Muəllif:

“İndi birindən soruşanda ki, sən kimsən, deyir bəstəkaram”

Uzun illər həm kiçik mahnı, həm də boyük musiqi əsərlərini musiqi xəzinəmizə bəxş edən, həyatın fəlsəfəsi ilə yaşayıb-yaradan xalq artisti, bəstəkar Faiq Sücəddinovla söhbətə “bu günkü yaradıcılıq baxışları hansı yollarla keçir və bəstəkar üçün musiqinin sehrinə düşmək nədir?” – sualı ilə başladıq:

— Musiqi damın üstündə olan şimşəkçəkən cihaza bənzəyir. Onun içinə girəndə rahat olursan. Orada nə qədər şimşək çaxsa da sənə heç nə dəymir, çünki sən o musiqinin içindəsən. Hərdən Alim Qasımova deyirəm ki, Alim, sən barmağını yuxarı qaldıranda, mənə elə gəlir ki, yuxarı ilə əlaqədə olursan. Bəlkə o özü də fikir verir ki, hansısa anda ayrı bir xəttə gəlib çıxır. Bax, yaradıcılıq prosesi budur. Hərdən özündən çıxırsan və bir də görürsən ki, ayrı aləmdəsən. Bu, sevgi ilə bağlıdır. İnsanın qəlbində sevgi olmaldır. İnsan sevgisiz yaşaya bilməz. Sevgi o demək deyil ki, sən həmişə Məcnun, yaxud Leyli şəklindəsən. Ümumiyyətlə, insanın sevgisiz yaşamağı çox çətin şeydir. Sevginin yanında mərhəmət də var, xeyriyyəçilik də. Sevginin yanında insan böyüyür və insanlara ancaq xoş şeylər bəxş edir. Həyat mürəkkəbdir. Hər gün siz gördüyünüzü mən də görürəm, siz bölüşdüyünüzü mən də bölüşürəm. İnsan həyatda vətənpərvər olmalıdır. İnsan bir şeyə, bir əqidəyə qulluq eləməlidir. Mənim ömrüm boyu bir əqidəm olub — həmişə mədəniyyətdən danışmışam. Bu da bir abidədir. Kobudluğu, köntöy sözləri xoşlamamışam. Hərdən olub ki, nəyisə səhv demişəm, amma sonra onun əzabını çəkmişəm. Axtarmışam o adama deyim ki, belə şeylər olur həyatda, sən fikir vermə. İnsan həyatda çox diqqətli olmalıdır. Çünki Allah var və biz onun nəzarəti altında yaşayırıq. İnsan diqqətli olmalıdır ki, bir gün əməlləri o biri həyatda onu peşman etməsin. Həyat davam edir, biz hər gün maraqlı və maraqsız insanlarla görüşürük. Bəzən görürsən ki, qarşındakı insan hansısa bir kürsünün sahibi deyil, amma o qədər maraqlıdır ki, onunla söhbət etmək sənə zövq verir. Maraqlı insandan hər gün nə isə informasiya, bilik götürürsən. Maraqsız insandan nə götürəsən? Həyat informasiyadır, həyat mübarizədir və insan hər gün öz lazımlılığını həyatda təsdiq eləməlidir. Mən Allahımdan çox razıyam, çünki mənim rəisim olmayıb, mən azad insanam.

— Ruhən azad, azad olduqca kamilləşən insanın həyatında, həm də bir narahat insan obrazı formalaşır. O, ətrafında baş verən proseslərə biganə qala bilmir. Problemlər həmişə onu narahat edir. Sizi sıxan nədir?

— Mən Fikrət Əmirovla tanış idim. O, həyatında demək olar ki, heç bir yerdə işləməyib. Azad bəstəkar olub. Qara Qarayev Konservatoriyanın müəllimi olub, o da azad olub. Ona görə ki, o həm müəllim, həm də bəstəkar kimi iki fəaliyyəti çox gözəl səviyyədə aparıb. Müəllim kimi o, Üzeyir bəydən sonra Azərbaycanın bəstəkarlıq məktəbini daha da yüksək səviyyəyə çatdırıb. Onun tələbələri öz əsərləri ilə Azərbaycanı bütün dünyada təmsil ediblər. Odur ki, yaradıcı insan azad olmalıdır. O çərçivəyə girəndə musiqisi də, qəlbi də azad olmur. Bu gün mən öz sənətimlə bağlı deyə bilərəm ki, sözlər çox ucuzlaşıb. Mahnı janrının səviyyəsini aşağı salıblar. Məsələn, indi birindən soruşanda ki, sən kimsən, deyir bəstəkaram. Axı savadçsız adamdan bəstəkar ola bilməz. Allah tərəfindən nə qədər istedad verilsə də, elmi olmasa onun yüksək nəticə alması mümkün deyil. Tutaq ki, həkim tibb elmini bilməyə-bilməyə heç vaxt türkəçarə müalicə aparıb şəfa verə bilməz. Məsələn, filologiyanın öz qanunları var. Sən bilməlisən ki, nöqtəni, vergülü harda qoymalısan. Deməli, suyun axını, oduğu kimi, qələmin də axını var. Sən elə-belə sözün, cümlənin xatirinə yaza bilmərsən. Bunun da bir elmi var.

