İlqar Məmmədov: Proses açıq olsun!
Çərşənbə axşamı saat 11:00-da Şəki Ağır Cinayətlər üzrə Məhkəmədə İsmayıllı hadisələri üzrə təyin edilən hazırlıq iclası saat 16:00-a keçirilib. Turan-ın bölgə müxbirinin məlumatına görə, saat 11:00-da müttəhimləri məhkəməyə aparıblar, lakin hakimlər gəlməyiblər və iclasın vaxtının dəyişdirildiyi elan olunub.
Bu gün bütün müttəhimlərin qohumları zala buraxılıb, lakin vətəndaş cəmiyyətinin və müxalifət nümayəndələri, həmçinin bir çox jurnalist zala buraxılmayıb. Zalda REAL hərəkatının lideri İlqar Məmmədov bildirib ki, prosesin açıq olacağı barədə dövlət başçısı İlham Əliyevin söylədiklərinə zidd olaraq məhkəmə qeyri-şəffaf və qeyri-obyektiv keçirilir.
Digər müttəhim, İsmayıllı sakini Vasif İbrahimov bildirib ki, Bakı təcridxanasında Fərid adlı əməkdaş tərəfindən amansızcasına döyülüb. O, ombudsmana müraciət edib. Bundan sonra şikayətini geri götürməsi üçün ona təzyiqlər edilib.
Bununla yanaşı zalda həbsdə olanların qohumları ilə ünsiyyəti üçün şərait yaradılıb.