İqtidar ilə müxalifət arasında dialoq olacaq?
Müxalifət ilə, siyasi partiyalarla dialoqa gediləcək. Bizim cəmiyyət üçün fantastik görünən bu siyasi mədəniyyətin bu torpaqlara da gələcəyinin anonsunu bu gün PA İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib. Onun sözlərindən belə nəticə çıxarmaq olur ki, müxalifətlə, mətbuat orqanları ilə, siyasi partiyalarla dialoqdan söhbət gedir.
Payızda prezident seçkiləri ərəfəsində, seçki fəaliyyətinin aparılması, siyasi partiyalar tərəfindən namizədlərin irəli sürülməsi, namizədlərin təbliği, seçkilərə qatılma ərəfəsində onlarla təmaslar təmin ediləcəkdir. Xatırladaq ki, topluma rahatlıq gətirən bu
«dialoq məsələsi» ötən illərdə də gündəmdə olub, lakin hakim partiya sonda müxalif tərəflə bir masa arxasında oturmağı özünə rəva görməyib və ya layiq bilməyib.
Əli Həsənov martın 10-da keçirilmiş və zopakılıqla müşayiət olunmuş aksiyanı nəzərdə tutaraq deyib ki, «qeyri-qanuni aksiyaların qarşısı bundan sonra da alınacaq.
Sərbəst toplaşmaq, insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı qanunvericilik var. Qanunvericilik cərçivəsində bütün keçirilən tədbirlərə icazə verilir, yerlər müəyyən olunur. Qeyri-qanuni aksiyaların qarşısı alınır və bundan sonra da alınacaq».