Muəllif:

İlqar Məmmədov və Tofiq Yaqublu həbsdə qalacaq

Dünən Bakı Apellyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və REAL hərəkatının sədri İlqar Məmmədov haqqında həbs qətimkan tədbirinın dəyişdirilməsi ilə bağlı məhkəmə prosesi idi. Hər iki proses günün birinci yarısına təyin olunsa da, yalnız T.Yaqublunun şikayətinə baxılıb. Amma bu şikayət də təmin olunmayıb. Bu barədə «Turan»a Tofiq Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.
Onun sözlərinə görə, apellyasiya şikayətində onun həbs qətimkan tədbirinin ləğvi istənilib. Lakin hakim şikayəti təmin etməyərək birinci instansiya məhkəmasinin qərarını qüvvədə saxlayıb. Vəkil bildirib ki, başqan müavini məhkəmədə həbsinin siyasi sifarişli olduğunu və siyasi fəaliyyətinə görə həbs olunduğunu deyib.
Atılacaq addımlara gəldikdə isə vəkil qeyd edib ki, bundan sonra T.Yaqublunun həbs qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə məhkəməyə ərizə ilə müraciət olunacaq.
Onu da qeyd edək ki, məhkəmə qapalı keçirilib. Lakin məhkəmənin önündə bir çox ictimai-siyasi xadimlər, gənc fəallar olub. Bununla bərabər, Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia da orada olub. Belə ki, saat 15.00-da İ.Məmmədovun məhkəməsi olub və əlbəttə, bu proses də qapalı olub. REAL hərəkatının həmtəsisçisi Natiq Cəfərlinin «AYNA»ya verdiyi məlumata görə, İ.Məmmədovun da şikayəti təmin olunmayıb:
«Faktiki hər iki şəxs saxta ittihamla həbs edilib, bu həbsə belə heç bir səbəb, sübut yoxdur. Proses də, yəqin, ona görə qapalıdır ki, həbs qətimkan tədbirini belə əsaslandırmağa səbəb tapmayıblar».
Qeyd edək ki, fevralın 4-də İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunun barəsində yanvarın 23-24-də İsmayıllıda baş verən hadisələrlə bağlı 2 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar CM 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət və ya zor tətbiq etmə) maddələri ilə təqsirləndirilir.
Hüquq-mühafizə orqanları bildirirlər ki, İlqar Məmmədov və Tofiq Yaqublu yanvarın 24-də İsmayıllıya gedərək rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər. Məhkəmə tərəfindən günahları sübuta yetirilərsə, onları 3 ildən 7 ilədək həbs gözləyir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 394