İlk «qulaqkəsən prezidentimiz» ola bilər
Dövlət deməyə dilim gəlmir. Çünki dövlət dediyimiz şeyi prezident və ya parlament respublikası, monarxiya, totalitar və ya teokratik əsaslarda qurulmasından asılı olmayaraq, xarakterizə edən ümumi cəhət var. Dövlət deyilən şey xarakterinə uyğun olaraq qanunlarla idarə edilir. Bu qanunların ədalətli və ya ədalətsiz, demokratik və ya qeyri-demokratik olması məsələnin tam başqa bir tərəfidir. Ən vacibi bu qanunların həm ideoloji, həm də texniki baxımdan bəyan edilmiş dövlət quruluşuna uyğunluğu və onlara bütövlükdə riayət edilməsidir.
Məsələn, hər hansı ağlı başında olan adam İrandakı rejimi, respublika bəyan edilməsinə baxmayaraq, demokratik adlandıra bilməz. Adlandırarsa, ən azından o adamım səmimiliyinə şübhə yaranar. Amma etiraf etmək lazımdır ki, İran şəriətə asaslanan, demək olar ki, hamı üçün eyni olan vahid qanunlarla idarə olunur. Yəni hətta müasir anlamda belə İranı, demək olar ki, hüquqi dövlət saymaq mümkündür. Yəni qanunlar var. Bu qanunlar hamıya məlumdur. Bu qanunlara hamı tərəfindən riayət olunmasını təmin edən bir məhkəmə-hüquq sistemi var. Mövcud məhkəmə-hüquq sistemi hətta ən yüksək rütbəli dövlət məmuru, din xadimi bu qanunları pozduğu halda, əgər baş vermiş hadisə geniş ictimaiyyətə məlum olarsa, onların cəzalandırılmasını təmin edir. Bir sözlə, İranda özünəməxsus şəkildə vətəndaşların qanun qarşısında bərabərliyi təmin olunur. Bu uyumluluq dövlət-vətəndaş münasibətlərində müəyyən bir harmoniya yaradır və nəticə etibarilə cəmiyyətdə sabitliyi təmin edən vacib amillərdən biridir.
Sabitliyi təmin edən ikinci vacib amil mövcud dövlət quruluşunun vətəndaşların həyatının bütün tərəflərini tənzimləyən qanunların müasir dövrün tələblərinə, cəmiyyətin inkişaf səviyyəsinə və gözləntilərinə cavab verməsidir. Əks təqdirdə, heç bir dövlətdən söhbət gedə bilməz.
İndi keçək bizim Azərbaycana. «Müasir Müsavat» Partiyasının sədri Hafiz Hacıyev fevralın 12-də Daxili İşlər Nazirliyinə çağırılıb. DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlovun «Turan»a verdiyi məlumata görə, Hafiz Hacıyevə cinayətin törədilməsinə (söhbət pulla qulaq kəsməyə təhrikdən gedir) sövq edən çağırışının hüquqi nəticələri izah olunub. Eyni zamanda, baş verə biləcək hər hansı qanunazidd əmələ görə cinayətin təhrikçisi kimi məsuliyyət daşıyacağı haqda rəsmi xəbərdarlıq edilib. Hafiz Hacıyevin mövcud qanunvericilik çərçivəsində nədən indiyə qədər cinayət məsuliyyətinə cəlb olunmadığını necə anlatsın? Türklər demişkən, nə yapa bilər.
Öncədən demək istəyirəm ki, «Daş yuxular» romanı ilə bağlı hər birimizin fərqli fikirləri ola bilər. Hətta toplumun mütləq əksəriyyətinin bu romanı rədd etmək haqqı da var. Müəllifin düşüncə və sənət azadlığı çərçivəsində münaqişənin özünə və həllinə istədiyi yanaşmanı ifadə etmək hüququnu tam tanıyıram. Amma bu yanaşmanın münaqişənin həllinə yardımçı olacağına inanmıram. Məsələnin bu tərəfi ilə bağlı fikirlərimi bölüşmək istərdim. Yaqin ki, yaxın zamanda bu mövzuda bir məqalə yazacağam. Bu günə qədər yazmamağımın yalnız bir səbəbi var — müəllif və roman ətrafında əxlaq və hüquqa və nəhayət, milli maraqlarımıza zidd hadisələrin baş verməsi…
Bu gün isə məni dəhşətə gətirən başqa məsələdir. Əgər hamının başa düşdüyü dilə çevirsək, bizi və ən əsası, xarici dostlarımızı inandırmağa çalışırıq ki, həm Ə.Əylislinin «Daş yuxular» romanını yazması, həm də partiya sədrinin bu əsərin müəllifinin qulağı üçün mükafat təyin etməsi Azərbaycanda söz azadlığının təntənəsinin göstəricisidir. Özü də parlaq…
Birinci tərəfi mübahisəyə açıq, ikinci tərəfi isə ümumiyyətlə qəbulolunmaz fikirdir. Xüsusilə də demokratik dəyərlərə və hüquqi dövlət anlayışına malik insanlar üçün. Əvvəla, hər hansı bədii əsərin, hətta məzmunca ifrat qıcıqdoğuran bir romanın yazılması və işıq üzü görməsi demokratiya və söz azadlığının təntənəsi qəbul oluna bilməz. Əks təqdirdə Bulqakov və Pasternak kimi dühaların yaşayıb yaratdığı SSRİ dünyanın ən demokratik dövləti sayılardı. Ən yaxşı halda iddia etmək olar ki, müəllif Konstitusiyada təsbitini tapmış söz azadlığı hüququndan istifadə etməyə çalışıb.
