İmkan verilmir ki, Qubad İbadoglu Avropa məhkəməsinə şikayət etsin
Vətəndaş cəmiyyəti institutlarına təzyiq və məhdudiyyətlər artır, QHT-lərin qeydiyyatı ən aktual problem olaraq qalır. Bu haqda Turan-a qeydiyyata alınmayan QHT-lərin məsələsi üzrə qurumun koordinatoru Elçin Loğmanoğlu bildirib. Ədliyyə Nazirliyinin dövlət qeydiyyatına almadığı QHT-lər məhkəmələrə üz tuturlar. Ölkədə müstəqil məhkəmə sisteminin olmaması üzündən QHT-lərin qeydiyyat hüququ tanınmır.
Son vaxtlar bu məsələ ilə bağlı Avropa məhkməsinə müraciətlərin sayının artmasından narahat olan rəsmi Bakı məhkəməyə göndərilən sənədlərin qarşısını almağa çalışır. Belə ki, bu məsələ ilə bağlı Ali Məhkəməyə müraciət edən QHT təmsilçilərinə məhkəmə prosesinin nə zaman keçiriləcəyi bildirilmir və məhkəmə qərarları verilmir. İctimai həyatda xüsusilə tanınan şəxslərə qarşı bu iş daha ciddi şəkildə həyata keçirilir.
Vətəndaş cəmiyyətinin fəallı, beynəlxalq ekspert Qubad İbadoğlu rəhbərlik etdiyi İctimai Təşəbbüslər Mərkəzi ilə bağlı 2013-cü il martın 27-də Ali Məhkəməyə iddia təqdim etsə də hələ də Ali Məhkəmədən məhkəmənin nə zaman keçiriləcəyinə dair bildiriş ala bilməyib.
Artıq bir neçə aydır ki, Ali Məhkəmə bu məsələ ilə bağlı qərar versə də qərar iddiaçılara təqdim olunmayıb. Qaydalara görə isə Avropa məhkəməsinə qərar qəbul oldunğu gündən 6 ay müddətinə qədər şikayət etmək hüququ var. Yayda qəbul edilmiş qərarın tarixi və vaxtı haqqında təsisçilərə heç bir məlumat verilməyib.

