində problemlər yaradacaq.
Əvvəllər Urmiya gölünün nemətlərinə hesab aparan çox sayda adamlar yurdlarını tərk etməyə məcbur olacaq. İş yerlərini itirən insanlar ölkənin başqa guşələrinə üz tutmalı olacaqlar ki, bu da İran Azərbaycanının demoqrafiyasına ciddi təsir göstərəcək, deyə cənab İsalı bildirir.
Urmiya gölü quruyarsa, İranın dörddə bir hissəsində toz və duz fırtınaları baş verəcək. Bunu isə İran Milli Okeanoqrafiya İnstitutunun prezidenti Vəhid Çegini deyib. Onun sözlərinə görə, gölün quruması nəticəsində Mazandaran, Gilan, Zəncan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Tehran, Qəzvin və başqa əyalətlərdə ekoloji fəlakət baş verəcək.
Qurum təmsilçisi su hövzəsinin qurumasını təbiətlə əlaqələndirməyə çalışıb. İRNA agentliyinin məlumatına görə, Çegini əlavə edib ki, quraqlıqlar Urmiya gölünün suyunun azalmasında böyük rol oynayıb.
«Hazırda İranın Ekologiya və Energetika nazirlikləri, ətraf əyalətlərin icra aparatları bu problemin həlli istiqamətində işlər görür. Ümid edirik ki, görüləcək işlər gölün qurumasının qarşısını alacaq», — Çegini deyib.
Rəsmi statistikalara əsasən, Urmu gölünün suyunun 70 faizi artıq quruyub. Urmiya gölündə hazırda hər bir litr suda 400 qram duz mövcuddur.
Gölün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən ara məntəqə kimi istifadə edir. Fasiləsiz quraqlıq ucbatından Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.
İran hakimiyyəti gölün böhranlı vəziyyətini aradan qaldırmaq məqsədilə Araz çayının suyunun Urmiyaya axıdılması layihəsi üzərində işlədiyini bəyan etsə də, indiyə kimi əməli bir iş görülməyib. Həmin plana əsasən, Arazdan gölə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin gerçəkləşdirilməsi üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırıldığı deyilsə də, indiyə kimi parlament bu məsələnin müzakirəsinə laqeyd yanaşıb.
İran hökuməti 2011-ci ilin sentyabrında Urmu gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı. BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmu gölündə yaranmış problemi həll etmək məqsədilə daha 135 milyon dollar məbləğində maliyyə yardımı edib.
Lakin Urmiya gölü qurumaqda, rəsmilər bəyanat verməkdə, çeşidli bəhanələr gətirməkdə, məxfi polis isə gölün bu vəziyyətinə etiraz edənləri həbsxanalara salıb işgəncələr verməkdədir.