İqor Muradyan: “Rusiya Azərbaycana qəsdən silah satır…”
Ermənistan və Gürcüstan gec-tez AB və NATO-ya daxil olacaq, Azərbaycan isə yox. Bu fikri bu gün Dağlıq Qarabağda separatçı hərəkatının təsisçilərindən biri İqor Muradyan bildirib.
O əmindir ki, Rusiya artıq təkbaşına Ermənistanın və Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı funksiyasını yerinə yetirmək iqtidarında deyil. Belə vəziyyət Türkiyə və Azərbaycanın fikri ilə hesablaşan hakim elitanın maraqlarından irəli gəlir. Muradyan ehtimal edir ki, Rusiya Azərbaycana qəsdən silah satır və bu, daha böyük miqyasda davam edəcək.
İrəvanın yenidən istiqamətlənməsindən danışan Muradyan əmin olduğunu bildirib ki, Ermənistan və AB arasında assosiativ saziş noyabrda paraflanacaq.
2010-cu ildən Ermənistan və AB geniş və hərtərəfli azad ticarət zonasının yaradılması üzrə danışıqlar aparır. Danışıqların noyabrda Vilnüsdə Şərq Tərəfdaşlığı sammitinə qədər başa çatdırılacağı ehtimal edilir.
Sənəd Şərq Tərəfdaşlığı siyasətini və Ermənistan-AB fəaliyyət proqramını dəyişdirəcək. Sazişdə məqsəd siyasi assosiasiya və AB-yə tədricən iqtisadi inteqrasiyadır.
“Hazırda bu ssenarinin qarşısını almaq üçün Rusiyadan İrəvana ciddi təzyiqlər var. Təzyiq var, lakin Moskva bundan ötrü hansı vasitələrə əl atmağı bilmir. Hələlik onlar Ermənistanda psixoz, qeyri-əminlik atmosferinin yaradılmasına “stavka” edirlər”, — Muradyan bildirib.
O, NATO və Qərbin Ermənistana marağını onunla izah edib ki, Qərb “Türkiyəni blokadaya almaq və təcrid etmək” üçün Ermənistandan istifadə etmək niyyətindədir(Turan-Armİnfo).