İntriqa mərəzi, yoxsa ekspert
Bu günlər ölkənin gündəmini təkcə siyasət fantaziyaları məşğul etmir. Arada şou əhlinin duzsuz söhbətləri də bu fantaziyalara «rəng» qatır. Pis odur ki, indi təhsil adamlarının dərslik mübahisələri də cəmiyyətə təxminən bu havada təqdim olunur. Cida çuvaldan çıxarılıb və ölkənin eyni amala xidmət etməli olan iki qurumu sanki qaydasız döyüşə başlayıb. Biri dərslik yazır, o birisi deyir ki, sənin kitabların mənim xoşuma gəlmir. Söhbət tədrisdən və dərslikdən gedəndə isə mövzuya biganə qalmaq olmur…
Təhsil Nazirliyi (TN) ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) arasında münaqişənin qədim tarixçəsi və dolaşıq səbəbləri var. Amma son qarşıdurmanın süjet xətti çox sadədir: ölkə başçısı TQDK-ya orta məktəb dərsliklərinin monitorinqini aparmağı həvalə edir, o da yoxlayır və nazirliyə rəsmən bəyan edir ki, dərsliklərin böyük əksəriyyəti məktəblərdə istifadəyə yaramır. Nazirlik isə bu davranışı təkcə pis başlanğıc yox, həm də qərəzli, təkəbbürlü və ədalətsiz yanaşma hesab edir. Birinci ələ düşmüş fürsətdən, ikinci impulsiv verilmış qərarların boşluqlarından bəhrələnməyə çalışır.
Əlbəttə, belə incə məsələlərdə hakimlik etmək, bu situasiyada kimin haqlı olduğunu müəyyənləşdirmək çətindir. Ağacın hansı başını çevirsən, subyektiv görünmək duyğusu yaranır. Lakin tərəflərdən birinin qırmızı xətti keçməsini də deməmək olmur. Mediaya verilən məlumatlar, rəylərdə ifadə olunan iradlar, müsahibələrdə göstərilən bəzi detallar belə bir təəssürat yaradır ki, dərsliklər ən ideal səviyyədə yazılsaydı belə, indiki halda hər şeyə qadir TQDK onu alt-üst edəcəkdi.
Mən bu məmləkətdə qapısı rüşvətə bağlı olan azsaylı qurumlardan biri kimi TQDK-ya da, uzun illərdir ki, burada ciddi işgüzar və mənəvi mühit yaratmış sədr Məleykə Abbaszadəyə də rəğbət bəsləyən adamlardanam. O, bizim mühitdə dəyərli mütəxəssis və vicdanlı məmur keyfiyyətinin bir-birinə zidd olmadığını təkcə testlərdə yox, həyatda da bacarıqla sübut edib. Bu səbəbdəndir ki, Məleykə xanımın ədalətli, obyektiv və məntiqli çıxışları çoxlarında ona rəğbət yaradıb. Amma nə qədər qəribə olsa da, mən TQDK-nın mənfi rəy verdiyi «Azərbaycan dili» (1-ci və 3-cü siniflər üçün) dərsliklərini vərəqləyərkən, məhz bu üç keyfiyyətin — ədalətin, obyektivliyin və məntiqin çatışmadığını gördüm. Dildən, dərslikdən və metodikadan başı çıxan bir adam kimi monitorinq tələsi ilə üz-üzə qalmış dərslik müəlliflərinin indi hansı hisslər keçirdiyini yaxşı anlayıram.
Dərslik, xüsusən orta məktəblər üçün yazılan dərslik, xüsusi yanaşma, həssaslıq, dil bilgisi, metodik incəlik və psixoloji duyum tələb edir. Aşağı sinif dərsliklərini yazmaq isə bir cəhənnəm əzabıdır, uzun illər, səbir, hövsələ, ciddi axtarış lazımdır. Müqayisələr aparmaq, psixoloqla, şıltaq rəssamlarla işləmək, az qala hər detalı, hər işarəni, kitabın hər vərəqinin hər kvadrat santimetrindəki semantikanı yüz dəfə öçüb-biçmək də öz yerində… Və birdən TQDK-nın əliqılınclı ekspertləri peyda olur və səni tənbeh eləməyə başlayırlar. Onların «bu cümlələri niyə biz istəyən formada yazmamısınız» sualı adama sivrilmış qılıncdan da qorxulu gəlir.
İstənilən mübahisəyə, o cümlədən dərslik kimi həssaslıq tələb edən məsələyə vicdanlı və qərəzsiz yanaşma vacibdir. Həm də vicdanı ildə bir-iki dəfə epizodik oyananların yox, bütövlükdə böhranlı məqamlarda söz deməkdən çəkinməyən adamların danışması vacibdir. Bu baxımdan obyektivliyinə inandığım bir çox təhsil ekspertləri dərslik monitorinqinin obyektivliyinə ciddi şübhə ilə baxır, «burada açıq şəkildə maraqlar toqquşmasına yol verilib», «vaxtilə dərslikləri keçməyən şəxslərin mətbuatda söylədikləri iradların əksəriyyəti yekun rəyin nəticə hissəsində öz əksini tapıb», «burada müasir monitorinq metodikasından əsər-əlamət yoxdur» deyirlər.
Müasir proseslər bizi sistemli düşüncə sərhədlərinə gətirib çıxarıb. Məncə, TQDK monitorinqin məhz sistemini və formatını düz tapmayıb. İkincisi, dəsliklərə yanaşmada dəqiq kriteriyaların olmaması da çox aydın görünür. Məsələn, konkret olaraq 1-ci sinif «Azərbaycan dili» dərsliyinə hansı kriteriyalarla yanaşmaq lazımdır» sualı havadan asılı qalıb. Elə bu səbəbdəndir ki, konseptual məsələləri əks etdirməli olan ekspert rəyində «qarpızın yerdə qalan dilimləri hardadır», «filan yerdə vergül qoymayıblar», «niyə kukla yox, gəlincik yazıblar», yaxud «şəkildə adamın ağzı niyə açıqdı» kimi qeyri-ciddi, TQDK-nın nüfuzunu aşağı salan və lətifəvari «iradlar» yer almazdı.
İndi ya zəlzələdən, ya vəlvələdən dərsliklərlə bağlı yaranmış vəziyyət təhsillə maraqlanan hər kəsi düşündürür. Sanki hücum əmri almış TQDK ekspertləri qılıncı qına qoyana oxşamırlar, Təhsil Nazirliyinin təmkinli görünən nümayəndələri də geri çəkilmək fikrində deyillər. Yaxşı ki, dərslik müəllifləri də danışıb və xeyli ciddi arqumentlər səsləndiriblər. Bir şey də məlum olub ki, məmləkətdə intriqa mərəzi şiddət etməkdədir. Şiddət çanağının kimin başında çatlayacağını proqnozlaşdırmaq çətindir, amma indiki halda dərsliklərin ekspert qərəzinə və monitorinq tələsinə tuş gəlməsini demək çətin deyil…
Aynanın yeni köşə rubrikasından.