İndoneziya səfiri: «Bu rəqəm 2-3 milyard dolları da keçə bilər»
İndoneziyanın Azərbaycan səfiri Prayono Atiyanto bildirib ki, onun ölkəsi ilə Azərbaycan arasında 20 il əvvəl qurulmuş, kifayət qədər sıx əlaqələr var. Səfir jurnalistlərə açıqlamasında deyib, bu iki ölkə hər sahədə
bir-birinə dəstək verir: “Biz yalnız siyasi əlaqələri deyil, digər sahələrdə də əlaqələrimizi inkişaf etdirməliyik. Azərbaycanla İndoneziya arasında ticarət əlaqələri inkişaf etməkdədir. Bizim ticarət dövriyyəmiz demək olar ki 1 milyard dolları keçib, bu rəqəm 2-3 milyard dolları da keçə bilər. Biz bunun üçün çalışırıq”.
Atiyanto ikitərəfli mədəni əlaqələrin də inkişaf etməsini vurğulayıb: “Azərbaycan Dillər Universitetində artıq İndoneziya Araşdırmalar Mərkəzi fəaliyyət göstərir. Bu da əlaqələrin inkişaf etdirilməsində əsas amillərdəndir”.
İndoneziyada Azərbaycan tərəfindən tikilməsi planlaşdırılan neft emalı zavodu barədə toxunan səfir bildirib ki, iki ölkə arasında əsasən neft və qaz sahəsində əlaqələr güclüdür və zavodun tikintisi iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün çox faydalı ola bilər.
Səfirin bildirdiyinə görə, gələn il Azərbaycan və İndoneziya prezidentlərin qarşılıqlı səfərlərin həyata keçirilməsi planlaşdırılır.
Onun sözlərinə görə, prezidentlərin qarşılıqlı səfərləri ikitərəfli əlaqələrin inkişafı üçün çox vacibdir. P. Atiyanto səfərlərin təşkili ilə bağlı danışıqların getdiyini deyib: “Səfərlər çox güman ki gələn ildən baş tutacaq”.
Bakıda İndoneziyanın müstəqillik əldə edilməsinin 68-ci ildönümü ilə əlaqədar tədbirdə ölkəmizdə yaşayan bu ölkənin vətəndaşları, diplomatlar, İndoneziya dilini və mədəniyyətini öyrənən tələbələr iştirak edib. Tədbirdə İndoneziya bayrağı qaldırılıb, dövlət himni səsləndirilib.
İndoneziyanın Azərbaycandakı səfiri Prayono Atiyanto qeyd edib ki, onun təmsil etdiyi ölkə 1945-ci ilin avqustun 17-də müharibə yolu ilə müstəqilliyini əldə edib və buna görə də, bu bayram İndoneziya xalqı üçün çox vacibdir. Səfir çıxışda ölkələrimiz arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Tədbiri sonun bayram tortu kəsilib, qonaqlar İndoneziya kulinariyasının müxtəlif örnəklərindən dadına baxmağa imkan qazandılar.