«İn Vino Veritas»ın ruscası
İstanbul
«İn vino veritas» latınca «Həqiqət şərabdadır» deməkdir. Bu məhşur deyimin əslində doğrusu belədir — «İn vino veritas, in aqua sanitas», yəni «Həqiqət şərabda, sağlıq isə sudadır». Fərqli interpretasiyası da var — «İn vino veritas multum miqritum» — «Həqiqət dəfələrlə şərabda batmışdır»…
Türkiyə parlamenti keçən həftə «içki yasağı» deyə bilinən «Spirtli içkilərin satışı və istifadəsi qaydalarına yeni düzəlişlər»i qəbul etdi. Bundan bir qədər əvvəl isə Baş nazir ayranın milli içki olduğunu bəyan etmişdi. Nə bu bəyanat, nə də qəbul edilən düzəlişlər «Həqiqət ayrandadır» deyə yeni bir deyim ortaya atmağa imkan vermədi, türk dili yeni bir deyimlə zənginləşmədi. İqtidardakı AK partiyanın «içki» yasağını bu qədər sürətlə parlamentdən keçirməsi böyük polemikalara səbəb olub. Hətta ingilislərin The Times qəzeti belə mövzuya geniş yer ayıraraq «Diqqətli olun» başlıqlı baş yazısında (!) bu qadağaların gələcəkdəki ciddi yasaqların ayaq səsləri olduğunu yazıb. Qəzet spirtli içkilərin satışına qoyulacaq məhdudiyyətlərin iqtidarın öz elektoratını məmnun etmək üçün gətirdiyini qeyd edir.
İqtidar əsas məqsədlərinin «gəncləri spirtli içkilərdən qorumaqdır» deyir. Halbuki Konda araşdırmalar şirkətinin keçirdiyi rəy sorğusuna görə, Türkiyədə xalqın 76,9 faizi ümumiyyətlə içki içmir. Sorğunun nəticələri ölkədə «əyyaş gəncliyin» olmadığını göstərir. Həqiqətən də Türkiyədə alkoqolizm kimi bir ictimai problemin varlığına dair kiçicik bir statistik göstərici yoxdur. Sosial bəla kimi alkoqolizm mövcud olduğu ölkələrdə çılpaq gözlə belə müşahidə olunur. İstanbulda gecə həyatının ən başdöndürücü yaşandığı səmt olan Taksimdə soyuqdan donub ölən sərxoş görə bilməzsiniz, metroda və ya küncdə-bucaqda sızıb qalan insana rast gələmməzsiniz. Olsa-olsa əlində pivə olan gənclər görə bilərsiniz.
Pivə demişkən… 1950-ci illərdə, təkpartiyalı iqtidar illərində pivə «milli içki» elan edilmişdi. İllər əvvəl pivəyə xüsusi status vermək bildiyini necə zorla yeritmək idisə bu gün ayranı «milli içki» adlandırmaq da o qədər zoraki bir addımdır. Spirtli içkilərin haram olduğunu qəbul edən müsəlman ölkələrin çoxu kimi Türkiyədə də bəziləri içki istehlakı ilə sərbəstlik, azadlıq testləri arasında bir mütənasiblik axtarırlar. Əslində isə «sərbəstlik testinin» tək bir göstəricisi var — «Sərbəstlik fərdlərin həyatları, davranışları ilə qərarların özləri tərəfindən verilmə haqqındadır».
İçki qadağaları dünyanın hər tərəfində mübahisə mövzusudur. İfrat dərəcədə içki içilən Skandinaviyada, Rusiya, İngiltərə, İrlandiya kimi ölkələrdə qadağalar indiyə kimi ciddi bir nəticə verməyib. Və qəbul edilən yanlış qərarlar daha sonra ləğv edilib. Amerikada 1930-larda «içki yasağı» kriminal vəziyyəti pisləşdirərək mafiyanın qol-qanad açmasına səbəb olmadımı? Andropov yasaqları çökməkdə olan Sovetlərdə böyük fəsadlara yol açmadımı? İndi Moskva keçmişdən dərsalana oxşayır. Rusiya Duması 5 aydan çoxdur ki, içki satışı və istifadəsi ilə bağlı qaydalara dəyişiklik etmək istəyir, deputatlar ortaya ciddi bir sənəd çıxartmağa hazırlaşırlar. Türkiyə isə içki məsələsini gündəliyə ruslardan sonra çıxartmasına baxmayaraq onlardan tez qəbul elədi. Moskvadan Antalyaya köçmüş bir rus tanışım zəng vurub «Türklər də bizim kimi düşünməyə başladılar, buna inana bilmirəm», — dedi. Mən də bu haqda məqalə yazacağımı söylədim türkiyəli rus tanışıma. Dedi rusların çıxartdığı təzə bir deyim var, onu da yaz — «İn vino veritas, ergo bibamus», yəni «Həqiqət şərabdadır, deməli, gəlin içək»…
Kondanın bir başqa araşdırmasına görə isə Türkiyədə dindarların 3 milyonu içki içir. Bu rəqəm dolayı da olsa, cəmiyyətdə fərdlər arasında heç bir anlaşılmazlıq olmadığını, problemin fərdlə hakim zümrə arasında olduğunu göstərir. Amma zənnimcə, ən böyük problem yeni qaydaların bir çox sahəyə zamanla ağır zərbələr vurması ilə çıxacaq.
Yavaş-yavaş formalaşan qastronomi mədəniyyətinin inkişafdan geri qalacağı, orta sinif tacirlərin müflisləşmə riskinin artması, turizm sektoruna mənfi təsir, Avropa bazarlarında tanınıb seçilməyə başlayan türk şərab sektoruna dəyəcək zərər, illeqal içki bazarının «çiçəklənməsi» və sair. Bir qastronomi yazarının qeyd etdiyi kimi bütün bunlar içki mədəniyyətinin korlanmasına gətirib çıxaracaq. Və İstanbul restoranlarında keçmişdə olduğu kimi dönərlə konyak, kuru fasulye ilə şərab, imambayıldı ilə rakı içənlərə rast gəlib Antalyada yaşayan rus tanışımın sözlərini xatırlayacaqsınız — «Türklər də ruslar kimi düşünməyə başladılar»…
[email protected]