İnformasiya Texnologiyaları Universiteti yaradılır
Ölkə prezidenti İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, İnformasiya Texnologiyaları Universiteti yaradılıb, Nazirlər Kabinetinə bu universitetin Nizamnaməsinin layihəsini hazırlayıb iki ay müddətində prezidentə təqdim etmək tapşırılıb. NK İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi ilə əlaqədar 2013-cü il üçün dövlət büdcəsindən və 2014-cü il və növbəti illər üçün dövlət büdcəsi layihələrində vəsaitin ayrılmasını nəzərdə tutmalı, universitetinin bina və lazımi avadanlıqla təmin edilməsi üçün müvafiq tədbirlər görməlidir. Təhsil Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə informasiya Texnologiyaları Universitetində 2013-2014-cü tədris ilindən etibarən təhsil prosesinə başlanılmasını təmin etmək və bu Sərəncamdan irəli gələn digər zəruri tədbirləri həyata keçirmək tapşırılıb.
Məqsəd ölkənin sosial-iqtisadi inkişafında və gündəlik həyatın müxtəlif sahələrində yeni texnologiyaların tətbiq dairəsinin sürətlə genişləndiyini nəzərə alaraq, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etməkdir.