Muəllif:

İPAP-ın dördüncü mərhələsinə doğru

İlin sonuna qədər Azərbaycan və NATO arasında ilk dəfə olaraq 2005-ci ildə imzalanmış Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP — İndividual Partnership Action Plan) 4-cü mərhələsinin hazırlanması prosesi başa çatacaq və bu sənəd tərəflər arasında razılaşdırılacaq. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib. Məlumatda qeyd olunur ki, İPAP-ın dördüncü mərhələsində Azərbaycan — NATO əməkdaşlığının inkişafı istiqamətində tədbirlər əksini tapacaq.
Bununla da Azərbaycan NATO ilə İPAP sənədi imzalamış ölkələr sırasında ilk olaraq dördüncü mərhələyə qədəm qoyacaq. Sənədin əvvəlki mərhələlərinin necə yerinə yetirilməsi ictimaiyyət üçün hələ də qaranlıqdır və bu istiqamətdə nə NATO tərəfi, nə də rəsmi Bakı mətbuata hər hansı detallı məlumat verməkdən imtina edir.
Əsas sual: Hərbi islahatlar aparılırmı?
Xatırladaq ki, aprelin 8-12-də Bakıda Azərbaycanla NATO arasında İPAP sənədinin və eləcə də Planlaşdırma və Analiz Prosesinin (PARP — Planning and Review Process) qiymətləndirilməsi üzrə işçi görüşü keçirilib. Azərbaycan XİN-də və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindəki görüşlərdə müvafiq dövlət strukturları təmsilçilərinin iştirakı ilə müdafiə sahəsində əməkdaşlığın, PARP və İPAP proqramları çərçivəsində məqsədlərin və öhdəliklərin yerinə yetirilməsi üzrə müzakirələr aparılıb.
Rəsmi məlumatda bundan artıq informasiyaya rast gəlinmir və beləliklə, qeyd edilən sənədlər üzrə Azərbaycanın həyata keçirdiyi öhdəliklərin durumu qaranlıq qalır. Lakin müxtəlif müstəqil mənbələrin yaydığı məlumatlar onu deməyə əsas verir ki, İPAP üzrə Azərbaycanın keçirdiyi hərbi islahatların durumu o qədər də qənaətbəxş hesab olunmur. Misal üçün SeDEP QHT-lər Koalisiyasının ekspertlərinin qiymətləndirmələrinə görə, İPAP-ın ilkin tətbiqat dövründə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda bir sıra ştat-struktur, sənəd dəyişiklikləri aparılsa da bu iş yarımçıq qaldı və faktik olaraq 2009-cu ildən etibarən Azərbaycan Silahlı Qüvvələrində islahatlar dayandırılıb və ümumilikdə, bu gün İPAP sənədi demək olar həyata keçirilmir.
SeDEP ekspertləri hesab edirlər ki, müəyyən dönəmdə hərbi islahatlar daha çox aşağı səviyyədə aparıldığından hər hansı əngəl və ya maneə ortaya çıxmırdı. «Elə ki islahatlar yuxarı səviyyəni, məmurları əhatə etməyə başladı, o zaman islahatlar əleyhinə ciddi müqavimət ortaya çıxdı», — deyə SeDEP ekspertləri bildirirlər. Qeyd edək ki, bi sıra məlumatlara əsasən, İPAP-da əksini tapan öhdəliklərdən biri Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahının səlahiyyətlərinin düzgün müəyyənləşdirilməsi, hərbi rəhbərliyə mülki şəxslərin gətirilməsi ilə bağlı idi. Lakin, görünür, bu öhdəlik, hazırda Müdafiə Nazirliyində rəhbər mövqe tutan şəxslərin ciddi müqaviməti səbəbindən həyata keçirilməmiş qalıb.
