İpoteka krediti alan ilkin ödənişdən azad edilə bilər
Sosial ipoteka krediti alanlar ilkin ödənişdən azad edilə bilərlər. Bu, parlamentin payız sessiyasında bəlli olacaq. Parlamentin İqtisadi Siyasət Komitəsi «İpoteka Qanununa əlavəvə dəyişikliklər» haqqında qanun layihəsi, sosial ipoteka ilə bağlı təklif olunan bəndlər üzərində iş aparır.
Bu haqda məlumat verən MM Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyevin sözlərinə görə, hazırda təkliflərdə sosial ipotekadan istifadə imkanı əldə edəcək şəxslərin siyahısının genişləndirilməsi, bu siyahıya gənc ailələrin, eləcə də ailəsi olmayan, lakin ipoteka krediti almaq üçün maliyyə imkanı olan gənclərin də daxil edilməsi qeyd olunur.
Bundan əlavə, sosial ipoteka krediti alanlar ilkin ödənişdən azad edilə bilərlər. «Belə ki, Zəmanət Fondunun öz işinə başlaması ilə ipoteka kreditlərini ilkin ödəniş etmədən də almaq mümkün olacaq. Borcalan ipoteka krediti üzrə ilkin ödənişin yerinə fonddan zəmanət alacaq ki, bu zaman o, bütün məbləği tam şəkildə özü ödəməli olmayacaq», deyə millət vəkili qeyd edib.
M.Quliyev vurğulayıb ki, təklif olunan qanun layihəsinin müzakirəsi parlamentin payız sesiyasına salınacaq.