İkincisi, kitabların yandırılması, sözsüz ki, xoşagələn hadisə deyil (bunu görən hər bir normal insan keçən əsrin 30-cu illərinin Almaniyasını yada salır) və bu cür «etiraz aksiyaları» ayrı-ayrı fərdlərin şəxsi istəyi ilə yox, siyasi iradənin sifarişi ilə həyata keçirilirsə, olduqca təhlükəlidir. Ən azından kitabları oda verən insanların mədəni səviyyəsi çox böyük şübhə doğurur. Amma hətta kitabların yandırılmasını belə söz azadlığı hüququndan istifadədə fərdi və kollektiv etiraz aksiyası kimi qəbul edə bilərəm. Yenə də əgər yandırılan kitablar həmin fərdlərin şəxsi mülkiyyətidirsə və kitabxanaların fondundan götürülməyibsə, çünki bu halda söhbət artıq ictimai mülkiyyətə külli miqdarda ziyan vurulmasından gedir.
Üçüncüsü və ən vacibi, H.Hacıyevin Əylislinin qulağının kəsilməsi ilə bağlı çağırışları, bu «fitva»nı həyata keçirəcək şəxs üçün mükafat təyin etməsi söz azadlığının deyil, Azərbaycanda hüququn aliliyi prinsipinə riayət olunmadığının, qanunların tətbiqində ikili standartlara yol verildiyinin parlaq göstəricisidir.
Dördüncüsü, H.Hacıyev bir insana qarşı cinayət törədilməsinə «fitva» verdi. Yəni başqalarını bu cinayətin törədilməsinə təhrik və təşviq etdi. Bizim hüquq-mühafizə orqanları və bildiyiniz kimi, xarici işlər naziri bunu söz azadlığı çərçivəsində yol verilən «xırda bir qüsur» kimi dəyərləndirdilər. Maraqlıdır, əgər mən bu məqalədə hər hansı bir nazir barədə «fitva» versəydim, bunu nə cür qarşılayardılar? Yəni, doğrudan da, deyərdilər ki, «xırda qüsurdur, çağıraq, xəbərdarlıq edək, kifayətdir, məsələni böyütməyək»? Əsla yox.
Burada bir məqam da var. Bu gedişlə Hafiz Hacıyevə, yəqin ki, növbəti dəfə prezidentliyə namizəd olmaq imkanı veriləcək. Onun Azərbaycanda söz azadlığına sadiqliyini əməlləri ilə sübut etmiş ən parlaq siyasi xadim olduğunu nəzərə alsaq, deyə bilərik ki, nə vaxtsa prezident seçilmək şansları heç də sıfıra bərabər deyil…
Nə üçün də seçilməsin. Axı onu dəstəkləyən «vətənpərvər» ziyalılar ordusu var. Bu gün «öz vətənpərvərlik mövqeyini xalqa çatdırmaq üçün» kütləvi informasiya vasitələrinin qapısında növbəyə duran onlar H.Hacıyevin «təhrik və təşviqini» dəyərləndirdilər. Çoxusu «potensial prezidentimizə» bəraət qazandırdı. Əylislini qulağı kəsilməyə layiq saydı, amma dünyanın bizi başa düşməyəcəyi, Azərbaycanın beynəlxalq imicinə xələl gələcəyi üçün fikrindən daşınmağa çağırdı. Bu cür ictimai «dəstəyə» malik «vətənpərvər» bir siyasi xadim nədən nə vaxtsa prezident seçilməsin?!
Bir sözlə, nə vaxtsa «qulaqkəsən, vətənpərvər» prezidentimiz olacağına inanmalıyıq.
Aynanın yeni köşə rubrikasından.