Azərbaycan — NATO əməkdaşlığı: dəyişkən fokuslar
Əslində, müşahidə olunan proseslər onu deməyə əsas verir ki, 2010-cu ildən etibarən Azərbaycan — NATO əməkdaşlığının hərbi fokusu tədricən öz yerini Əfqanıstanda sabitliyin təmin olunmasına rəsmi Bakının dəstəyinin artırılmasına dəyişib. Beləliklə:
— 2005-ci ildə İPAP sənədi imzalanarkən əsas hədəflərdən biri Silahlı Qüvvələrdə çoxsaylı islahatlarla bağlı idi. O zaman mətbuata sızdırılan informasiyalar Silahlı Qüvvələrdə ən aşağı səviyyələrdən başlamış rəhbər vəzifələrə qədər çoxsaylı islahatların aparılması öhdəlikləri barədə idi.
— 2008-ci ildə — sənədin ikinci mərhələsi razılaşdırılarkən daha çox cəmiyyətlə — mətbuat və QHT-lərlə əməkdaşlığın gücləndirilməsi kimi öhdəliklər barədə danışılırdı. Silahlı Qüvvələrə ictimai nəzarətin tətbiq öhdəliyi barədə çoxsaylı müzakirələr aparılırdı.
— İPAP-ın üçüncü mərhələsinin razılaşdırılması mərasiminin 2010-cu ildə baş tutacağı deyilsə də, təxminən bir il gecikmə oldu və nəhayət 2011-ci ilin dekabrında tərəflər 3-cü mərhələni razılaşdırdılar. Üçüncü mərhələ üçün səsləndirilən anons hərbi büdcənin şəffaflığı, orduya mülki nəzarətin tətbiq olunması və ən əsası korrupsiyaya qarşı mübarizə ilə bağlı idi. Amma ötən bir il yarımda qeyd edilən istiqamətlərdə hər hansı islahat müşahidə olunmadı. Azərbaycan prezidenti İlham Əliyevin 2012-ci ilin əvvəllərində NATO-nun mənzil qərargahına səfəri zamanı da Silahlı Qüvvələrdəki islahatların müzakirə mövzusu olmasına dair hər hansı rəsmi mənbə yoxdur. Eyni zamanda NATO baş katibi Anders Foqh Rasmussenin 2012-ci ilin sonlarına yaxın Azərbaycana səfəri çərçivəsində də bu mövzu böyük ehtimalla diqqətdən kənarda qaldı.
Xüsusi olaraq Silahlı Qüvvələrdə korrupsiyaya qarşı mübarizə ilə bağlı İPAP-da əksini tapan müddəaların demək olar yerinə yetirilmədiyi, bu istiqamətdə NATO ilə sıx əməkdaşlığa gedilmədiyi diqqət çəkir. Müasir dünyada təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya qarşı mübarizənin bir çox səmərəli üsulları var. Ekspertlərin fikrincə, bu gün ən təsirli vasitə NATO mexanizmi hesab olunur. NATO-nun Orta və Şərqi Avropa dövlətlərinin təhlükəsizlik və müdafiə sektorunda korrupsiya və cinayətkarlıq əleyhinə mübarizə proqramı təhlükəsizlik və müdafiə sektoru üzrə büdcə planlaşdırması, şəffaflıq məsələsi, anti-korrupsiya tədbirlərini nəzərdə tutur. Bu prosesdə alyansın 65 milli eksperti yaxından iştirak edir. Alyans dairələrində hesab edirlər ki, müdafiə və təhlükəsizlik sektorunda tenderlərin hesabatlı və şəffaf hazırlanması zəruridir.
NATO rəsmiləri tərəfindən səslənən məlumatlara istinadən, əgər Azərbaycan tərəfi razılq versə, onda alyans tərəfindən ilkin mərhələdə müdafiə və təhlükəsizlik sektorunda korrupsiyaya qarşı mübarizə üzrə qiymətləndirmə prosesi keçiriləcək. Bu qiymətləndirmədə islahatlar, büdcə sistemi, vətəndaş cəmiyyəti ilə münasibətlərə dair suallara cavab axtarılacaq. İlk vaxtlarda Azərbaycan tərəfinin bu suallara cavab verməsi xahiş ediləcək. Bunun ardınca isə alyans 3-4 nəfərdən ibarət ekspert qrupunu Azərbaycana ezam edəcək, onlar ordudakı şəffaflıqla bağlı vəziyyəti yoxlayıb nəticələri, təklif və tövsiyələri təqdim edəcəklər. Daha sonra praktik yardım da göstəriləcək. Bunun üçün NATO tərəfindən Azərbaycanda milli təlimatçıları hazırlaşdırmaq üçün kiçik təlim qrupu da göndərilə bilər.
