İlk yerdə VAZ, sonra «Mersedes»lər gəlir
Milli avtomobil parkının marka tərkibi bəlli olub. Say etibarilə ilk yerdə VAZ markalı avtomobillər gəlir. Bu heç də onlara üstünlük verilməsi ilə şərtlənmir, sadəcə ucuz olduqları üçün kasıb vətəndaşlarımıza əlyetərdir. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev çərşənbə axşamı Trend-ə bildirib ki, Azərbaycanda ən çox sürülən avtomobil VAZ markalı avtomobillərdir. Hazırda Azərbaycanda 430 mindən yuxarı VAZ markalı avtomobildən istifadə olunur.
İkinci yeri Mercedes markalı avtomobillər tutur. Belə ki, ölkədə 160 min Mercedes avtomobili sürülür. Üçüncü yerdə isə Hyundai durur. Azərbaycanda 50 minə yaxın sürücü bu markadan istifadə edir. Sonrakı dördüncü yeri (20 mindən çox) isə BMW markalı avtomobil tutur. Bu situasiya özlüyündə əhalinin sosial imkanlarının bir güzgüsüdür.
Bu gün ölkədə ümumilikdə 1 milyon 160 min avtomobil var.