Bu gün sirr deyil ki, bəzi televiziya verilişləri axsayır, bərbad vəziyyətdədir. Verilişlər çox xoşagəlməyən səviyyədədir. Televiziya ibratamiz bir qutudur. Ordan ictimaiyyətə ibratamiz sözlər gəlməlidir, mədəniyyət gəlməlidir, insanlar ora baxıb nəisə qazanmalıdır. Nəyinsə xatirinə dəyərlərimizin itirilməsinə yol vermək olmaz. İndi çılpaq adam efirə çıxırsa, düşünürlər ki, ondan böyük reytinq qazanmaq olar. Bir müddət evlənməklə bağlı verilişlər verirdilər. Bu, Türkiyə telekanallarından götürülüb. Mən insanların gəlib televiziyada evlənməsinə inanmıram. Bizim öz adət-ənənələrimimz, öz evlənmək formalarımız var. Ola bilər ki, toylarımızı çox böyük şəkildə edib israfçılığa yol verirlər, amma bütün bunlarla yanaşı, bizim öz mədəniyyətimiz var. Türkiyədəki belə evləndirmə proqramlarında yaşlı insanları evləndirirlər. Onlar 100 ildir demokratiya şəraitində yaşayırlar, biz isə 20 ildir. Biz hələ cavanıq. Yaşımız belə verilişlərə keçməyə imkan vermir. Digər tərəfdən, mən deməzdim ki, hamısını televizya edir, internet də böyük bir bəladır. Məsələn, meyxana və bəzi ritm deyilən şeyin üstündə yazılan nələrsə musiqi deyil. Bu hansısa sözlərdir, meyxana şəklində yazılır və bu da çox aşağı səviyyədədir. O bizim cavanları pis yerlərə aparır. Orda «damardan», «iynədən» danışır. Pis ifadələr işlədilir. Vaqif Səmədoğlunun televiziyada dediyi bir söz yadıma düşür. Deyir, mən uşaqlarımdan qorxmuram, nəvələrimin aqibəti məni çox incidir. Dediyim odur ki, həyat gedir və hansısa uşaq, hansısa yeniyetmə belə şeylərə qulaq asa-asa, yaxşı yola gedə bilməz. İmperiya zamanında deyilən sözlərə baxın: «Vətən əlifbadan başlayır». Baxın, nə gözəl sözdür. Belə şeylərin üzərində dayanmaq lazımdır. Uşaq gözünü açandan vətən deyir və o, vətən nəfəsi, sözü ilə böyüyür, yaşayır.

— Mahnı janrının korlandığından və zövqsüz musiqiləri yaradan bəstəkarlardan danışdınız. Sizcə nəyə görə birdən-birə zövqsuz bəstəkarlar və özlərinə uyğun da müğənnilər bu dərəcədə çoxaldı?

— Onlara bəstəkar demək olmaz. Onlar ritm tutub meyxana deyirlər. Bir də mənə elə gəlir ki, zavod, fabrik bağlandı, yaxıd, hansısa insanlar gördülər ki, bəzi müğənnilər dəbdəbəli yaşayırlar, bunlar da elə bildilər ki, musiqidə yaxşı pul var. Bu gün toy tuturlar, bunlar da hamısı müvəqqətidir. Kiminsə sənətə gəlməklə birdən-birə maşın, villa qazanması uydurma, fantastik bir şeydir.