Ümumilikdə NATO-da korrupsiyaya qarşı mübarizə tədbirlərini nəzərdə tutan əsas alətlərdən biri Building İntegrity İnitiative adlanır. Bu, ordu quruculuğu prosesində dürüstlük anlamındadır. Bu təşəbbüs ona imza atan dövlətə korrupsiyaya qarşı mübarizə aparmaq üçün çoxşaxəli təcrübi və nəzəri dəstək göstərilməsini nəzərdə tutur. Maraqlıdır ki, alyans bu istiqamətdə müxtəlif təşkilatlarla, o cümlədən Silahlı Qüvvələrə Demokratik Nəzarət üzrə Cenevrə Mərkəzi (DCAF) ilə işləyir. Bu alətin əsas hədəfi islahatlarda demokratiyaya və açıqlığa nail olunmasıdır ki, bunlar da korrupsiyaya qarşı mübarizənin əsas effektiv alətləri hesab olunur. Rəsmi məlumatlara əsasən, NATO Cənubi Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana korrupsiyaya qarşı mübarizə üzrə Building İntegrity İnitiative proqramını təklif edib. Amma təəssüf ki, rəsmi Bakı bu istiqamətdə marağını, istəyini ortaya qoymayıb. Azərbaycanın bununla bağlı hər hansı siyasi qərarı belə yoxdur.
Araşdırmalar göstərir ki, əgər rəsmi Bakı razılıq versə, onda alyansla Azərbaycan arasında təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya qarşı mübarizə üzrə xüsusi proqram da yaradıla bilər. Bununla da Azərbaycan Cənubi Qafqazda NATO ilə bu sayaq əməkdaşlığı quran ilk ölkə ola bilər. Baxmayaraq ki, Azərbaycanla NATO arasında razılaşdırılmış İPAP sənədinin üçüncü mərhələsində təhlükəsizlik və müdafiə sektorunda korrupsiyaya qarşı mübarizə tədbirlərinin də yer aldığı bildirilir.
Ümumilikdə, ötən illərin təcrübəsi göstərir ki, bu gün Azərbaycanda güc strukturlarının korrupsiyaya qarşı bəyan edilmiş nə ümumi, nə də ayrı-ayrılıqda mübarizə strategiyaları var. Eyni zamanda, parlamentin müdafiə vəsaitlərinin xərclənməsi prosesinə müdaxilə səlahiyyətləri də məhduddur.
İPAP: DÖRDÜNCÜ MƏRHƏLƏ NƏ VƏD EDİR?
Azərbaycanla NATO arasında imzalanmış İPAP sənədinin dördüncü mərhələsinin hazırlanması ilə bağlı ilkin proseslərin getdiyi bir vaxtda NATO tərəfi hesab edir ki, İPAP-ın növbəti mərhələsi ilə bağlı planın işlənməsi üçün gələcək əməkdaşlığın strategiyası, münasibətlərin çərçivəsi və məzmunu, hazırlanacaq planın necə işləyəcəyi ilə bağlı suallara cavab tapılmalıdır. Bu dövrdə eyni zamanda Azərbaycanda müdafiə və təhlükəsizlik sektorunda islahatların sürətləndirilməsi, Müdafiə Nazirliyinin işinin gücləndirilməsi, müdafiə sektorunun fəaliyyətinə mülki şəxslərin cəlb edilməsi, sülhməramlı qüvvələrin NATO standartlarına uyğunlaşdırılmasınin zəruriliyi barədə fikirlər səsləndirilsə də, əsas hədəf kimi NATO-nun tranzit yüklərinin daşınmasında Azərbaycanın gələcək rolunun və bunun kommersiya baxımından əhəmiyyətinin vacibliyindən danışılır. Eyni zamanda 4-cü mərhələdə enerji təhlükəsizliyinin diqqət mərkəzində olacağı şübhəsizdir. Bu məsələ İlham Əliyevin 2012-ci ilin əvvəllərində Brüsselə səfəri çərşivəsində xüsusi müzakirə mövzusu olmuşdu. Hazırda Azərbaycan bu istiqamətdə və eləcə də digər məsələlərin əhatə olunduğu beynəlxalq konfransa ev sahibliyi etməyə hazıırlaşır. Belə ki, NATO ilə əməkdaşlıq çərçivəsində bu il may ayının 22-23-də Bakıda «Müasir dövrdə meydana gələn çağırışlar» adlı konfrans keçiriləcək. NATO-nun yüksək vəzifəli şəxslərinin qatılacağı tədbirdə kiber təhlükəsizlik, enerji təhlükəsizliyi, terrorizmlə mübarizə və s. məsələlər müzakirə olunacaq.
