İpotekanın alman modeli nəymiş?
Azərbaycanda güzəştli şərtlərlə mənzil alana dövlət büdcəsi hesabına sosial ipoteka üzrə 30 il müddətinə 4 faizlə maksimum 50 min manat kredit verilir. Indiyə qədər bu xətlə 3 min nəfərədək adam ipoteka krediti alıb. Adi ipoteka isə 25 il müddətinə 8 faizlə verilir. İndiyə qədər bu xəttlə təxminən 10 min nəfər kredit alıb. İpoteka kreditləri 2006-cı ildəki 27 milyon manatdan 2013-cü ildə 200 milyon manata (nəzərdə tutulan bütün kanallar üzrə vəsait tam reallaşsa) çatmış və ya 7,5 dəfə artıb. İndiyədək 500 milyon manata qədər ipoteka krediti verilib. Bunun 178 milyon manatı büdcə vəsaitidir. Bununla belə ipoteka xətti ilə mənzil alınmasına yönəldilən vəsait tələbatdan xeyli azdır.
Azərbaycanda orta maaş 400 manatdan bir qədər artıq, büdcə təşkilalarında işləyənlərin xeyli hissəsinin maaşları isə 200 manat civarındadır.Bu o deməkdir ki, hazırkı ipoteka mexanizmi şəratində orta statistik azərbaycanlı, müəllim, həkim, eml, mədəniyyət, incəsənət və sair sahələrdə çalışanların çoxu ipotekadan faydalanana bilmir.
MM İqtisadi siyasət Komitəsinin üzvü Əli Məsimli hesab edir ki, dövlət 1, 2,3 otaqlı, ucuz başa gələn mənzillər tikilməsini təşkil etməli, vətəndaşlar ayda 60-80 manat ətrafında pul ödəməklə (sonda həmin ev o ailəyə qalsın) ona sahib olmaq imkanı qazanmalıdır. Bu halda ipoteka sahəsində işlər geniş vüsət alar, əhalinin daha çox hissəsinin, xüsusən də gənclərin və gənc ailələrin mənzilə olan tələbatının ödənilməsi probleminin həlli xeyli sürətlənmiş olar. Bu həm də tikinti sektorunun bümuna, tikinti materialları sənayesinin sürətli inkişafına, qiymətli kağızlar bazarının dairəsinin genişlənməsinə ciddi təkan vermiş olar.
İqtisadçı millət vəkili deyir ki, indiki şərtlərlə verilən ipoteka kreditləri orta statistik azərbaycanlı üçün əlçatan deyil: «Ona görə də hökümət ipoteka sistemində, xüsusən də sosial ipoteka sahəsində dəyişikliklər etmək istəyir. Həmin dəyişikliklət daha çox yığım və faiz dərəcələri sahəsində gözlənilir. Yəni ev almaq istəyən vətəndaş bir müddət maliyyə yığımı etdikdən sonra, ipoteka ilə öz arzusunu reallaşdırmaq imkanı olacaq. Almanıyada təcrübədən keçirilən bu model II Dünya Müharibəsi zamanı tikililərinin çox hissəsi darmadağı edilmiş Almaniyanın qısa bir tarixi zaman kəsiyində qalxınmasında, Avropanın bir nömrəli dövlətinə çevrilməsində əhəmiyyətli rol oynayıb».
İqtisadçı düşünür ki, Azərbaycan reallıqlarını nəzərə almaqla həmin modelin Azərbaycana tətbiqi, hər halda ipotekanın indiki modelindən daha yaxşı işləyəcək: «Amma bu, heç də ölkə vətəndaşlarının ipoteka hesabına ev almaq probleminin tamamilə həll olunacağı demək deyil.Ona görə də hesab edirik ki, hökümət ipoteka mexanizmini təkmilləşdirən zaman hökumət atacağı addımlarla yanaşı, aşağıdakı məsələləri də nəzərə alsa, işin xeyrinə olar: Birincisi adi ipoteka üzrə faiz dərəcəsi 8 faizdən 4-5 faizə, sosial ipoteka üzrə isə 4 faizdən 2 faizə endirilsin. İkincisi ilkin ödəniş sahəsindəki problemi yumşaltmaqdan ötrü xüsusi fond və Tikinti-Əmanət Bankı yaradılsın. Eyni zamanda ipoteka kreditlərinin verilməsi təkcə Bakı ilə məhdudlaşmasın, rayonlarda yaşayanlar da ipotekadan istifadə edə bilsin».