Muəllif:

İnanclı cahillər

Ankara

Ay cahil insan! Şeytan sənin qəlbində oğurluq edir, heç olmasa «ya Allah» demirsən, Allahdan kömək istəmirsən?!
On ilin söhbətidir. Yaxın bir qohumum vardı. Çox cavandı. Savadlı idi. Avropa universitetlərindən birini bitirmişdi. Bir neçə xarici dil bilirdi. Amma Azərbaycana qayıtdıqdan sonra özünə iş tapa bilmirdi. Sonradan işləri yoluna düşdü. Xarici şirkətlərdən birində iş tapdı. 2000-ci illərin əvvəlləri üçün çox yüksək maaş almağa başladı.
Amma bir gün eşitdim ki, ağır, sağalmaz xəstədir. Xəstəxanada yatır. Yanına getdim. Uzun illərdi ki, bir-birimizi görmürdük. Amma əvvəllər dərin intellektə malik bu gənclə söhbət etmək mənə ləzzət verərdi. İnanclı insana çevrilmişdi. Dini inanclı insanlarla münasibətlərimdə heç vaxt, heç bir problem olmayıb. Digər tərəfdən, gənc insanda baş vermiş bu dəyişikliyin, hətta deyərdim ki, mənəvi inqilabın səbəbləri mənim üçün çox maraqlı idi. Söhbətə başladıq. Amma bir qədərdən sonra bütün marağım öldü. Məni qorxu hissi bürüdü. Elə bil ki, həyati bir təhlükə mənbəyi mənə toxuna biləcəyi qədər yaxınlaşa bilmişdi. Ən dəhşətlisi ondan ibarət idi ki, bu təhlükə mənbəyi mənim gənc qohumum idi.
Qarşımdakı insan mənim ondan fərqli bir inanca malik olmaq haqqımı tanımaq istəmirdi. Onun üçün yalnız bir həqiqət vardı. Bütün digər həqiqətləri, o cümlədən digər islami təriqət nümayəndələrinin inanclarını Allah yolundan sapma kimi dəyərləndirirdi. O vaxt onun silahı inandırma idi. Amma etiraf edirdi ki, nə vaxtlarsa iqtidar olsalar, digər həyat, yaşam tərzlərinə qadağa qoyacaqlar. Baş əymək istəməyənləri isə cəzalandıracaqlar. Bir sözlə, qarşımda, bütün savadına baxmayaraq, totalitar düşüncə tərzini təmsil edən nadan bir insan durmuşdu. Ən təhlükəlisi isə o idi ki, qarşımda duran insan doğrudan da inanclı idi. O, bu inancı naminə ölümə belə getməyə hazır idi.
O gənc qohumum çoxdan həyatda deyil. Sağalmaz xəstəliyə düçar olduğu üçün rəhmətə getdi. Allah rəhmət eləsin! Amma o qorxu, təhlükənin əl uzadılacaq qədər yaxında olması hissi məni hələ də tərk etməyib. Əksinə, bir qədər də artıb.
Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu Sumqayıtda baş verən atışma ilə bağlı məlumat yayıb. DİN-in mətbuat xidməti bildirir ki, dekabrın 11-i saat 20.30 radələrində Sumqayıt şəhərinin 10-cu mikrorayonundakı «Çay evi»ndə ekstremist təmayüllü «Xəvaric»lər və «Sələfi»lər təriqətinə mənsub bir qrup şəxs arasında fikir ayrılığı zəminində münaqişə baş verib. Münaqişə nəticəsində şəhər sakinləri Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri alıblar. Daha sonra «Çay evi»nin önündə davam edən mübahisədə qumbara və avtomat silahlardan istifadə edilib. Bu zaman hadisə iştirakçılarından «Təzə Corat» qəsəbə sakinləri Elşən Musayev və Elnur Nəzərəliyev qəlpə yaraları alıblar. Xəsarət alan E. Məmmədli və E. Nəzərəliyev xəstəxanaya yerləşdirilib, durumları qənaətbəxşdir. Sumqayıt şəhər polis idarəsi və şəhər prokurorluq əməkdaşları hadisə yerinə gəlib, əməliyyat-axtarış tədbirləri, istintaq hərəkətləri həyata keçirilib, maddi sübutlar götürülüb. Silahlı münaqişənin iştirakçısı olan 5 nəfər saxlanılıb. Ölkəni tərk etmək istəyən Sumqayıt şəhər sakinləri Zaur Paşayev və Murad Məhərrəmov saxlanılıblar. Şübhəli şəxs qismində axtarılan Elçin Əkbərovun yaşadığı evə baxış zamanı 2 ədəd qumbara aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Əməliyyat-istintaq qrupu hadisənin digər iştirakçılarının da müəyyənləşdirilərək, məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirləri davam etdirir.
Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləmdən duanın əzəməti haqqında bir hədis nəql olunur. Həzrət öz əshabına buyurur: İstəyirsiz xalqın ən paxıl, ən aciz, ən zülmkar, ən oğru, ən tənbəlinin kim olduğunu sizə xəbər verim?
Həzrət buyurdu: Xalqın içində ən paxıl o adamdır ki, bir müsəlmanın yanından keçə, amma ona salam verməyə. Salam vermək elə bir şey deyil ki, onda da paxıllıq edəsən. Salam verməyin yüz savabı vardır. Onun doxsanı salam verənə, qalan onu isə salamın cavabını verənə çatır. Başqa bir cəhətdən salam vermək vəhdət və birlik yaradır. Xalqın ən tənbəli o adamdır ki, bekar ola, eyni zamanda da Allahın zikri ilə məşğul olmaya. Zikr etmək ki, çətin bir iş deyil. «Kafi» kitabında rəvayət olunur ki, əgər bir adam gündə 100 dəfə «la ilahə illəllah» desə, heç kəsin ondan çox əməli olmaz. Yalnız ondan çox «la ilahə illəllah» deyənin əməli onun əməlindən çox olar.
«Xalqın içində ən zülmkar adam o kəsdir ki, mənim (yəni Həzrət Peyğəmbərin) adımı eşidir, lakin salavat çəkmir».
Doğrudan da, bizim ruhani atamız və bizə böyük yol göstərən Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-in adını eşidib salavat çəkməmək nə qədər də böyük zülmdür. Bundan əlavə salavat çəkmək insanın özü üçün də savabdır. Bu, hədis kitablarında yazılıbdır. Xalqın ən oğrusu namazından bir hissəsini oğurlayan adamdır. Məsələn, ruku zikrini düz əda etmir, diqqətlə namaz qılmır, sözlərində və fellərində qərar tapmır, səcdəyə çatmamış səcdənin zikrini deyir. Namaz Allah əmanətidir, gərək ona çox əhəmiyyət verək.
Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm hədisin arxasınca buyurur:
«Xalqın ən acizi o adamdır ki, dua etməyə acizlik edir». Bu hissə bizim söhbətimizə aiddir. Giriftar olur, amma Allaha üz tutub kömək istəmir. Elə bil ki, ölü kimi nəfəs çəkmir, elə bil ki, oğru bir nəfərin evini çapır, amma ev sahibi heç olmasa qışqırmır. Ay cahil insan! Şeytan sənin qəlbində oğurluq edir, heç olmasa «ya Allah» demirsən, Allahdan kömək istəmirsən! İnsan qəlbinin dərdini bilib dua etmirsə, necə ola bilər? Quşa da güllə dəyəndə qol-qanad çalır. Bizə güllə dəyibdir, bəlkə bizim namazımız qəbul olubdur?! Biçarə o adamdır ki, nalə də etmir. İmam Zeynül Abidin əleyhissalam nalə edərək İlahinin dərgahına ərz edir:
«Günah məni yerə yıxıbdır, Sən məni qaldır».
Allaha asi olmaq fikrim yoxdur. Amma…
Vaxtilə topluma cahilliklə mübarizə üçün göndərilən bir inanc bu gün cahilliyin təntənəsində çox güclü bir silaha çevrilib. Çünki ondan cahil və nə qədər əcaib səslənsə də, inanclı insanlar ordusu yaradılmasında istifadə olunur. Və bu ordunun döyüşçülərinin sayı gündən-günə artır.
Mən nə inanclı insanların mövcudluğunun, nə də onların sayının artmasının əleyhinəyəm. İnsanın inanclı olması çox gözəl bir şeydir. Əslində, bu, konkret fərdin hər hansı bir dəyərlər toplusunu mənimsəməsi deməkdir. Bu baxımdan hər bir insanın inanclı olması onun həyat tərzini həm özü, həm də ətrafdakılar üçün daha anlamlı edir. Mən yalnız bütün digər inancların mövcudiyyət haqqını rədd edən, həmin inancların daşıyıcılarının məhvini haqq sayan mütləq bir inancın var olmaq haqqını tanımaq istəmirəm. Əslində mən deyil, bu, guya ki, Allah «aşiqləri ordusu» Yaradana asi olurlar. Çünki özlərini Allaha şərik edirlər. Onlar Yaradanın yerinə nəyin «haqq», nəyin «nahaqq» olduğunu müəyyənləşdirmək hüququnu mənimsəyirlər. Özü də bunu Allahın adı ilə edirlər.