Əfqanıstanın dinc həyata qovuşmasında Azərbaycanın rolu
Ortada olan məlumatlar onu deməyə əsas verir ki, Azərbaycanla NATO arasında əməkdaşlığın əsas hədəflərindən biri Əfqanıstanın sabitliyi prosesində, yüklərin daşınmasında rəsmi Bakının rolunun artırılması ilə bağlı olacaq. Azərbaycan həm Əfqanıstana maliyyə dəstəyini artıracaq, həm Əfqanıstan ordusunun hazırlığının gücləndirilməsinə praktik töhfə verəcək, həm də Əfqanıstandan daşımalar üçün öz tranzit dəstəyini elan edəcək. Qeyd edək ki, 2014-cü ilin sonuna qədər Əfqanıstandakı bütün xarici qoşunlar bu ölkəni tərk edib əraziyə nəzarəti yerli qüvvələrə verməlidir. Xatırladaq ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev fevralın 20-də Əfqanıstanın İSAF əməliyyatlarına töhfə verən NATO və tərəfdaş ölkələrin müdafiə nazirlərinin növbəti iclasına qatılıb.
Aprelin əvvəllərində Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov jurnalistlərə bildirdi ki, 2012-ci ilin yanvar-avqust aylarında Əfqanıstandan Azərbaycan ərazisindən keçməklə 2200 yaralı daşınıb. Onun sözlərinə görə, yaralıların Azərbaycan ərazisindən daşınması tibbi evakuasiya müddətini iki saat azaltmağa imkan verir. Aslanov qeyd edib ki, NATO-nun Əfqanıstandakı sülhməramlı kontingentinin yüklərinin daşınmasında tranzit ölkə rolunu oynayan Azərbaycan hərbi alyansla aktiv əməkdaşlıq edir:
«Sülhməramlı kontingentin yüklərinin 30 faizi Azərbaycandan keçməklə daşınır. NATO Əfqanıstandan sülhməramlı kontingenti tam çıxardıqdan sonra da Azərbaycan Əfqanıstanın dövlət strukturlarının möhkəmləndirilməsi və yenidən qurulması prosesində aktiv iştirakını davam etdirəcək».
Bir sıra məlumatlara görə, indiyə qədər Azərbaycan tərəfi Əfqanıstan silahlı qüvvələrinin qurulmasına ən azı 3 milyon avro maliyyə dəstəyi verib və bu dəstəyin yaxın zamanlarda daha da artırılacağı gözlənilir.
NATO — Cənubi Qafqaz əlaqələrində dəyişiklik
Beləliklə, bəzi ekspertlərə görə, hazırda Azərbaycan-NATO əməkdaşlığının perspektivləri barədə danışarkən ölkədaxili məsələlər nisbətən artıq kənarda qalır. Bir vaxtlar — 2005-ci ildə İPAP sənədi imzalanarkən əsas hədəf kimi siyasi və hərbi islahatlar götürülürdü. Lakin üstündən 7 il keçdikdən sonra artıq qeyd edilən islahatlar donmuş vəziyyətə gəlib. Bir sıra ekspertlər hesab edirlər ki, böyük ehtimalla NATO-nun Cənubi Qafqaz ölkələri ilə əlaqlərində struktur dəyişiklikləri edilməsi də məhz qeyd edilən məsələ ilə bağlıdır.
