Muəllif:

İran: Çovgan idman oyunu da mənimdir…

İran daha bir predmet üzrə Azərbaycandan UNESCO-ya şikayət edəcək. Dekabrın 2-dən 7-dək Bakıda BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitəsinin 8-ci sessiyası keçiriləcək. Toplantıda qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın icrası haqqında 10-a yaxın dövri hesabat dinləniləcək, təcili qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmək üçün 12 ərizəyə baxılacaq. Ərizə verən dövlətlərin arasında Azərbaycan da var. Azərbaycan ənənəvi at idman növü Çovqanın siyahıya salınmasını xahiş edib.

APA xəbər verir ki, İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədr müavini Mehdi Höccət İranın Azərbaycanın Çovqan idman növünü öz adına qeydiyyata aldırmaq istəyinə etiraz olaraq UNESCO-ya məktub ünvanlayacaq. Höccət iddia edib ki, Çovqan idman növü qədim zamanlardan İranda mövcud olub: “Firdovsinin “Şahnaməsi”ndə və qədim miniatür əsərlərində bu oyunun İrandakı mahiyyəti və fövqəladə tarixi keçmişə malik olması öz əksini tapır. Bu oyun Əhəmənilər dövründən indiyə kimi İranda mövcud olub”.

İran rəsmisi ölkəsinin mənəvi irsinin digər ölkələrin adına qeydə alınmasının təhlükə törətməməsi ilə bağlı bəzi mütəxəssislər tərəfindən səsləndirilən fikirlərə də münasibət bildirib: “Bu məsələ, ümumiyyətlə, düzgün deyil. Çünki əgər bir mənəvi irsin nüfuz dairəsi yalnız bir ölkənin siyasi sərhədləri daxilində məhdudlaşarsa, onun beynəlxalq baxımdan dəyərli olmasında şübhə yaranır və onu beynəlxalq bir irs kimi qeydə almaq çətindir. Lakin tar, Mövləvi və tarixi Çovqan oyunu kimi mənəvi irslərin nüfuz dairəsi son dərəcə genişdir və bir ölkənin sərhədlərini aşır. Bu kimi mənəvi dəyərlərin qeydə alınması imkanı var. Əlbəttə, UNESCO-nun belə bir mənəvi irsin bir ölkənin adına qeydə alınması üzrə mexanizmi yanlışdır. Çünki bu növ mexanizmlər qonşu ölkələr arasında ixtilafa və incikliyə səbəb olur”.

Höccət əlavə edib ki, Azərbaycanla İran arasındakı dostluq münasibətlərini «pozmağa çalışan qüvvələr» davamlı olaraq bu kimi məsələləri qabardırlar: “Digər tərəfdən, Azərbaycan hökuməti də özü üçün bir kimlik müəyyənləşdirmək istəyir. Ona görə də istənilən mənəvi və qeyri-mənəvi irsin qeydə alınmasına çalışır”.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə APA-ya bildirib ki, UNESCO-nun qeyri-maddi mədəni irsinin qorunması konvensiyasına görə, hər bir ölkə öz ərazisi daxilində sahib olduğu istənilən mədəni elementi UNESCO-ya təqdim edə bilər: “Bu amil həmin elementin digər ölkə tərəfindən UNESCO-ya təqdim olunmasına maneə törətmir. Bu mənada Azərbaycanın təqdim etdiyi fayl ölkəmizin və xalqımızın əsrlər boyu ənənəvi oyunlarından biri olan Çovqanın mədəni element kimi UNESCO tərəfindən qorunmağa ehtiyac duyulduğunu və bu istiqamətdə təşkilatın dəstəyinin əldə edilməsini nəzərdə tutur. Yəni Çovqan faylı UNESCO-nun reprentativ siyahısına yox, təcili qorunmağa ehtiyac duyulan siyahısına təqdim olunub. Bu beynəlxalq təşkilatın bir neçə siyahısı var. Məsələn, reprentativ siyahıya bizim muğamımız, aşıq və tar sənətimiz, Novruz bayramı, xalça daxildir. Çovqan faylı həm qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyanın, həm də beynəlxalq hüquq normalarının prinsipləri çərçivəsində hazırlanıb”.

Eyvazzadə əlavə edib ki, təqdim olunan sənəddə hər hansı bir ölkədə eyniadlı oyunun olması faktı təkzib edilmir, əksinə, qeyd olunur ki, bu oyun müxtəlif adlarda müxtəlif ölkələrdə yayılmışdır: “Son dövrlərdə İran tərəfindən bəzi qurumların bu məsələ ilə bağlı siyasi qalmaqal yaratmağının və etirazların hüquqi əsası yoxdur və hesab edirik ki, bu məsələdə Azərbaycan UNESCO-nun bütün şərt və prinsiplərini gözləyib. Əgər bu oyun İranda da varsa və UNESCO-ya təqdim etmək istəyirsə, bizim buna heç bir etirazımız yoxdur, əksinə, biz onlara müəyyən tövsiyələr verməyə, təcrübəmizi bölüşməyə hazırıq. Çünki sözügedən beynəlxalq təşkilatın bu konvensiyası ölkələr arasında fikir ayrılığı yaratmağa yox, dialoq və əməkdaşlığı yaratmağa xidmət edir. Bir daha bildirmək istəyirik ki, konvensiyanın şərtlərinə görə, təqdim olunan element onu göstərmir ki, bu, bilavasitə həmin xalqa məxsusdur”.

Nəqdim etdiyimiz Azərbaycan miniatüründə tipik türk cizgili və geyimli gənclər çovqan oynayırlar.
Qoca Firdövsi isə çovqan oynaya bilməzdi, bu iş onun ağası Sultan Mahmudun əyləncəsi ola bilərdi.
Bütün orta yüzillər Azərbaycan sultanları bu oyuna saray əyləncələri sırasında hər zaman xüsusi önəm veriblər. Ordubadi «Qılınc və qələm»də bunun ən gözəl epizodlarını təsvir edir…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 386