Yuxarıda qeyd etdiyim kimi bu «aşiqlər ordusu» döyüşçülərinin sayı gündən-günə artır. Onlar heç vaxt əksəriyyət olmayacaqlar. Amma sizi əmin edirəm ki, bu cür totalitar düşüncə tərzinin cəmiyyətə təsirini neytrallaşdıra biləcək samərəli bir vasitə tapa bilməsək, gec-tez onlar öz iradələrini bizə qəbul etdirəcəklər. Bir həqiqəti anlamaq lazımdır ki, söhbət sarsılmaz inanca malik cahillər ordusundan gedir. Belə insanlar üçün hayatlarının önəmi yoxdur. Öz həyatına önəm verməyən insan başqalarının həyatını dəyərləndirə bilməz.
Əslində dəhşətli bir metamorfozanın şahidi oluruq. Özlərini Allahın ən sadiq qulları sayan fərdlər birdən-birə ətraflarındakı insanlarla münasibətdə özlərini əfv etmək və cəzalandırmaq haqqına malik yeganə məqam olan Yaradan səviyyəsinə qədər yüksəldirlər. Cəmiyyətdə belə insanların sayı çox ola bilməz. Amma müəyyən bir həddən sonra onlar qarşısıalınmaz bir gücə çevrilirlər. Çünki inanclı və Yaradanı dərk etmək səviyyəsinə qədər yüksəldiyinə inanan cahil fərdlərdən fərqli, sıradan insanlar həyatı çox sevirlər. Əslində həyat sıradan olan bizlər üçün ən böyük dəyərdir. Sözsüz ki, iş açıq toqquşma həddinə gəlib çatarsa, bizlərin qalib gəlmə şansı yoxdur.
Əslində indi toplumun simpatiyasını qazanmaq uğrunda mübarizə gedir. Əslində mübarizəni onlar aparırlar. Biz isə onlara yardım edirik. Ədalət, daha doğrusu, mövcud ədalətsizlik onlar üçün liberal-demokratik həyat tərzinə qarşı mübarizədə ən güclü silahdır. Toplumda ədalətin təntənəsinə inam azaldıqca onların gücü artacaq. Onlar üçün bizim hamımızın «inanclı cahillərə» çevrilməmiz lazım deyil. Onlar üçün vacibi bizim «inanclı cahilləri» ədalətsizliyə qarşı səmimi olaraq və ardıcıl mübarizə aparan yeganə güc kimi qəbul etməyimizdir. İndiki şərtlər daxilində həmin anın gəlib çatması qaçılmazdır. Həmin anın gəlib çatdığını hiss edən kimi onların qarşısında dura biləcək bir güc olmayacaq.
Cəmiyyət tərəfindən bütün ədalətsizliklərin mənbəyi kimi qəbul edilən hakimiyyət isə həmin anın daha tez gəlib çatması üçün əlindən gələni edir. Birincisi, digər ölkələrdə də ədalət nümunəsi ola biləcək dövləti yönətən hakimiyyət, yəni konkret iqtidar olmaq çox çətindir, demək olar ki, mümkün deyil. Amma iqtidar dövlət adına ədalətin mümkünlüyünə inamı, cəmiyyətdə gözləntini qoruyub saxlamalıdır. Əks təqdirdə cəmiyyətdə öncə apatiya, daha sonra isə yeni, əksər hallarda radikal dəyərlərə simpatiyanın artması qaçılmazdır. Bizim cəmiyyətimiz artıq apatiya mərhələsindədir. Yəni insan haqları pozulur, susuruq. Demokratik dəyərlər ayaq altına atılır, seçkilər ədalətsiz keçirilir — səsimizi çıxarmırıq. Qiymətlər artır — yenə də tam biganəlik. Bundan sonra hansı mərhələnin gələcəyini artıq dedim. Hakimiyyət isə bu təhlükəni görmür, heç görmək də istəmir. Əslində iqtidar bu apatiya mərhələsinin sonsuza qədər uzanmasında maraqlıdır. Çünki işinə yarayır.
İkincisi, iqtidarın daha bir, amma indiki antidemokratik şərtlər daxilində qaçılmaz səhvlərindən biri də ondan ibarətdir ki, bu «inanclı cahillərə» qarşı ənənəvi, yəni demokratik müxalifət adlanan opponentlərinə qarşı istifadə etdiyi vasitələrlə, yəni repressiyalarla mübarizə aparır. Bəzən deyərdim ki, daha amansız olur. Əslində «inanclı cahillərə» bundan böyük yardım ola bilməz. Çünki beləliklə məhz hakimiyyət «inanclı cahillərin» «əzabkeş» obrazını yaradır…
[email protected]

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 373