NATO mənbələrindən verilən məlumatda qeyd olunur ki, ötən ilin noyabrından etibarən Cənubi Qafqaz üzrə Əlaqələndirici Zabit (Liaison Officer) ofisinin fəaliyyətində dəyişiklik var. Bu ofisin fəaliyyətində ikiləşmə aparılıb. Əlaqələndirici ofis əvvəlki tək hər 3 Cənubi Qafqaz respublikası üzrə fəaliyyət göstərsə də, bir sıra dəyişikliklər var.
Belə ki, Əlaqələndirici Zabit ofisi Gürcüstanda siyasi proseslər, demokratikləşmə, islahatlar, seçki məsələləri ilə məşğul olacaq. Bu ofisin Azərbaycan və Ermənistanla əməkdaşlığı isə əsasən təhlükəsizlik və müdafiə sektoru üzrə islahatların hədəfə götürülməsi ilə yekunlaşacaq.
Ötən ilin noyabrında Əlaqələndirici Ofisdə yalnız Gürcüstan üçün Hərbi Əlaqələndirici Zabit vəzifəsi yaradılıb. Bu vəzifəyə almaniyalı polkovnik Maximilian Eder təyin olunub. Əldə edilən məlumatlara görə, əgər Azərbaycan və Ermənistan tərəfinin marağı olarsa Hərbi Əlaqələndirici Zabit Bakı ilə də əlaqələr qura bilər.
Beləliklə, dəyişikliklərdən də göründüyü kimi, NATO-nun Cənubi Qafqaz ölkələri ilə əlaqələrinin məzmunu da dəyişilib. Gürcüstan artıq əlahiddə götürülür və bu ölkədə siyasi, demokratikləşmə prosesi alyans üçün əsas prioritetlərdən biridir. Lakin Azərbaycan və Ermənistana münasibətdə bu prioritet arxa plana keçir. Əslində 2012-ci ilin ortalarında mətbuatın yaydığı məlumatlarda NATO-nun Azərbaycanla əməkdaşlığında siyasi hədəflərin arxa plana keçməsi rəsmi Bakının israrlı təkidindən sonra baş verib. Bir sıra mənbələr Azərbaycanın 2011-ci ilin mayında «Qoşulmayanlar Hərəkatı»na üzvlüyünü də Bakının NATO-ya məhz qeyd edilən məsələdə təsir və təzyiq etməsi ilə əlaqələndirirdlilər.
Beləliklə, müşahidə olunan proseslər onu aşkar deməyə əsas verir ki, yaxın 23 il üçün NATO-nun Azərbaycanla əməkdaşlığı əsasən Əfqanıstanın sabitləşməsi istiqamətində həyata keçirilən layihələrə istiqamətlənəcək. Bu isə ölkə ekspertləri tərəfindən birmənalı qarşılanmır.
Yeri gəlmişkən, NATO — Cənubi Qafqaz münasibətlərində diqqəti çəkən daha bir məlumat Rumıniya səfirliyinin fəaliyyəti ilə bağlıdır. Bildiyimiz kimi, Rumıniya səfirliyi 2009-cu ildən Azərbaycanda Əlaqələndirici Səfirlik (Contact Point Embassy) funksiyasını yerinə yetirir. 2013-cü il yanvar ayının 1-dən başlayaraq Rumıniyanın Gürcüstandakı səfirliyi də eyni zamanda CPE funksiyasını yerinə yetirir. Beləliklə, Rumıniya hazırda Cənubi Qafqazın iki respublikasında NATO ilə bağlı məlumatlandırma və koordinasiya rolunu yerinə yetirir. Bunun isə Azərbaycanın NATO ilə əməkdaşlıq səviyyəsinə nə dərəcədə təsir edib-etməyəcəyini yaxın gələcəkdə görə biləcəyik.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 166