Ən ağır faciəli filim olsa da insan ora gülmək üçün gedir. Baxır ki, faciədir, oğulla atanın arasında böyük problem yaşanır. Gözləyir, hansınınsa ayağı büdrəyəndə başlayır gülməyə. Faciə onu tərpətmir. Ən bayağı söz, fikir insana daha da yaxın olur. İnsan istəmir beynini yorsun. Məsələ burasındadır ki, bu gün bayağı verilişlər çoxdur, o bayağı verilişlərə baxan da çoxdur. Ciddi nəsə göstərəndə bəzi insanlar deyirlər ki, bu maraqsız oldu, keçir başqa şeyə. Başqa şey də nədir: bunun evi necə oldu, ayaqqabısı necədir və s. Amma mən belə şeylərə baxmıram. Mənim üçün maraqsızdır kim nə yeyir, kim nə içir, özü bilər, qarnının yiyəsi özüdür. O bayağılıqdan qaçmaq lazımdır. Hamımızın övladı var. Hər bir adam istəyir ki, övladının gələcəyi yaxşı olsun, tərbiyəli böyüsün. Əgər bu gün özü elə verilişlərə baxırsa, onda necə olacaq? Bir az özü də fikirləşsin ki, mənim övladım böyüyür, gəlin bir az ağıllı, dərrakəli vətəndaş böyüdək.

— Artıq bir neçə ildir ki, musiqi, söz səltənətində olan xaric amilləri müzakirə edən insanlarımız bunun keçici ağrı olduğunu deməklə təsəlli axtarırlar. Deyirlər ki, zaman özü hər şeyi ələkdən keçirib, layiqli sənətkarları öz kürsüsündə əyləşdirib, bayağıları kənara atacaq. Artıq buna ümid etməyə alışmışıq.

— Mən bu sözləri 10 ildir eşidirəm. Bu fikirlərlə razı deyiləm. Çünki bəzi adamlar özünü general hesab edir. Görünür, bu onun xüsusiyyətindən irəli gəlir. Ona elə gəlir ki, o, böyük bəstəkardır, böyük şairdir. Əslində isə belə deyil. Əvvəl belə idi. İstər ifaçı, istər mahnı, istərsə də sözlər yalnız senzuradan keçəndən sonra efirə layiq görülürdü. Əks təqdirdə Şura bayağı musiqinin, bayağı müğənnilərin efirə çıxmasına imkan vermirdi. Vaxtilə mənim də mahnılarım həmin senzuradan keçib və hesab edirəm ki, Bədii Şuraların olması demokratiyaya heç bir xələl gətirmir. Əksinə, televiziyanın təmiz, baxımlı olması üçün geniş imkanlar yaradır. Bu vacib şərtdir. Çünki televiziyada ancaq yaxşı və gözəl şeylər göstərilməlidir.

— Sizcə, efirdə əxlaqın, mədəniyyətin, mənəvi dəyərlərin qorunması istiqamətində açılan mövzuların tok-şoularda müzakirə predmetinə çevrilməsi nə dərəcədə düzgündür?

— Mənəviyyatdan cəmiyyətdə, insanlar arasında hörməti olan insan danışmalıdır. Məsələ burasındadır ki, çox adam özünü irəli verib, bu barədə danışmaq istəyir və guya hamıya onun nə olduğunu anlatmağa çalışır. Amma belə deyil. Televiziya hər gün mənəvi problemləri aşılayan mövzulara toxunmalıdır. Birincisi, əxlaqdan, mənəviyyatdan danışan insan özü mənəviyyatlı insan olmalıdır. İkincisi, mənəviyyatdan danışan insan son dərəcədə diqqətli olmalıdır. Çünki bu, çox ağrılı mövzudur və bu barədə çox da açıq şəkildə danışmaq olmaz. Yaddan çıxarmaq lazım deyil ki, bizi dünyada yaşayan çox xalqlar izləyir. Əgər söhbət bizim xalqın mədəniyyətindən, mənəviyyatından gedirsə, onun incə nüansları da yalnız özümüzə aiddir. Elə etmək lazımdır ki, ağılla hərəkət edib, ən incə nüanslara belə, toxunanda kimlərdəsə ikrah hissi doğurmayaq. Ona görə də televiziya vasitəsilə hər şeyi çılpaqlığı ilə demək olmaz. Əgər söhbət bizim xalqın mədəniyyətindən, mənəviyyatından gedirsə, onun incə nüansları da yalnız özümüzə aiddir. Bu cür mövzular barədə yalnız ayrı-ayrı televiziyalarda çox az dozalarda vermək lazımdır. Bundan hər gün danışmaq lazımdır ki, bizim cavanlarımız hər gün nəsə ibrət götürsünlər. Yoxsa hardasa konkret movzular qoyub, onun ətrafında tok-şoular yaratmaq lazım deyil.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 268