İqbal Mahmudov Makeyevkada borc üstündə öldürülüb?
Ukrayna Azərbaycanlıları Konqresi Donetsk vilayət şöbəsinin rəhbəri, iş adamı İqbal Mahmudovun qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesində diqqəti çəkən məqamlar üzə çıxıb. Konqresdən verilən aşıqlamaya görə, dünənki məhkəmə iclasında 3 şahid dindirilib:
“Şahidlərdən biri — Kərimov Məhyəddin təqsirləndirilən Zahid Əhmədovun dostu imiş və İqbalın qətli ilə bağlı ona qarşı cinayət işi qaldırmışdılar. Lakin sonradan bu işə xitam vermişdilər. O, məhkəməyə bildirib ki, atəş açılması nəticəsində yaralanan biznesmeni Zahid Əhmədov, İqbalın cangüdəni, müavini Məhəmməd Əhmədov və Makeyevkadan olan bir azərbaycanlı ilə maşına qoyub, xəstəxanaya aparıblar. Orada Mahyəddin Kərimov söz-söhbətlər eşidib ki, guya İqbal Mahmudovun qətlini 3 milyon dollar borca görə Azərbaycanda yaşayan və Ukraynada biznesə malik olan Qulam Ələkbərov adlı bir şəxs sifariş edib. İqbalın sürücüsü isə istintaqa ifadəsində bildirib ki, qətlin baş verdiyi Makeyevkada yerləşən “Kaspiy” restoranına yaxınlaşanda başa düşüb ki, İqbal Mahmudov orada Qələbə Günü ilə bağlı tədbirə deyil, məsələləri aydınlaşdırmağa gəlib. Çünki İqbal bu cür tədbirlərə özünü yox, müavinlərini göndərirdi və bu tədbirdə iştirakı ümumiyyətlə planlaşdırmamışdı. Bu cür fikirləşməyə daha bir səbəb ondan ibarətdir ki, restoranda toplaşan qonaqların əksəriyyəti Konqres üzvləri deyildilər və İqbalın siyasi baxışlarını dəstəkləmirdilər”.
Konqresdən əlavə ediblər ki, növbəti məhkəmə iclası aprelin 18-də olacaq.
Xatırladaq ki, İqbal Mahmudov 2012-ci il mayın 9-da qətlə yetirilib. Onun öldürməsində 4 nəfər — Əhmədov Zahid Şıxəlı oğlu, Ağalarov Cavid Zakir oğlu, Qritsay Denis Oleqoviç və Denisov Denis Valentinoviç təqsirli bilinir. Onlar hamısı dəmir barmaqlıq arxasındadır.
Faktla bağlı Ukrayna CM 115 (qəsdən adam oldürmə) və 263-cü maddələri (odlu silahın qanunsuz əldə edilməsi və saxlanılması) üzrə cinayət işi başlanılıb.