Muəllif:

İnauqurasida Azərbaycanı baş nazir Artur Rəsizadə təmsil edəcək

Baş nazir Artur Rəsizadə Gürcüstanın yeni prezidenti Georgi Marqvelaşvilinin andiçmə mərasimində iştirak edəcək. Bunu Marqvelaşvili ilə görüşündən sonra yerli mediaya açıqlamasında Azərbaycanın Gürcüstan səfiri Azər Hüseyn deyib. O bildirib ki, Rəsizadə bazar günü Gürcüstana səfər edəcək və Marqvelaşviliyə Azərbaycan prezidentinin təbrikini çatdıracaq.

Səfir Azərbaycan-Gürcüstan əlaqələrinin daha da dərinləşəcəyindən əminliyini vurğulayıb: “Bizim münasibətlərimizin yaxşı dinamizmi var və əlaqələr daha da genişlənəcək. Prezidentlə bunu müzakirə etdik”.

Bəlli olub ki, inauqurasiya mərasimini işıqlandırmaq üçün jurnalistlərə xüsusi şərait yaradılacaq, lakin onlar mərasimin gedişində iştirak edə bilməyəcəklər. Gürcüstanın yeni prezidentinin mətbuat xidmətinin əməkdaşı Tina Mjavanadzenin sözlərinə görə, tədbir Gürcüstan parlamentinin keçmiş binasının həyətində keçiriləcək: “Mərasimə yalnız dəvət olunan qonaqlar buraxılacaq. Jurnalistlər isə xüsusi otaqda oturub inauqurasiyanın gedişini izləyəcək, lazım olan informasiyanı əldə edəcəklər”.

Dövlət başçısı postu ilə vidalaşan, hal-hazırda Avropada görüşlər keçirən Mixail Saakaşvili yeni Gürcüstan prezidentinin inauqurasiyasına yetişməyə bilər. Prezident hazırda Brüsseldə səfərdədir.
Bir gün öncə Saakaşvili administrasiyası inauqurasiyaya dəvətin alındığını bildirsə də, yeni dövlət başçısının andiçmə mərasiminə qatılması haqqında məlumatı nə təsdiq, nə də təkzib edib. Bu yaxınlarda administrasiya rəhbəri Andro Barnov bəyan edib ki, Saakaşvili ölkə müstəqilliyinin gələcəkdə möhkəmlənməsinə əmin olduğu halda mərasimdə iştirak edəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136