İran tərəfi Azərbaycana üstüörtülü hədə-qorxu gəlir
İran xəbər portalı “arannews” Bakıda fəaliyyət göstərən İmam Xomeyni İmdad Komitəsinə bağlı “İmam Əli tibb klinikası”nın çərşənbə günü fəaliyyətini dayandırması haqda informasiya yayıb. Səbəb kimi kinikanın lisenziya müddətinin uzadılmaması göstərilir.
İmam Xomeyni İmdad Komitəsi nümayəndəliyinin qapısına vurulan bildirişdə klinikanın fəaliyyətinin dayandırıldığı, icazə alınması üçün ölkənin əlaqədar qurumları ilə məsləhətləşmələrin getdiyi qeyd olunur.
Turan-ın xəbərinə görə, klinikanın fəaliyyətinin dayandırılması ilə bağlı Azərbaycana hədə-qorxu da gəlinir. Belə ki, Azərbaycan vətəndaşına pulsuz tibbi xidmət edən klinikanın bağlanmasının narazılığa səbəb olduğu vurğulanır.
İran tərəfi komitə və bu klinikanın Azərbaycana milyon dollarla ölçülən hümanitar yardım etməsini xatırladır.
Daha sonra xəbərdə Azərbaycan tərəfi komitəyə haqsız münasibətdə ittiham edilir. Belə ki, Azərbaycanda komitənin 30 il fəaliyyət göstərməli olmasına baxmayaraq, 2013-cü ildə Nazirlər Kabineti tərəfindən fəaliyyətinin dayandırıldığı qeyd edilir. Bundan əlavə, komitənin direktoru və müavininə Bakıya gəlməyə viza verilmir.
Azərbaycan tərəfi komitənin İran Milli Bankındakı hesabını dondurmaqda, oradan vəsait götürülməsinə mane olmaqda ittiham edilir. 2012-ci ildə komitənin rayonlardakı bəzi nümayəndəliklərinin fəaliyyəti dayandırılıb, Gəncə və Lənkərandakı nümayəndəlikləri təhdid olunub.
Daha sonra İran tərəfi Azərbaycanda Qərb və İsrail nümayəndəliklərinin fəaliyyət göstərməsini qeyd edərək Azərbaycanı İranı sıxışdırmaqda ittiham etməyə çalışır.
İran rəsmi Bakıya “can yandıraraq” Qərb təşkilatlarını müxalifətə yardımda suçlayır. Amma Azərbaycan tərəfin bu qurumlara qarşı addım atmamasına diqqət çəkilir.
Komitənin “xeyirxahlığına” baxmayaraq, nümayəndəliyin fəaliyyətinin dayandırılmasının “Azərbaycanda xalqın narazılığına səbəb olması” iddia edilir. “Bakının hərəkəti xalqın narazılığına səbəb olub və 20 il əvəzsiz yardıma təhqiramiz davranışla cavab verərlər?” deyə sual olunur. Lakin bu kimi qurumların casusluq fəaliyyəti üçün örtük rolu oynadığını
balaca çocuqlar da bilir. Azərbaycan höküməti bizcə nə etdiyinin fərqindədir.
Son olaraq Iran Azərbaycanda bəzi media və dairələrin bu dəstəyi gözdən salmaq məqsədilə İranın Ermənistana dəstək verməsi il bağlı İran əleyhinə təbliğat aparılmaqda ittiham edilir.