İpoteka kreditinin şərtləri bəs niyə yüngülləşmədi?
Son bir ayda ipoteka krediti almaq üçün müraciət edənlərin sayında artım müşahidə olunur. Əksəriyyəti isə gənc ailələrdir. Ancaq ipoteka kreditlərini verilməsində hələ də bir sıra problemlər qalmaqdadır. Həm vətəndaş, həm də mütəxəssislər şərtləri yüngülləşdirməyi vacib sayırlar. Lakin şərtlər nəsə yüngülləşmək bilmir.
Bu il sosial ipoteka kreditləşməsi üçün nəzərdə tutulan vəsait yaxın günlərdə İpoteka Fonduna köçürələcək. Mərkəzi Bank İH sədrinin birinci müavini Alim Quliyevin sözlərinə görə, prosesin uzun çəkməsi tələbatın ayrılan vəsaitdən qat-qat çox olması ilə bağlıdır.
Hazırda ipoteka bazarında canlanma yaranıb.Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ay ipoteka kreditləşməsinə müraciət edənlərin sayı 3 dəfə artıb. Bu ilin büdcəsində ipoteka üçün nəzərdə tutulan vəsaitlər müvəkkil banklara veriləndən dərhal sonra İpoteka Fondunun xətti ilə əhaliyə 7,42 milyon manat kredit verilib. Bu məbləğ ötən ilin eyni dövrü ilə nisbətdə 6,7 faiz aşağı göstəricidir. İpoteka kreditləri 8 faizlə verilir və bu faiz ölkədə kommersiya banklarının tələb etdiyi faizdən dəfələrlə aşağıdır.
İqtisadçı ekspert Əli Əlirzayevin sözlərinə görə, müvafiq kreditlərə daha çox gənc ailələr maraq göstərir. İl ərzində ölkədə orta hesabla 70 min nikah bağlanır. Tədqiqatlara əsasən, bu ailələrdən 30 mini ev almaq çətinliyi ilə üzləşir.
İqtisadçı hesab edir ki, əhalinin ipoteka kreditlərindən daha səmərəli faydalanması üçün şərtlər yüngülləşdirilməlidir. Şərtlər yüngülləşdirilərsə, ipoteka kreditlərindən faydalananların sayı artar. İpoteka şərtləirinin yüngülləşdirilməsi üçün, ilk növbədə, kredit resurslarının artırılması vacibdir. Belə ki, ölkədə ipoteka kreditlərinin hazırki məbləği ilə adambaşına düşən ipoteka kreditinin həcmi 45 manatdır. Bu rəqəm əvvəlki illərlə müqayisədə çox olsa da, qənaətbəxş deyil.