İran nüvə danışıqlarını bu ay davam etdirəcək
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlili “altılıq” dövlətləri ilə Tehranın nüvə proqramına dair danışıqların növbəti raundunun yanvarda keçiriləcəyini təsdiq edib. Lakin görüşün dəqiq vaxtı, yeri və başqa detalları hələ müəyyən olunmayıb. APA-nın “Röyter” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Hindistanda səfərdə olan Səid Cəlili öz açıqlamasında bildirib.
Qeyd edək ki, “altılığa” Rusiya, Böyük Britaniya, Çin, ABŞ, Fransa və Almaniya daxildir.
Xatırladaq ki, 2012-ci ildə İranla “altılıq” dövlətləri arasında üç raund – İstanbulda (aprelin 14-də), Bağdadda (mayın 23-24-də) və Moskvada (iyunun 18-19-da) danışıqlar keçirilib. Bütün bu danışıqlar nəticəsində heç bir ciddi irəliləyiş əldə olunmayıb.
ABŞ, bir sıra Qərb dövlətləri və İsrail İrandan dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda şübhələnirlər. Rəsmi Tehran bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinə olan tələbatını ödəməyə yönəlib. “Altılıq” dövlətləri Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) ilə birlikdə 2003-cü ildən İrandan uranın zənginləşdirməsi istiqamətində apardığı işləri dayandırmağı tələb edirlər.