“İqtisadçı” argentinalı voleybolçu ilə müqavilə bağlayıb
Bakının “İqtisadçı” və “Lokomotiv” klubları növbəti transferlərini rəsmiləşdiriblər. Avrokubokda ölkəmizi təmsil edən hər 2 komanda heyətlərini toppaylayıcı ilə gücləndirib.
Apasport.az saytının məlumatına görə,Çempionlar Liqasında mübarizə aparan universitet komandası argentinalı Romina Lamasla müqavilə bağlayıb. 35 yaşlı voleybolçu mövsümün sonuna kimi “tələbələr”in şərəfini qoruyacaq. 184 sm boya malik oyun qurucusu İspaniyanın “Aquere” klubundan transfer olunub.
Lamas Azərbaycana gələnə kimi İtaliya, İspaniya və Fransa klublarında çıxış edib. 1999-2004-cü illərdə Argentina millisinin heyətində 106 matça çıxan toppaylayıcı sonradan vətəndaşlığını dəyişərək, İspaniya yığmasının şərəfini qoruyub (2008-ci il, 10 oyun).
“İqtisadçı”nın yeni transferi Çempionlar Liqasının (“Tenerife”, 2004) və CEV kubokunun qalibi (“Napoli”, 1999), İspaniya çempionatının 6, kubokunun 8 və Superkubokunun 4 qat çempionudur.
CEV kubokundakı təmsilçimiz “Lokomotiv” isə ötən il “Azərreyl”in şərəfini qoruyan Milena Radeçkanı rənglərinə bağlayıb. 29 yaşlı polşalı toppaylayıcı ilə də hələlik mövsümün sonuna kimi anlaşma əldə edilib.
Bununla, “İqtisadçı”da oyun qurucularının sayı üçə (Kiuyue Vey, Valentina Serena), “Lokomotiv”də isə 4-ə (Sa-Ni Kim, Gizem Giraygil, Anna Qrbaç) çatıb. Hər 2 komandanın 1 toppaylayıcıdan imtina etməsi istisna deyil.